ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Şimali Koreya Rusiyanın Kursk vilayətində aparılacaq bərpa işlərində iştirak etmək üçün 1000 minaaxtaran və 5000 hərbi tikinti işçisinin bu ölkəyə göndəriləcəyini vəd edib. Bu barədə TASS agentliyi məlumat yayıb.
“AzPolitika” xəbər verir ki, məlumat Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə Şimali Koreya lideri Kim Çen In arasında Pxenyanda keçirilmiş danışıqlardan sonra açıqlanıb.
Rəsmi məlumatlara görə, Ukrayna ilə sərhəddə yerləşən Kursk vilayətində 5000 kvadrat kilometr ərazi minalanıb ki, bu da regionun təxminən altıda bir hissəsini təşkil edir. 2024-cü ilin sonuna olan məlumata əsasən, vilayətdə 1366 müəssisə, 400 sosial obyekt və 1112 kilometr avtomobil yolu tamamilə dağıdılıb. Lakin bu obyektlərdən nə qədərinin bərpa edildiyinə dair konkret informasiya verilmir.
Şoyqunun Pxenyana səfəri Rusiya ilə Şimali Koreya arasında “Hərtərəfli tərəfdaşlıq haqqında müqavilə”nin ildönümünə təsadüf edir. Qeyd edək ki, Rusiya Ukraynaya hərbi müdaxilədən sonra BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq qurumların Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyalara əməl etməyi faktiki olaraq dayandırıb. Həmin sanksiyalar Şimali Koreya vətəndaşlarının xaricdə işləməsini və hərbi-texniki əməkdaşlığı qadağan edirdi.
Bundan əlavə, 17 iyun tarixində Rusiya Poçtu Şimali Koreyaya bağlamaların göndərilməsinə başladığını açıqlayıb. Yeni qaydalara əsasən, çəkisi 20 kiloqrama qədər olan bağlamalar 15 gün ərzində bu ölkəyə çatdırılacaq. Güman edilir ki, bu xidmət əsasən Rusiyada çalışacaq koreyalı işçilər üçün nəzərdə tutulub.
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.