Metbuat saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bəzən valideynlər uşaqlarını məktəbəqədər təhsilə cəlb etməkdə tərəddüd edirlər. Onlar ya bu mərhələnin vacibliyini yetərincə dərk etmirlər, ya da müxtəlif səbəblərdən uşağın evdə qalmasının daha uyğun olduğunu düşünürlər. Halbuki məktəbəqədər təhsil uşağın inkişafında mühüm rol oynayır.
Təhsil eksperti Elçin Əfəndi Metbuat.az-a açıqlamasında bildirib ki, məktəbəqədər hazırlıq təhsil sistemimizdə strateji əhəmiyyət daşıyan bir pillədir:
“Yəni təhsil pillələrinin əvvəlində dayanan mərhələ olaraq, burada uşaqların müvafiq bilik və bacarıqlarının formalaşması erkən yaş dövründə baş verir ki, bu da olduqca vacibdir. Bu, təkcə bizim ölkədə deyil, dünyanın əksər ölkələrində həssaslıqla yanaşılan bir sahədir. Bu səbəbdən məktəbəqədər hazırlıq prosesinə valideynlərin övladlarını yönləndirməsi xüsusilə tövsiyə olunur”.
E.Əfəndi qeyd edib ki, hazırda dövlət təhsil müəssisələri ilə yanaşı, özəl müəssisələrdə də bu sahədə imkanlar yaradılıb:
“Əgər valideyn hər hansı səbəbdən - sıxlıq və ya digər maneələr ucbatından övladını dövlət müəssisəsinə yerləşdirə bilməyibsə, özəl müəssisəyə yönləndirə bilər. Bu zaman həmin müəssisələrdə təhsil haqqının 50 faizi dövlət büdcəsi hesabına qarşılanır. Məqsəd odur ki, istər paytaxtda, istərsə də regionlarda məktəbəqədər yaşa çatmış hər bir Azərbaycan vətəndaşı bu prosesə qoşulsun. Əsas istəyimiz odur ki, valideynlər övladlarının məktəbəqədər hazırlıq təhsili almasına xüsusi diqqət yetirsinlər”.
Sevinc İbrahimzadə / Metbuat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.