AZ

Bir nəfər, bir böyük hərf və bir nöqtə Rəvan Cavid yazır

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Rəvan CAVİD

Freydin yüz yerə yozulacaq kəlamlarından biridir: “Bir obyekti tapmaq əslində onu yenidən tapmaqdır”. Freydin diskursunda ölüm-dirim instinktlərini aktivləşdirən, nifrət və məhəbbət dialektikasına tabe olan, psixi aparat baxımından kifayət qədər dağıdıcı “sevgi obyekti” var: subyekt ona çatmaq, onu tapmaq üçün səy göstərməli, enerji sərf etməlidir, yaxınlaşıb toxunduqca qane edən və rahatlayan, yəni həzz alan, uzaqlaşdıqca narahat və bədbəxt olan, həzlə yanaşı, ağrıya da səbəb olan bir cisimdir. Amma bir obyektin tapılması ilk növbədə onun yoxluğuna, burada olmamasına işarə edir. Digər tərəfdən, onu tapmaq üçün “axtarmaq” lazımdır. İstək yükü ağırdır. Halbuki məsələ bir obyekti axtarmaq və tapmaqla məhdudlaşsaydı, istək baxımından işlər xeyli asanlaşardı. Çünki orada axtarış və tapma proseslərini mürəkkəbləşdirən bir parametr var: axtarılan və tapıldığı güman edilən obyekt əslində yenidən tapılıb. Bu halda ilk obyekt, bu obyektin yerləşdiyi və subyektin qeyri-müəyyən şəkildə orada məskunlaşdığı ilk “yer”, ilk “doğma zona” və ilkin ayrılıq və bütün bu ilklərdən ağrılı bir qopma məsələsidir. Subyektin istiqamətləri ilk itirilmiş obyektə, onun məkanına, möhürlənməyə və ya Leo Bersaninin qeyd etdiyi kimi, sarsılmış sədaqət müqaviləsinə yönəlib: “Obyekti yenidən tapmaq təbii olaraq bir obyektin mövcud olduğunu iddia etmək deməkdir. Lakin heç bir şey Freyddə qeyri-adi dərəcədə sadiq qaldığımız ilk obyektin statusu qədər qeyri-müəyyən deyil”.

Qeyri-müəyyən statuslu bu “birinci obyekti” tapmaq, ələ keçirmək, yenidən tutmaq imkanı var, lakin obyekt burada olmadığı kimi “orada” da olmaya bilər. Keçmiş də zaman baxımından indiki ilə gələcək arasındakı boşluğa əlavə olunur, kəsilmələrlə uzanan və əyriləşən xətt kimidir keçmiş. Əslində, bəlkə də birinci obyektin statusunda qeyri-müəyyənliyin əsas səbəbi məhz bu parçalanmış keçmişin özüdür. Sanki subyekt tərəfindən bir “an”, “yer” yaşanıb və bundan sonra bu anın və məkanın çağırışı, təcrübəni ikinci dəfə yaşamaq istəyi var. Arzunun ətrafında fırlandığı, gah yaxınlaşdığı, gah da uzaqlaşdığı bu kök obyekt, yəqin ki, sevgi və nifrət dialektikasının əsas yanacağıdır. Olduqca subyektiv görünən bu müstəvidəki hərəkətlərin təbii ki, sosial və siyasi tərəfləri də var. Həmin ilk obyektlə bağlı olan ideyalar, obrazlar, xatirələr, istəklər, təəssürat və hisslər də siyasi məzmunla yüklənir.

