AZ

“Threads” sevərlər üçün yeni funksiya təqdim olunacaq

"Meta" şirkətinin rəhbəri Mark Zukerberqin paylaşdığı məlumata görə, şirkətə məxsus mikrobloq platforması "Threads" yeni spoyler mətn funksiyasını test mərhələsinə çıxarıb.

Valyuta.az xəbər verir ki, yeni funksiya ilə müəyyən söz və ya görüntülər əvvəlcədən boz rəngdə, bulanıq formada göstəriləcək. İstifadəçi isə yalnız həmin hissəyə klik etdikdən sonra onu oxuya və ya görə biləcək. Bu cür funksionallıq "Discord" və "Reddit" kimi platformalarda uzun müddətdir istifadə olunur və əsasən film, serial və ya kitab süjetlərini əvvəlcədən açıqlamamaq məqsədi daşıyır.

"Meta"nın yaydığı açıqlamada deyilir ki, bu funksiya həm istifadəçilər üçün rahatlıq, həm də platformada populyar mədəniyyət və əyləncə mövzularında daha aktiv müzakirələr aparmaq üçün stimul olacaq.

“The Last of Us' və 'The White Lotus' kimi məşhur seriallar yayımlandığı müddətdə “Threads”də daim gündəmdə olurdu. Bu isə platformada əyləncə mövzularına marağın artdığını göstərir,” – deyə şirkət bildirib.

Spoyler funksiyası yalnız süjet açıqlamalarını gizlətmək üçün deyil, eyni zamanda bəzi rahatsız edici, lakin qaydaları pozmayan görüntülər və ya mətnləri bulanıqlaşdırmaq üçün də istifadə oluna bilər.

Hazırda bu xüsusiyyət sınaq mərhələsindədir və hələ bütün istifadəçilər üçün əlçatan deyil. Funksiyanı əldə etmiş şəxslər paylaşım etməzdən əvvəl mətn və ya şəkli seçərək “spoyler kimi işarələ” seçimindən istifadə edə bilərlər.

Sərvanə Rəmixanova

Seçilən
12
valyuta.az

1Mənbələr