Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan dünya çempionatında bu gün Azərbaycanın 2 cüdoçusu mübarizəyə qoşulub.
Teleqraf xəbər verir ki, bunlardan biri 90 kq çəki dərəcəsində yer alan yeniyetmələr arasında olimpiya çempionu Vüqar Talıbov olub.
O, 1/32 final mərhələsinə təsadüf edən ilk görüşündə gürcüstanlı Luka Maisuradze ilə üz-üzə gəlib. Qarşılaşma Maisuradzenin qələbəsi ilə yekunlaşıb. Bununla da Talıbov çıxışını erkən başa vurub.
Azərbaycanın daha bir cüdoçusu - 2024-cü ilin Avropa çempionu Elcan Hacıyev isə mübarizəyə 1/16 final mərhələsindən başlayıb. 23 yaşlı idmançı əvvəlcə özbəkistanlı Nurbek Murtozoyevi üstələyib. Növbəti mərhələdə o, Çin Taypeyindən olan Penq-Yu Çen ilə üz-üzə gəlib.
Rəqibini ipponla məğlub edən Hacıyev 1/4 finala yüksəlib. Onun rəqibi çexiyalı Adam Kopeçki olacaq.