ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gədəbəydə sahibkar ona məxsus tikililərin qanunsuz olaraq söküldüyünü iddia edir.
Bu barədə “Qafqazinfo”ya rayonun Aytala kəndində mülkləri olan Lalə Sultanova müraciət edib.
Onun sözlərinə görə, Gədəbəy Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən heç bir məhkəmə qərarı olmadan konstruksiya ilə yığılmış “A-Frame” tipli 2 ev və 8 söhbətgahı uçurulub: “Əmlaklarımın dağıdılması ilə bağlı mənə ümumilikdə 60 min manat ziyan dəyib”.
Qadın iddia edir ki, ev dəmir boruların üzərində, heç bir bünövrə qazılmadan tikilib. O, söküntünün Gədəbəy RİH başçısının göstərişi ilə icra edildiyini əlavə edib.
İttihamlarla əlaqədar Gədəbəy RİH-lə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, sözügedən tikililər qanunsuzdur və onların sökülməsi ilə bağlı aidiyyəti qurumlar birgə tədbir görüblər: “Bakı şəhər sakini Lalə Sultanova Gədəbəy şəhərində meşə ərazisinə yaxın kənd təsərrüfatı təyinatlı torpaq sahəsində torpağın təyinatını dəyişdirmədən, şəhərsalma və tikinti norma və qaydalarını ciddi surətdə pozmaqla sahibkarlıq məqsədilə tikinti işləri aparıb.
Tikinti işlərinin dayandırılması ilə bağlı Lalə Sultanovaya dəfələrlə xəbərdarlıq olunmasına və qanunla torpaq üzərində müəyyən edilmiş hüquqları pozmasının nəticələri barədə izah verilməsinə baxmayaraq o, özbaşına tikinti işlərini davam etdirdiyi üçün qanunvericiliyin tələblərinə uyğun olaraq Fövqalə Hallar Nazirliyinin, Əmlak Məsələləri Dövlət Xidmətinin və Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə iştirakı ilə özbaşına tikintinin qarşısı alınıb.
Lalə Sultanova qanunsuz əməllərini ört-basdır etmək, ictimai fikri çaşdırmaq məqsədilə müxtəlif sosial şəbəkə hesablarında Rayon İcra Hakimiyyətinin işgüzar nüfuzuna xələl gətirən böhtan xarakterli məlumatlar yaydığı üçün onun barəsində hüquqi tədbirlər görülməsi üçün məhkəməyə müraciət olunub. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Gülnar Əliyeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.