Hazırda ölkədə minlərlə insan kredit borcu ilə üz-üzədir. Bəziləri isə ümidsiz şəkildə gözləyir ki, hansısa qərarla onların borcu silinəcək. Maraqlıdır, kredit borcu hansı hallarda bağışlana və ya silinə bilər?
Mövzunu iqtisadçı ekspert Əkrəm Həsənov KONKRET.az-a şərh edib:
“Borcun silinməsi yalnız kredit verən qurumun, yəni bank və ya digər maliyyə təşkilatının öz iradəsi ilə baş verər. Heç kim, o cümlədən dövlət belə, bankı bu addımı atmağa məcbur edə bilməz.
Dövlət yalnız müəyyən hallarda, sosial dəstək məqsədilə büdcədən vəsait ayıraraq borclulara yardım göstərə bilər. Belə bir hal 2019-cu ildə Prezidentin imzaladığı fərmanla baş vermişdi. Həmin vaxt dövlət borc yükü altında olan vətəndaşların kreditlərinin bir hissəsini öz üzərinə götürmüş, banklara ödəniş etmişdi. Lakin bu borcun silinməsi deyil, dövlətin vətəndaşlar adından həmin borcu ödəməsi kimi qiymətləndirilir”.
İqtisadçı qeyd edib ki, kredit borcları ilə bağlı hüquqi məqamlara da diqqət yetirilməlidir.
“Qanunvericiliyə əsasən əvvəllər banklar borcu tələb etmək üçün 3 il müddətində məhkəməyə müraciət edə bilərdilər. Hazırda isə fiziki şəxslərlə bağlı bu müddət 1 ilə endirilib, hüquqi şəxslər və sahibkarlarla bağlı isə 3 il qüvvədə saxlanılıb.
Bu müddət kredit müqaviləsinin müddəti başa çatdıqdan sonra başlayır. Bank həmin müddət ərzində məhkəməyə müraciət etməzsə, sonradan iddiası məhkəmə tərəfindən təmin olunmaya bilər. Lakin bu, o demək deyil ki, borc silinir. Borc kredit tarixçəsində qalır və şəxsin maliyyə reytinqinə təsir göstərməyə davam edir”.
Mütəxəssis bildirib ki, vətəndaşlar bu məsələdə çaşqınlığa düşməməli, borcun rəsmi şəkildə silinməsi və ya ödənməsi ilə hüquqi nəticələrin fərqli olduğunu unutmamalıdırlar.
Aynurə İsmayıl
KONKRET.az