Qaynarinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Qobustan Rayon İcra Hakimiyyətinin 1 Saylı Yaşıllaşdırma İdarəsinin əməkdaşı mal-qaranı yaşıllıq ərazisindən çıxararkən yol nəqliyyat hadisəsinə səbəb olub. Bu səbəbdən barəsində məhkəmə qərarı verilib.
Qaynarinfo-nun məlumatına görə, 1969-cu il təvəllüdlü E.M.-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi (velosipedçi, moped və at arabası idarə edən, habelə mal-qara ötürən şəxsin yol hərəkəti qaydalarını pozması) ilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb.
Araşdırma zamanı müəyyən edilib ki, E.M. Qobustan Rayon İcra Hakimiyyətinin 1 Saylı Yaşıllaşdırma İdarəsində mühafizəçi vəzifəsində çalışır. 2025-ci il iyunun 9-da idarənin müdiri Rasim Novruzov ona zəng edərək, Qobustan şəhəri, Əlyar Vəliyev küçəsində yerləşən yanacaqdoldurma məntəqəsi yaxınlığındakı yaşıllaşdırma ərazisinə mal-qara daxil olduğunu bildirib və heyvanların ərazidən çıxarılmasını tapşırıb.
E.M. müdirin göstərişini yerinə yetirmək məqsədilə atla əraziyə yollanıb və əhalinin saxladığı heyvanları yaşıllıq sahəsindən çıxarıb. Lakin heyvanlar örüş istiqamətinə deyil, əks istiqamətə qaçaraq asfalt yola çıxıblar.
Bu zaman inəklərdən biri yolla hərəkət edən "VAZ-21093” markalı, "CA” dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə maddi ziyan dəyib.
Məhkəmə qərarı ilə E.M. törətdiyi inzibati xəta səbəbilə 100 manat cərimələnib. Eyni zamanda, avtomobilə dəymiş 2300 manatlıq ziyanı ödəməyi də öz üzərinə götürüb.
Qeyd edək ki, idarə müdiri olan Rasim Novruzov 2024-cü il parlament seçkilərində 87 saylı Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsindən deputatlığa namizəd olub.
Aydın
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.