Türkiyə siyasətində qalmaqallı fiqur kimi tanınan, Zəfər Partiyasının sədri Ümit Özdağ məhkəmə prosesinin ikinci iclasında azadlığa buraxılıb.
Musavat.com xəbər verir ki, İstanbulun Silivri rayonunda keçirilən prosesdə məhkəmə, Özdağın 2 il 4 ay 3 gün azadlıqdan məhrum edilməsi ilə bağlı hökm çıxarsa da, onun cəzanı təcridxanada çəkməsinə ehtiyac olmadığına qərar verib.
Beləliklə, 148 gün həbsdə saxlanılan Ümit Özdağ təxliyə edilib.
Xatırladaq ki, Ümit Özdağla bağlı ittihamlar 2024-cü il yanvarın 19-da keçirilən partiya toplantısında səsləndirdiyi çıxışa əsaslanır.
Özdağın həmin nitqində prezident Rəcəb Tayyib Ərdoğanla bağlı ifadələri mübahisələr doğurub, prokurorluq bu çıxışda “ictimai nifrət və qarşıdurmanı qızışdırmaq”, “dövlət başçısını təhqir etmək” əlamətləri gördüyünü iddia edib. Prokurorluq Ümit Özdağın 7 il 10 ayadək azadlıqdan məhrum edilməsini tələb etdib.
Məhkəmə prosesini Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş, ana müxalifət liderləri və bir çox partiya nümayəndələri də yerindəcə izləyib.
Ümit Özdağdan ilk açıqlama
Azadlığa buraxıldıqdan sonra partiyası sədri açıqlamasında deyib:
“Bu bir siyasi qərardır. Lakin biz bu prosesi həm Apellyasiya Məhkəməsinə, həm də Yüksək Kassasiya Məhkəməsinə daşıyacağıq. Haqq mübarizəmiz davam edəcək”.
Musavat.com