Elşən Manafov: “İƏT deklarativ məzmun daşıyan bəyanatlardan o tərəfə gedə bilməyəcək”
İranın xarici işlər naziri Abbas Ərakçi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Hüseyn İbrahim Taha ilə İsrailin İrana hücumlarını müzakirə edib. Ərakçi İslam ölkələrini “İsrailin bölgə ölkələrinə qarşı artan qanunsuzluğuna qarşı birgə hərəkətə keçməyə” çağırıb.
Ölkəsinin xarici hücumlara qarşı özünü müdafiə etmək hüququna malik olduğunu bildirən Ərakçi İran silahlı qüvvələrinin “təcavüz dayanana qədər İran xalqını müdafiə etmək əzmində olduğunu deyib.
Taha isə İsrailin İrana hücumlarından narahatlığını ifadə edib və hücumu şiddətlə qınayıb. Bölgədə narahatlıq doğuran gərginlik və etibarsızlığın yayılmasının qarşısını almaq və beynəlxalq hüquq pozuntularına qlobal dəstək vermək üçün çalışacaqlarını bildirən Taha İslam Əməkdaşlıq Təşkilatı vasitəsilə Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq çərçivəsində hərəkətə keçəcəklərini bildirib.
İƏT-in reaksiyası necə oxuna bilər ki, BMT ilə əməkdaşlıq çərçivəsində hərəkət olunacaq? Bu nə kimi perspektiv vəd edir?
“Səbəb əksər ərəb dövlətlərinin regionda İranın liderlik uğrunda apardığı mübarizəyə qısqanclıqla yanaşmasıdır”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov hesab edir ki, İsrailin İrana hücumundan sonra bu ölkənin xarici işlər naziri Abbas Əraqçi İslam Əməkdaşlıq Təşkilatına muraciət edərək, islam ölkələrini İsrailin təcavüzünə qarşı mübarizədə həmrəylik nümayiş etdirməyə və birgə mübarizəyə çağırıb: “Bu müraciətlə bağlı İƏT sədri Hüseyn İbrahim Taha təşkilatın rəsmi saytında sədrin adından beynəlxalq birliyə, o cumlədən BMT TŞ-na müraciət edərək İsrail təcavüzünü qətiyyətlə pisləyib. BMT TŞ-nı dərhal hadisələrə müdaxilə edərək, gərginliyin artmasının qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıb. Düşünürük ki, hazırkı şəraitdə İƏT regionda sabitlik və təhlükəsizliyi birbaşa təhdid edən bəlli münaqişəyə münasibətdə deklarativ məzmun daşıyan bəyanatlardan o tərəfə gedə bilməyəcək. Buna səbəb əksər ərəb dövlətlərinin regionda İranın liderlik uğrunda apardığı mübarizəyə qısqanclıqla yanaşmasıdır. Bunu İranın şiə inqilabının ideoloji təsir dairəsini genişləndirmək ugrunda illər boyu apardığı siyasətin tərkib hissəsi hesab edirlər. Habelə, bu səbəb bəzi ərəb dövlətlərinin İsraillə “İbrahim razılaşmaları” çərçivəsində əməkdaşlığı, digərlərinin ABŞ-ın yeni Yaxın Şərq siyasətinə münasibətdə İranla bir cərgədə addımlamaqdan ehtiyat etmələri, nəhayət Avropaya neft və qaz satışında İranı özlərinə rəqib görmələri ilə bağlıdır. Suriyada Bəşər Əsəd rejiminin devrilməsi İranın bölgədə nüfuz dairəsini məhdudlaşdırmaqla, bu işdə dolayısı yolla olsa da, ABŞ və İsraillə əməkdaşlıq edən bəzi ərəb siyasi isteblişmentlərini məmnun edib. Bu gün İran Yəmən, Fələstin və Livanda bəlli proksi qüvvələri vasitəsilə müəyyən təsir imkanlarını hələ də saxlayır. İsrailin hərəkətləri isə bütövlükdə BMT Nizamnaməsinə ziddir. Zira İsrail müstəqil və suveren bir ölkəyə təcavüz edib və bu mənada İranın özünü müdafiə hüququ var. Hərçənd, İsrail İranın uranın zənginləşdirilməsi istiqamətində apardığı tədqiqatlar nəticəsində artıq 400 kiloqramdan artıq zənginləşdirilmiş urana malik olduğunu bildirir. Bu isə təxminən 10-15 atom bombasının əldə edilməsinə bəs edəcək resursdur və İran yaxın bir il ərzində bu silahı əldə edə bilərdi. İsrail buna istinad edərək İranı nəinki özü və region, bütövlükdə guya dünyanı təhdid edən terrorçu bir dövlət kimi təqdim etməyə çalışır. Halbuki, özü uzun illərdir atom silahına malikdir. Bununla belə bunu rəsmən etiraf etmək istəmir. İranın nüvə çalışmalarına MAQATE vasitəsilə nəzarət edən Qərb dövlətləri isə, nədənsə, bu məsələdə MAQATE-ni Təl-Əvivə yönəltmirlər. Digər tərəfdən, İsrail İrandan fərqli olaraq nüvə silahının yayılmaması barədə hələ 1968-ci ildə imzalanmış məlum müqaviləyə indiyədək qoşulmayıb. İsrailin İrana təcavüzünün 3-cü günündə İran parlamentinin Rusiya ilə bu ilin 16 yanvarında imzalanmış müqaviləni ratifikasiya etməsi isə dərhal ekspertlərin diqqətini cəlb edib. Rusiya parlamenti bu müqaviləni aprelin 4 də təsdiq edib. 47 maddədən ibarət bu müqavilə hərbi-texniki əməkdaşlıq məsələlərini də ehtiva edir. Düzdür, Şimali Koreya ilə imzalanmış müqavilədən fərqli olaraq, burada təcavüzə məruz qalacaqları barədə tərəflərin bir-birinə qarşılıqlı yardımları barədə öhdəliklər yoxdur. Lakin müqavilənin 3-cu bəndində tərəflər Xəzər regionunda, Mərkəzi Asiya, habelə Yaxın Şərqdə sülhü təhdid edə biləcək hadisələrə qarşı birgə çıxış edə biləcəkləri barədə öhdəliklər götürüblər. Görünür, hazırkı şəraitdə məlum müqaviləni tələsik ratifikasiya etməklə İran, dolayısı yolla olsa da, İsrailin tərəfində münaqişəyə qoşulub İrana qarşı çıxış edə biləcək tərəflərə bu sayaq xəbərdarlıq etməyi məqsədəuyğun biliblər. Rusiya Xarici İşlər Nazirliyinin İsrailin İrana hücumunu təcavüz aktı kimi qiymətləndirən bəyanatında da bu xətti izləmək mümkündür”.
Vidadi ORDAHALLI