AZ

Şou əhli İsrailin, yoxsa İranın tərəfindədir? - “Mən bu ölkələr arasında necə seçim edim?!”

Yaxın Şərqdə gərginlik pik həddə çatıb. İran və İsrail arasında artmaqda olan silahlı qarşıdurma artıq lokal insident çərçivəsindən çıxaraq region üçün ciddi təhlükəyə çevrilib. Raket zərbələri, hava hücumları və sərt diplomatik açıqlamalar tərəflərin geri addım atmaq niyyətində olmadığını göstərir. Beynəlxalq analitiklər qarşıdurmanın yaxın günlərdə bitəcəyinə inanmır, əksinə, onun həftələrlə, hətta aylarla davam edə biləcəyini proqnozlaşdırırlar. İsrailin əsas hədəfi İranın hərbi potensialını – xüsusilə də nüvə və raket imkanlarını sıradan çıxarmaqdır. 

Gərgin geosiyasi fonda Azərbaycan ictimaiyyəti də narahatdır. 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış sənət adamları – Xalq artisti Flora Kərimova, Aşıq Zülfiyyə İbadova və müğənni Günel Ələkbərova da münasibət bildiriblər.

Xalq artisti Flora Kərimova  bölgədəki silahlı qarşıdurmaya biganə qalmadığını bildirib və Azərbaycanın həm tarixi, həm də mənəvi baxımdan hər iki tərəflə bağlılığı olduğunu vurğulayıb. O, bu cür vəziyyətlərdə siyasətdən çox, insanlıq prizmasından yanaşmağın daha doğru olduğunu qeyd edib:

"Mən bu ölkələr arasında necə seçim edim?! İsrail çətin günlərimizdə bizimlə olub. İranla isə bizim həm dinimiz, həm də milliyətmiz birdir. Baxmayaraq ki, bir-birimizdən ayrı düşmüşük…  Mən bu münaqişəyə ancaq yana bilərəm, nigaran qala bilərəm. Adi insanın əlindən nə gələ bilər?"

Aşıq Zülfiyyə İbadova daha çox humanist mövqedən çıxış edərək bildirib:

"Mən sadəcə istəyərəm ki, heç bir ölkədə dava-qırğın olmasın. Allahdan tək istəyim budur. Heç bir ananın gözü yaşlı qalmasın, cavanlara heç nə olmasın".

O, fikirlərini məşhur “Ana mahnısı”ndan sitatla yekunlaşdırıb:

"Mən anayam, bu səsimdə yerin-göyün dərdi var,

Sülhə gəlin ey insanlar, yoxsa dünya məhv olar".

Müğənni Günel Ələkbərova ("Pişik" Günel) isə bildirib ki, bu cür münaqişələrdən ən çox zərər görən sadə insanlar, xüsusilə də uşaqlar və qadınlardır:

"Mən istəmirəm ki, haradasa müharibə olsun. Dünyanın hər yerində sülh və əmin-amanlıq olsun. Ən çox da dinc əhaliyə, körpələrə heç nə olmasın. Müharibə nə millət tanıyır, nə yaş. Ona görə də arzum budur ki, hər kəs firavan və təhlükəsiz bir dünyada yaşasın".

Rəvan Rzazadə 


Telegram kanalımız
Seçilən
9
1
yenisabah.az

2Mənbələr