AZ

"İrşad"ın üçlü düsturu Azərbaycan bayrağının rəngləridir

1905-ci ilin dekabr ayının ortalarında Azərbaycan mətbuatı tarixinə iki qəzet qədəm qoydu. Onlardan biri sahibiimtiyazı və redaktoru Əhməd bəy Ağaoğlu olan "İrşad" qəzeti idi. 1905-ci ilin dekabr ayının 17-də ilk sayı işıq üzü görən "İrşad"ın müsəlman və türk dünyasına ünvanlanan "birlik, bərabərlik və qardaşlıq" ideyası ətrafına dövrün tanınan qələm sahibləri cəm oldular. "İrşad" sözünün lüğəti mənası "yol göstərən", yəni yolu işıqlandıran deməkdir. 

Qəzet öz fəaliyyətini 1908-ci ilin iyun ayının 25-dək davam etdirdi, fəaliyyəti dönəmində yalnız Bakıda, Azərbaycan dilində nəşr olundu. Əhməd bəy Ağaoğlu bütövlükdə qəzetin 1905-1906-cı illərdə 116 sayının redaktoru olub. Qəzetin 1906-cı ilin fevral nömrələri Üzeyir Hacıbəylinin müdirliyi, mart ayında isə bir neçə sayı müvəqqəti baş mühərrirliyi ilə işıq üzü görüb. 1907-ci ildə isə 1-ci saydan 15-ci saya kimi Haşım bəy Vəzirovun redaktəsi ilə nəşr olunub. Məhəmməd Əmin Rəsulzadə isə "İrşad"ın 11 sayını (46-57-ci nömrələrini) redaktə edib. "İrşad"ın dörd il ərzində 536 sayı çap olunub.
Mətbuat tarixinin araşdırıcısı, tarix üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı tədqiqatlarında bildirib ki, "İrşad" qəzeti təsadüfdən deyil, zərurətdən, milli təəssübdən və zamanın tələbindən doğub. Alim vurğulayıb ki, çar Rusiyasının 1905-ci il 17 oktyabr manifesti ziyalılar, qələm adamları arasında ciddi fikir oyanışı yaradıb və xalqa vəd olunan "söz, mətbuat və vicdan azadlığı" ideyası yeni mətbu orqanların yaradılmasına təkan verib: "Hürriyyət, müsavat, ədalət" şüarı ilə nəşr olunan bu mətbu orqanın naşiri 1881-ci ildə Bakının Sabunçu kəndində neft milyonçusu Mehdiqulu bəyin ailəsində dünyaya gələn İsa bəy Aşurbəyov idi. "İrşad"ın nəşri ilə jurnalistika tariximizdə "İrşad"çılar nəsli yetişib ki, onların sırasında Üzeyir Hacıbəyov, M.Ə.Rəsulzadə, F.Ağazadə, Ö.F.Nemanzadə, Q.Qarayev, A.Y.Talıbzadə, M.S.Axundov, A.Sur, S.M.Əfəndiyev, M.Hadi, N.Vəzirov, M.Ə.Sabiri göstərmək olar. Gündəlik nəşr olunan bu qəzet ədəbi, siyasi, elmi, iqtisadi və ictimai qəzet idi. Şərq əxlaqi-mənəvi dəyərlərinin qədimliyini önə çəkən "İrşad" islamın elmi-fəlsəfi tərəflərinə diqqət yönəldir, insan azadlığının bu dini dəyərlərlə eyniyyət təşkil etdiyini vurğulayır və müsəlman həmrəyliyinin vacibliyini oxuculara çatdırırdı. Qəzet Kişmişov, Qaragözov kimi senzorların, erməni şovinizminə mübtəla olanların danoslarına baxmayaraq dövr üçün aktual olan kəsərli yazıları dərc edirdi. Dövrün görkəmli ədib, şair və publisistlərini ətrafına toplayan "İrşad" təkcə xalqın gedəcəyi yolu göstərmir, qarşıya çıxacaq çətinlikləri, məzhəb ixtilaflarını qələmə alır, cəmiyyəti birləşdirəcək dəyərləri təbliğ edirdi. Əli bəy Hüseynzadə tərəfindən formulə edilən "Türkləşmək, islamlaşmaq və müasirləşmək" ideyası artıq "İrşad"ın ideologiya kimi formalaşdırdığı istiqamət və vətəndaşlıq yolu idi".

