Xəbər verdiyimiz kimi, hazırda İran və İsrail arasında hökm sürən hava hücumu davam edir. Bu isə regiona yer qatını titrədəcək saysız-hesabsız güclü raketlərin atılması deməkdir. Gərginliyin tərəflərindən olan qonşu ölkə İranın da seysmik aktiv zonada yerləşməsi məlumdur. Bunu nəzərə alsaq, ard-arda güclü raketlərin atılması regionda yüksək maqnitudalı zəlzələ ehtimalını gücləndirə bilərmi?
Ümumiyyətlə, belə güclü raketlərin yer səthini sarsması zəlzələ baş verməsinə səbəb ola bilərmi?
Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, seysmoloq Qulam Babayev Referans-a açıqlamasında bu məsələyə aydınlıq gətirib.
“Son günlər ərzində İsraillə İran arasında münaqişə nəticəsində İran ərazisinə çox sayda raketlər endirilib və bu fonda xoşagəlməz hadisələr baş verir. Bu, siyasi məsələdir. Bu prosesin seysmik və geodinamika şəraitinə təsiri və bununla əlaqəsinə gəldikdə isə təbii ki, raketlərin yerə enməsi və yer səthində partlayışın əmələ gəlməsi ilə dərinlikəd baş verən heç bir geodinamik prosesin əlaqəsi yoxdur. Yəni istənilən qədər güclü raketlərin yer səthinə düşməsi zəlzələnin baş verməsinə səbəb ola bilməz. Çünki zəlzələ dərinliklərdə baş verən geodinamik, bioloji proseslərin nəticəsində formalaşır və əmələ gəlir. Dərinliklərdə piltələr piltələrlə toqquşur, qırılmalar baş verir, bu qırılmalar nəticəsində dinamik proseslərin pozulması, termal durumun pozulması nəticəsində qırılmalar baş verir və bu qırılmalar nəticəsində seysmik dalğalar paylanılır. Bu seysmik dalğalar müəyyən layların arasından keçərkən ya udulur, ya da güclənir və səthə müəyyən intensivlik formasında gəlib çıxır. Təbii ki, udularaq gəldikdə az, güclənərək gəldikdə isə yüksək intensivliklə müşahidə olunur”.
Seysmoloq bildirib ki, sözügedən hadisə sadəcə təsadüf nəticəsində baş verə bilər. Raketin yer səthinə düşməsi ilə zəlzələnin baş verməsi anı eyni vaxtda düşərsə, əmin olmalıyıq ki, bu sadəcə təsadüfdür. Belə bir ehtimal isə olduqca aşağıdır.
Fidan Vəlisoy