Fransız dramaturq Bernand Mere Koltesin poetikasının formalaşmasında axtarış aktı müvəqqəti həzdən, ideoloji illüziyalardan və tapmaq sıxıntısından qat-qat üstündür. Çarəsiz axtarışın, amma demək olar ki, heç nə tapmamağın, üstəlik, “heç yerə” çata bilməməyin, qısa müddət də olsa “otağa” sığına bilməməyin faciəvi ağrıları 1977-ci ildə nəşr olunan “Meşələrdən əvvəlki gecə”də mətnin öz zamanının bir növ manifesti kimi, metaforlar yağışı ilə müşayiət olunur. Koltesin öz sözləri ilə desək, bu mətn “tamaşa” deyil, “mənəvi bir şeydir”. Bu “mənəvi şeyin” materialı, təbii ki, istehsal olunduğu dövrün obyektiv reallıqlarından asılı deyildir. Bununla belə, mətn “mənəvi şey” kimi təkcə estetik baxımdan deyil, həm də siyasi nöqteyi-nəzərdən simptomatikdir: mövzu dünyada təkdir, “kommunist” olan “rəsmi”lər də daxil olmaqla, siyasi partiyalar, dini icmalar, siyasi arenada göbələk kimi əmələ gələn kimliklər, ailə institutu da daxil olmaqla, uzun müddətdir ki, bütün iğtişaş oyunlarına çevrilmiş kollektiv əlaqələr, etibarlılıq və sair... Mətnin yayımlandığı tarixi dövr nəzərə alındıqda: tüğyan edən kapitalizm, müasir milli-dövlət aparatı, hər bir mütəşəkkil cinayətdən diri və günahsız çıxan liberal nizam, bazarın israfçı mexanikası, 1970-ci illərdə çiçəklənən istehlak cəmiyyəti, alternativ, lakin sosialist cəmiyyətlər, alternativsiz sosial layihələr və qeyri-hökumət layihələri ilə viran qalmış subyektlər görürük. İndi neoliberal dünya səhrasında qalıq, zibil, qüsurlu bir varlıq kimi çox da tanış olmayan, öz “gecəsi” ilə tək qalan bir subyekt var. Digər tərəfdən, bu, üç illik yaza bilməməkdən, nəticəsiz intihar cəhdindən və kəskin tıxanmadan sonra gələn bir dağılmanın ifadəsi olan mənəviyyatdır. Toplandıqca bərkləşən, toplandıqca acılaşan, sükuta qərq olan “söz”ü demək üçün “forma və məzmun” qurban verilib.

Tək uzun bir cümlədən ibarət olan bu büllur parça enerjili və ehtiraslı başlanğıcdan deyil, dəhşətli bir xəyal qırıqlığı ilə axtarış aktının öz keçmişinə söykəndiyi, mümkünsüzlüyünü küçə jarqonu və əzabla ifadə etməyə çalışdığı son hissədəndir:

“Bəsdir deyirəm, bəsdir, rədd olsun bu dünya, insanlar və onların dərdləri rədd olsun, hamıdan bezmişəm (...) ayağa qalxıram, koridorlarla qaçıram, pilləkənləri necə çıxıram, çölə qaçıram, ağlıma pivə gəlir, qaçıram, pivə, pivə, bu nə yerdir belə, qadınlar, pivələr, bu nə yerdir - şaxtalı torpaq, gecə paltarında qızlar, fahişələr, qəbiristanlıqlar, qaçıram, bir şey axtarıram, bu zibil torbalarının arasında ot kimi bir şey, meşənin üstündə göyərçinlər uçur, əsgərlər tətikdədir, dilənçilər ovuclarını açır, çaqqallar ləzzətli siçovulları ovlayır, qaçıram, qaçıram, ərəb mahnılarını bilirəm, bircə mən və onlar bilir şifrəli sözləri, səni tapıram, qolundan tutub yatağa atmaq üçün bir otağa ehtiyacım var, pişik yemləri var otaqda, hər tərəfdə, onları da yemək istəyirəm, səni sevirəm qardaş, səni çox sevirəm, bu pisliyin, bu zibilliyin, bu otların üstündə səni çox sevirəm, mələkləri axtarıram, səni də axtarıram, tapmıram, pivə istəyirəm, yenə pivə istəyirəm, bir səni, bir də pivəni çox sevirəm, yağış yağsın istəyirəm, yağış, yağış, yağış...”

Müraciət edilən, arxasınca qaçan, qolundan tutduğu “qardaş”ın həqiqətən var olub-olmadığı bəlli deyil: “qardaş” da mümkün “ünsiyyətin” faili kimi itib, qarşı tərəf, “səni sevirəm”ləri alan və qəbul edən də dünyanın xaosunda amansız ehtiyac kimi axtarılır... Amma yağış onun da üstünə yağır.

Yeganə ortaq nöqtə yağış və rütubət və onları əhatə edən gecədir. Bununla belə, Koltes heç bir linqvistik və siyasi nəsnələri “təmsil” etmir, bu geniş klasterdəki varlıqların “mətbuat katibi” rolunu öz üzərinə götürmür... Onun haqqında deyilən ən yaxşı sözlər isə bunlardır: “Koltes böyük hərfdən və nöqtədən ibarət hisslər sehrbazıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
525.az

1Mənbələr