AZ

Şagirdlər üçün bu nadir imkanı qaçırmayın - Ekspertdən TÖVSİYƏ

Növbəti tədris ili də başa çatdı və yay tətili şagirdlər üçün istirahət, yenilənmə və özünü inkişaf etdirmək üçün əlverişli vaxtdır. Bu müddətdə uşaqların həm fiziki, həm də zehni baxımdan rahatlaması önəmlidir.

Məktəb şagirdlərinə yay tətilini necə keçirməyi tövsiyə edilir və şagirdlər, növbəti dərs ilinə yayda necə hazırlaşmalıdırlar?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirdi ki, yay tətili məktəb şagirdlərinin yalnız dincəldiyi deyil, həm də şəxsiyyət və bacarıq inkişafı baxımından mühüm fürsət dövrüdür.

"Təhsil eksperti kimi hesab edirəm ki, bu dövr təkcə istirahət üçün deyil, həm də zehni rahatlama, yeni biliklərə maraq oyatma və növbəti tədris ili üçün təməl formalaşdırmaq məqsədilə səmərəli planlaşdırılmalıdır. Amma bu planlaşdırma “dərs oxu, test həll et” kimi mexaniki yanaşma ilə deyil, daha balanslı, məqsədli və fərdi maraqlara uyğun şəkildə həyata keçirilməlidir.

İlk növbədə, uşaqların tam mənada psixoloji və fiziki dincəlməsinə imkan yaradılmalıdır. Çünki tədris ili ərzində şagirdlər yalnız bilik deyil, həm də sosial təzyiqlər, test yükləri, zaman məhdudiyyətləri altında inkişaf edirlər. Beynəlxalq təcrübədə, xüsusilə Finlandiya, Kanada, İsveç kimi ölkələrdə yay tətilinin əsas məqsədi şagirdin bərpasıdır: burada uşağın məktəbə qayıtdıqda zehni cəhətdən açıq, maraqlı və motivasiyalı olması hədəflənir. Bu baxımdan, valideynlərə və müəllimlərə ilk tövsiyəm şagirdlərə sərbəst oyun, təbiətdə vaxt keçirmə, ailə ilə birlikdə fəaliyyətlər və kitab oxuma üçün real zaman tanınmasıdır".

Ekspert qeyd etdi ki, yay tətilləri şagirdlərin sosial və yaradıcı bacarıqlarını inkişaf etdirmək üçün nadir imkandır.

"Məktəb vaxtı əsasən akademik fənlərə fokuslanıldığı üçün incəsənət, idman, texnologiya və tədqiqat maraqları arxa planda qalır. Amma yayda şagirdlər yay düşərgələrinə, kurslara, STEAM, robototexnika, kodlaşdırma, riyaziyyat həvəskarları üçün təşkil edilən yay məktəblərinə cəlb olunmalı, xüsusilə layihə əsaslı öyrənmə və praktiki fəaliyyətlərə daha çox yer verilməlidir. Bu həm də onların gələcəkdə hansı istiqamətlərə maraq göstərəcəyini müəyyən etməyə kömək edir.

Yay tətili zamanı mütaliə vərdişləri formalaşdırmaq xüsusi əhəmiyyət kəsb edir. Şagirdlər sinif proqramından fərqli olaraq, maraq dairələrinə uyğun kitablar oxumağa təşviq olunmalıdır. Hətta həftəlik “ailəvi mütaliə saatı” kimi sadə təşəbbüslər uşaqlarda oxu vərdişini həm əyləncəli, həm də sosial fəaliyyətə çevirə bilər. Mütaliə, təkcə biliyi artırmır, eyni zamanda ifadə bacarığını, təxəyyülü, yazı və nitq imkanlarını genişləndirir.

Digər önəmli tövsiyə isə şagirdlərin dərs ilinə hazırlığı mərhələli və stressiz aparılmalıdır. Bu məqsədlə avqust ayının ikinci yarısından başlayaraq yüngül təkrarlar, öyrənmə oyunları, onlayn platformalarda interaktiv fəaliyyətlərlə yaddaşın aktivləşdirilməsi tövsiyə olunur. Bu mərhələdə valideynlər təzyiq və müqayisədən uzaq durmalı, uşağın fərdi tempinə uyğun yanaşmalıdırlar. Xüsusilə ibtidai sinif şagirdləri üçün riyaziyyat və oxu üzrə kiçik təkrar tapşırıqların, orta sinif şagirdləri üçünsə qısa təhlil, təqdimat, mini-layihələrin təşviqi faydalı ola bilər.

Eyni zamanda, bu dövr ərzində şagirdlərin texnologiyadan istifadəsinə balanslı yanaşmaq da vacibdir. Tamamilə qadağa deyil, idarəli və məqsədli istifadə, məsələn, öyrədici oyunlar, interaktiv təhsil videoları, animasiyalar və viktorinalarla birləşdirilməlidir. Bu yolla həm tətil əhval-ruhiyyəsi qorunur, həm də öyrənmə davamlı xarakter alır.

K.Əsədov vurğuladı ki, yay ayları ailənin birgə vaxt keçirməsi, sosial ünsiyyətin möhkəmlənməsi üçün nadir imkandır.

"Uşaqlar ailə ilə birgə səyahətlərə, mədəni tədbirlərə, muzey və kitabxana ziyarətlərinə cəlb edilməli, gündəlik həyatda qərarvermə və məsuliyyət götürmə bacarıqları təşviq olunmalıdır. Ən sadə iş – birgə nahar hazırlamaq, alış-verişi planlamaq və ya evdə çiçək əkmək belə uşağın sosial koqnitiv inkişafında mühüm rol oynayır.

Yay tətili gələcək tədris ilinə hazırlıq üçün təməl mərhələdir. Bu dövrü düzgün planlamaqla həm şagirdin zehni rahatlanır, həm də yeni dərs ilinə daha motivasiyalı, maraqlı və bacarıqlı şəkildə qayıdır. Təhsil təkcə məktəbdə deyil, həyatın özündə baş verir və yay tətili bunun ən gözəl sübutudur", - deyə ekspert bildirdi.

Xədicə BAXIŞLI

Seçilən
19
1
redaktor.az

2Mənbələr