Qulamhüseyn Əlibəyli: “Bu məsələdə konkret halda Rusiyanın məsuliyyəti də istisna olunmur”
Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyan prokurorun Azərbaycan ərazilərində minaların basdırılması barədə suallarını cavablandırıb.
O, işğal olunmuş ərazilərdə piyada və tank əleyhinə minalar basdırdığını bildirib. L.Mnatsakanyanın sözlərinə görə, ilkin mərhələdə Sovet İttifaqında istehsal olunmuş, sonrakı mərhələdə isə Rusiyadan alınıb Ermənistan vasitəsilə rejimə verilmiş minalar basdırılıb. “Son dövrlərdə Ermənistan Respublikasında da minalar istehsal olunurdu və bizə verilirdi”, - deyə o əlavə edib.
Bütün bunlardan belə məlum olur ki, bu gün ərazilərimizdə minaların basdırılmasında Rusiyanın böyük məsuliyyəti var. İşğalçılara kömək etdilər, bu öz yerində, ayrı məsuliyyət yaradır. Ancaq o minaların harada istifadə ediləcəyini Rusiya çox yaxşı bilirdi, amma verirdi. Belə olduğu təqdirdə minalardan azad olunma, ərazilərimizin təmizlənilməsi kimi məsələlərdə bu gün Azərbaycanın Rusiya qarşısında hansı səviyyədə məsələ qaldırmaq hüququ, ixtiyarı var? Rusiya ərazilərimizin minalanmasında nə dərəcədə məsuliyyət daşıyır? Minaların basdırılmasında birbaşa iştirakçı ölkələrdən biri olaraq Rusiya Azərbaycana nə kimi kompensasiya ödəməlidir? Minaların təmizlənməsində maliyyə, texniki yardım göstərməlidirmi?
“... həmin minalar Ermənistana və qondarma rejimə verilirdi”
Sözügedən məsələyə aydınlıq gətirən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistanın Azərbaycana qarşı təcavüzü və bu məsələdə ona havadarlıq edən dövlətlər barədə, cümlədən Ermənistanın Azərbaycana qarşı mina terroru ilə bağlı çoxsaylı faktlar araşdırılır: “Mina terroru ilə əlaqədar aşkarlanan faktlar Ermənistan və qondarma rejim tərəfindən beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulduğunu təsdiq edir. Xüsusən də Ermənistanın işğal etdiyi ərazilərdə piyadalar əleyhinə minaların basdırılması və minaların xəritəsinin Azərbaycana əvvəlcə verilməməsi, sonra isə səhv xəritələrin verilməsi beynəlxalq xarakterli cinayətdir. Bu cinayətlərə görə Ermənistanın siyasi-hərbi rəhbərliyi və qondarma rejimin rəhbərləribirbaşa məsuliyyət daşıyırlar. Ermənistanı və qondarma rejimi işğal etdikləri ərazilərdə basdırılmaq üçün piyadalar əleyhinə minalarla təmin edən dövlətlərin, bu məsələdə konkret halda Rusiyanın məsuliyyəti də istisna olunmur. Yəni Rusiya Ermənistana və qondarma rejimə verdiyi minaların, o cümlədən istifadəsi qadağan olunmuş minaların dinc mülki əhaliyə qarşı tətbiq olunacağını və mahiyyətcə beynəlxalq xarakterli cinayətlərin həmişə iştirakçısına çevrildiyini cox gözəl bilirdi. Buna baxmayaraq, həmin minalar Ermənistana və qondarma rejimə verilirdi. Yəni Rusiya ümumi beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn normalarını kobud şəkildə pozub və buna görə də məsuliyyətə cəlb olunmalıdır. Təəssüf ki, bu gün beynəlxalq təhlükəsizlik sistemi faktiki olaraq çökdüyünə görə Rusiyanı məsuliyyətə cəlb etmək mümkün deyil və Rusiya öz təcavüzkar fəaliyyətini davam etdirir. Bütün hallarda Azərbaycan tərəfiErmənistanın işğal etdiyi ərazilərdə minaların basdırılmasına görə Rusiyanın da məsuliyyət daşıdığını həm Rusiya rəhbərliyinin, həm də beynəlxalq qurumların diqqətinə çatdırmalıdır. Basdırılmış minaların həqiqi xəritələrinin əldə olunması və ərazılərimizın minalardan təmizlənməsi işində onların real kömək göstərməsini təkrar-təkrar tələb etməlidir”.
Vidadi ORDAHALLI