Çoxsaylı korrupsiya və dələduzluq əməllərində ittiham edilən iş adamı Şərif Salmanovun Gürcüstanda olduğu deyilir.
Bu barədə “Qafqazinfo”ya müraciətində cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış 34 nəfərdən birinin nümayəndəsi olan vəkil Cavid Rzazadə məlumat verib. O bildirib ki, “Bakı Training mərkəzi”nin rəhbəri olan Ş.Salmanov barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin təqdimatı əsasında 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Təhsil şirkətlərinin rəhbəri kimi tanınan və Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq-külli miqdarda ziyan vurmaqla), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 312.2-ci (Rüşvət vermə) maddələri ilə ittiham elan edilmiş Ş.Salmanovun bundan öncə Gürcüstan istiqamətində ölkəni tərk etməsi məlum olub.
Fotoda: Cavid Rzazadə
Lakin bu günədək ağır cinayətlərdə ittiham edilən şəxsin tutularaq Azərbaycana gətirilməsi təmin edilməyib: “1981-ci ildə Gürcüstannın Bolnisi rayonunda doğulmuş, Azərbaycan vətəndaşı Şərif Salmanov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsi tərəfindən istintaq olunan cinayət işi üzrə təqsirləndirildə də, ölkə hüdudlarını 22.11.2021-ci il tarixdə Gürcüstan Respublikası istiqamətində tərk edib. Binəqədi Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli 4(001)-1111/2022 nömrəli qərarı ilə barəsində həbs qismində qətimkan tədbiri seçilmiş Salmanov Şərif İdris oğlu ölkə ərazisində törətmiş olduğu cinayətlərlə yanaşı, “TikTok” platforması üzərindən müxtəlif adlar altında profillər açaraq azərbaycanlıları təhqir edir, onların ailə üzvlərinin şəkillərini paylaşır və həmin şəkillərin erməni millətindən olan radikal düşüncəli fərdlərə ötürür.
Salmanov Şərif İdris oğlu hazırda Gürcüstan Respublikasının Tiflis və Batumi şəhərlərində fəaliyyət göstərən “Grand Bellagio” adlı kazinoda işləyir, həmin kazinolardan mütəmadi olaraq “TikTok” platformasında efirlər açır, istifadəsində olan +995-557-21-**-** mobil telefon nömrəsində Azərbaycan Respublikası vətəndaşlarına “WhatsApp” tətbiqi vasitəsilə zənglər edib onları təhdid edir”.
Şərif Salmanova aid həbs qərarı, platforma üzərindən işlətdiyi profillər və sair məlumatları təqdim edən vəkil bildirib ki, onun ölkəmizə ekstradisiya məsələsi yubanır: “Biz göstərilənlərə əsasən Şərif Salmanov barəsində ekstradisiya prosedurunun başlanılmasının təmin olunması üçün Gürcüstan Respublikasının müvafiq qurumları ilə əlaqə saxlayıb Şərif Salmanovun Azərbaycan Respublikasına gətirilərək törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb olunmasının təmin edilməsini xahiş etmişik. Bununla bağlı olaraq Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq İdarəsi, Ədliyyə Nazirliyi Beynəlxalq əməkdaşlıq İdarəsi, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosuna müraciətlər ünvanlamışıq. Xahiş edirik, aidiyyəti qurumlar məsələyə diqqətlə yanaşsınlar və yeri məlum olan, ağır cinayətlərdə ittiham edilən bu şəxsin ölkəmizə gətirilərək mühakimə edilməsini təmin etsinlər”.
Qeyd edək ki, “İTCC” və “Bakı Training mərkəzi”nin rəhbəri olan Ş.Salmanov tez-tez televiziya proqramlarına ekspert kimi də dəvət edilib.