A.Aşırlı tədqiqatlarında qeyd edib ki, "İrşad"çılar Azərbaycanın gələcək istiqlalı naminə əzmlə mübarizə aparır, qonşu ölkələrdə gedən ictimai-siyasi prosesləri izləyir, onlara aid analitik yazılar yazırdılar. Çap olunan yazılarda "İrşad" öz ideya-siyasi istiqamətinə, ideoloji görüşünə görə dövlətçilik və hürriyyət amalını ön planda götürür, milli müstəqillik, azadlıq duyğularını tərənnüm edirdi: "Beynəlxalq həyata aid yazılarda dünyanın mütərəqqi ölkələrinin dövlətçilik təcrübəsi, onların siyasi və hüquqi sistemləri Azərbaycan insanına çatdırılırdı. Ə.Ağaoğlunun silsilə şəkildə dərc etdirdiyi "Qosudarstvennı duma, ya padşahlıq şura" məqaləsi bu baxımdan əhəmiyyətlidir. Böyük mütəfəkkir Fransanın zəngin tarixi təcrübəsinə istinad edir, Azərbaycanda ilk dəfə olaraq azadlığın siyasi məzmun və mahiyyətini aydınlaşdırırdı.  Əli bəy Hüseynzadə, Əhməd Kamal və müəllim Midhət Cövdət öz yazılarında Şərq tarixinə və islam elminə toxunur, Şərqin möhtəşəmliyini, mədəni zənginliyini təbliğ edirdilər. Lakin bu yazılarda Şərq Qərblə üz-üzə qoyulmur, iki fərqli dünyagörüş kimi təqdim olunurdu. Xristian dünyası və islam aləmi tarixində azadlıq anlayışına münasibət bildirən "İrşad"çılar dövlət və cəmiyyət münasibətlərinə aydınlıq gətirir, bu mənada ictimai institutları formalaşan Avropanın bu sahədə xeyli önə çıxdığını şərh edirdilər. Fransanın timsalında Avropaya münasibət meyarını müəyyənləşdirməyə çalışan Ə.Ağaoğlu "İrşad"da dövlətçilik tarixi və nəzəriyyəsindən danışarkən Azərbaycanda demokratik
cümhuriyyət ideyasını ortaya qoyurdu". 

Tədqiqatçı bildirib ki, "İrşad"da ilkin islamın təriqətlərə parçalanması pislənilir, dini təfəkkürün vəhdət ideyası gücləndirilir, bədii ədəbiyyatda və publisistikada islam modernizmi əsas götürülür, islamın təməl faktorlarının bərpasına diqqət yönəldilirdi: 

"Problemləri real həyat faktorları əsasında təhlil edən Ə.Ağaoğlu Azərbaycanın ayrı-ayrı bölgələrində baş verən proseslərə üz tutur, qarşıdurma səviyyəsinə qaldırılmış məsələni "birlik, bərabərlik və ədalətlə" aradan qaldırmağı vacib hesab edirdi". Əhməd bəy Ağaoğlunun fikrincə, milli kimliyini dərk etməyən, tarixi irsinə sahib çıxmayan xalq dini mənsubiyyətə əsaslanmaqla mövcudluğunu sübut edə və qoruyub saxlaya bilməz. Bu mənada Ə.Ağaoğlu "İrşad"da mənsub olduğu xalqın milli özünüdərkinə və oyanışına təkan verən publisistik yazılarla çıxış edirdi. Bu böyük mütəfəkkir "İrşad"ı Azərbaycan jurnalistikasının ən ciddi problemləri ilə məşğul olmağa yönəldir, bir sıra mətbu orqanı, o cümlədən "Həyat"ı, "Kaspi"ni, "Molla Nəsrəddin"i, "Fyuzat"ı dövrün aynası hesab edir və mətbuatı bütövlükdə cəmiyyətin ölçüsü kimi dəyərləndirirdi. Məhz buna görə də "İrşad"çıları həmişə şəxsi qərəz və intriqalardan uzaq durmağa səsləyir, əsassız mübahisələrə qarışmamağa çağırırdı". 

