BAKI, TurkicWorld
Qəzzada 2 milyon insana cəmi 1500 xəstəxana çarpayısı var.
TurkicWorld xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fələstin üzrə nümayəndəsi Rik Peeperkorn Qəzzada səhiyyə sisteminin kritik vəziyyətdə olduğunu bildirib.
Onun sözlərinə görə, 2 milyon insan üçün cəmi 1500 xəstəxana çarpayısı mövcuddur və bu da mövcud humanitar vəziyyətin nə qədər ağır olduğunu göstərir.
Peeperkorn bu açıqlamanı BMT-nin Cenevrə Ofisində keçirilən mətbuat konfransında onlayn iştirak edərək verib. O qeyd edib ki, Qəzzadakı 36 xəstəxanadan yalnız 17-si qismən fəaliyyət göstərir və Qəzzanın şimalında bütün səhiyyə ocaqları fəaliyyətini dayandırıb.
ÜST rəsmisi bildirib ki, bölgənin 80 faizindən çoxu İsrailin “evakuasiya əmrləri” altında qalır, tibbi ləvazimatlar tükənmək üzrədir və ehtiyatların yarıdan çoxu artıq istifadə olunub. Peeperkorn əlavə edib ki, son 100 gündə Qəzzaya heç bir yanacaq daxil olmayıb, bu isə su, kanalizasiya və səhiyyə xidmətlərinin çökməsinə səbəb olur.
“Yanacaq çatışmazlığı infeksiya nəzarəti və xəstəliklərin yayılmasının qarşısının alınması tədbirlərinə də mənfi təsir göstərir. Qəzzada səhiyyə sistemi tamamilə çökür,” – deyə o vurğulayıb.
Qeyd edək ki, yanvarın 19-da qüvvəyə minən atəşkəsdən sonra İsrail ordusu martın 18-də Qəzzaya hücumları yenidən bərpa edib. İsrailin 7 oktyabr 2023-cü ildən bəri həyata keçirdiyi hücumlar nəticəsində indiyədək 55 min 432 fələstinli həyatını itirib, 128 min 923 nəfər yaralanıb.
Mayın 27-dən bəri isə “Qəzzəyə Humanitar Yardım Fondu”nun paylama nöqtələrinə edilən hücumlarda 338 nəfər ölüb, 2831 nəfər yaralanıb. İsrailin bölgədəki hücum planlarını daimi işğala çevirmək istədiyi bildirilir. Baş nazir Benyamin Netanyahu bu planın açıq şəkildə həyata keçiriləcəyini bəyan edib.
İyunun 13-də İrana qarşı başladığı genişmiqyaslı hərbi əməliyyatlar fonunda İsrail, Qəzzaya hücumlarını da paralel şəkildə davam etdirir.