İyunun 14-ü məktəblərdə "Son zəng" çalındı. Maraqlıdır ki, tədbirin təmtəraqlı keçirilməməsi üçün nazirlik tərəfindən məktəblərə göstəriş verilməsinə baxmayaraq, yenə də bəzi məktəblərdə təmtərağın, yad musiqilərin, yad rəqslərin, şagirdə uyğun olmayan geyimlərin şahidi olduq.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirdi ki, "Son zəng"lə bağlı həm Elm və Təhsil Nazirliyi, MÜTDA, Bakı Şəhər Təhsil İdarəsi və regional idarələrə xüsusi məktublar göndərilmişdi ki, tədbirlər müəyyən şablon daxilində, protokol çərçivəsində keçirilməlidir:
"Sözsüz ki, bu, ancaq məktəblərin öz həyətində keçirilən tədbirlərə aiddir, yəni qanunlar yalnız orada keçərlidir. Amma o ki qaldı valideynlərə, abituriyentlərə, onlara heç kim qadağa qoya bilməz ki, hansı səviyyədə qeyd etsinlər. Çünki məzunluq insan həyatında bir dəfə olan bir hadisədir. Ona görə də onlar bacardıqları qədər bu məsələni istədikləri kimi qeyd etməyə çalışdılar. Əksəriyyəti məktəbdən kənarda, restoranlarda təmtəraqlı şəkildə qeyd etdilər".
Ekspert qeyd etdi ki, məktəblərdə aidiyyəti icra orqanlarının təşəbbüsü necə verilmişdisə, o səviyyədə də qeyd olundu.
"Bu isə o demək deyil ki, "Son zəng" yalnız verilən tapşırıqlar əsasında qeyd olundu və bitdi. Mən ümid etmirəm ki, gələn il bu qadağalar işlək olacaq. Çünki nə qədər çox qadağa qoyulursa, bir o qədər də maraq, həvəs və təmtəraq artır. Ona görə də bu məsələyə tolerant yanaşmaq lazımdır.
İmkan vermək lazımdır ki, onlar "Son zəng"lərini arzuladıqları və istədikləri səviyyədə qeyd etsinlər. Mən demirəm, dəbdəbəli, böyük pullar hesabına keçirilsin, amma azından öz arzularına uyğun səviyyədə keçirsinlər. Yəni, protokola sığmaq şərti ilə istədikləri kimi keçirsinlər", - deyə Məzahir Məmmədli vurğuladı.
Xədicə BAXIŞLI