Akif Aşırlı diqqətə çatdırıb ki, XX əsrin əvvəllərindəki mətbuat nümunələri haqqında xatirələrində Abdulla Şaiq o dövrün nəşrlərini qaranlıq gecədə bir-birinin ardınca yanıb-sönən ulduzlara bənzədirdi. Bu dövrdə Azərbaycan mətbuatının ən parlaq nümunəsi olan "İrşad" yenilikçi mətbuat orqanı kimi öz missiyasını layiqincə davam etdirir, fikir və informasiya istehsalı ilə məşğul olurdu: 

""İrşad"ın göstərdiyi yol ümumxalq yolu olduğundan sonralar istər "Molla Nəsrəddin"çi mətbu orqanlar, istərsə də "Fyuzat"çı romantik-fəlsəfi nəşrlər onun prinsiplərini daha geniş miqyasda davam etdirdilər. "İrşad"dan sonra onun əsas aparıcı yazarları dövrün müxtəlif mətbu nəşrlərində çalışır, milli jurnalistikamızın inkişafına öz töhfələrini verirdilər. Dövrün bir sıra aparıcı mətbu nəşrləri ilə yanaşı, "İrşad"dan sonra fəaliyyətə başlayan "Yeni İrşad" və "Çarıxçı" deyilənlərə sübutdur. "Yeni İrşad" gündəlik ədəbi, elmi, siyasi, iqtisadi qəzet, "Çarıxçı" isə "Yeni İrşad"a əlavə olunan satira vərəqəsi idi. "Yeni İrşad"ın imtiyaz sahibi və redaktoru Y.Əhmədov, baş redaktoru Mehdi bəy Hacınski idi. Qəzetin 1911-1912-ci illərdə cəmi 153 sayı işıq üzü görmüşdü. Əhməd bəy Ağaoğlu başda olmaqla "İrşad" və irşadçıların fəaliyyəti azad cəmiyyət, müstəqil dövlət və bütöv vətən ideyasına əsaslandığından, öz dövrlərində mühafizəkar qüvvələrin açıq-aydın təzyiqlərinə məruz qalmışdı. Bu təhdidlər, səhv yanaşma tariximizin sovet dönəmində də təkrar olunub, panislamist və pantürkist damğası ilə "İrşad" obyektiv təhlildən kənarda qalıb".
Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsinin dossenti, filologiya elmləri doktoru, Əməkdar Jurnalist Qərənfil Dünyaminqızı deyib ki, görkəmli ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor Şamil Vəliyev çox haqlı olaraq "İrşad" qəzetini yol göstərən adlandırırdı. Alimin qənaətincə, həqiqətən də Əhməd bəy Ağaoğlunun redaktorluğu ilə fəaliyyətə başlayan "İrşad" qəzeti ətrafına gənc olmasına baxmayaraq, gələcəyin çox istedadlı jurnalistlərini, publisistlərini yığdı və yetişdirdi: "Üzeyir bəy Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə bu qəzetə bir müddət redaktorluq ediblər. Halbuki, onlar həmin vaxt mətbuata yenicə gəlmişdilər, gənc idilər. Amma "İrşad" qəzeti Azərbaycan ədəbi mətbuatına, publisistikasına, ictimai-fikir tarixinə yol göstərən oldu. "İrşad"da müxtəlif ideyalara qulluq edən bir çox yazarlar, ziyalılar - Nəriman Nərimanov, Soltanməcid Qənizadə, Soltanməcid Əfəndiyev, Abdulla Sur, Firudin bəy Köçərli və başqaları toplanmışdı. "İrşad" "Həyat"ın, "Füyuzat"ın davamçısı olaraq yola davam etdi, ictimai-fikir tarixinin yaranmasında çox böyük rol oynadı. Əhməd bəy Ağaoğlu "İrşad"ı yaratmaqla anadilli mətbuatın çar hökuməti tərəfindən susdurula bilməməsini sübuta yetirdi. "İrşad" qəzeti "Həyat" və "Füyuzat"dan daha kəskin mövqedən çıxış etdi. Çar hökuməti dəfələrlə "İrşad"ı bağlamağa nail olsa da, yazarlar, ziyalılar başqa adlarla qəzetlər və jurnallar yaratdılar". 

P.S. Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Azərbaycan Türk Ocağı İctimai Birliyinin "Turan işğında 150 il" layihəsi çərçivəsində hazırlanıb. 

Seçilən
4
1
sherg.az

2Mənbələr