“Korrupsiyaya qarşı mübarizənin gücü hüquqi maarifləndirmədədir” – deyən “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev, Azərbaycan Memarlıq və İnşaat Universitetində gənc tələbələrlə "Korrupsiya ilə əlaqədar hüquqpozmalar və məsuliyyət" mövzusunda seminar keçirdi.
Tədbir, Prezidentin 2022-2026-cı illər üzrə təsdiqlədiyi Milli Fəaliyyət Planının icrası çərçivəsində həyata keçirilən hüquqi maarifləndirmə fəaliyyətləri çərçivəsində təşkil edilib. Əliməmməd Nuriyev, seminar zamanı korrupsiyanın hüquqi mahiyyəti, hüquqpozmaların subyektləri, məsuliyyət formaları və qarşısının alınması yolları barədə açıq və interaktiv müzakirələr aparıb.
Seminarda iştirak edən gənclər aktivlik göstərərək suallar verərək, korrupsiyasız bir gələcəyin yalnız hüquqi biliklərlə silahlanmış gəncliklə mümkün olacağını bir daha vurğulayıblar.
Əliməmməd Nuriyev, Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın işçi qrupunun üzvü olaraq, bu cür görüşlərdə gənclərlə bilik və təcrübə paylaşmağın vacib və məsuliyyətli bir vəzifə olduğunu qeyd edib.