AZ

Tiflis Ankaranın "çətiri" altında: Gürcüstan nə Rusiyaya, nə də Qərbdəki tərəfdaşlarına güvənir

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Türkiyəyə rəsmi səfərə yollanıb. Bu barədə qanunverici orqanın mətbuat xidmətindən bildirilib. Spiker səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşəcək. Ş.Papuaşvilinin başçılıq etdiyi nümayəndə heyətinə vitse-spiker İlya İnciya, Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze, Müdafiə və təhlükəsizlik komitəsinin sədri Aleksandre Tabatadze və Türkiyə ilə dostluq qrupunun rəhbəri Giya Çkoniya daxildir. Parlament sədrinin Ankaraya səfəri iyunun 18-də başa çatacaq.


Hərbi-ekspert Həşim Səhrablı Sherg.az-a bildirib ki, hazırkı vəziyyətdə Gürcüstan tərəfinin bu qədər geniş və önəmli şəxslərdən ibarət nümayəndə heyəti ilə Türkiyəyə səfər etməsinin tək bir səbəbi var:

“İran-İsrail qarşıdurması  dolayı yolla İran simasında Şərqin, xüsusən də Çinin, İsrail simasında isə Qərbə, əsasən ABŞ-yə qarşı müharibəsidir. İran və İsrail nə qədər güclü dövlətlər olsalar da, onlar Çin və ABŞ kimi qlobal güclərin dəstəyinə arxalanmadan bu cür ciddi əməliyyatlara başlaya bilməzlər. Gürcüstan bütün bu prosesləri izləyir və anlayır ki, Cənubi Qafqaz regionu artıq canlı münaqişə zonasıdır və Ukraynada baş verən müharibə fonunda yaxın gələcəkdə burada da müharibə ssenariləri mümkündür. Belə olan halda Gürcüstan çox ciddi təlatümlərlə üz-üzə qala bilər. Bu vəziyyətdə Gürcüstan nə Rusiyaya, nə də Qərbdəki tərəfdaşlarına güvənir. Rusiya Gürcüstanı hələ də özünün “arxa həyəti” kimi görür. Hər kəsə bəllidir ki, Moskva Cənubi Qafqazı yenidən nəzarət altına almaq niyyətindən əl çəkməyib. Avropa dövlətləri isə regiondan çox uzaqdadır. Onlar hətta coğrafi baxımdan daha yaxın olan Ukraynanı tam şəkildə müdafiə edə bilmirlər. Avropanın öz təhlükəsizlik problemlərindən danışmağa başlaması da bu məsələni daha da ağırlaşdırır. Belə olan halda Gürcüstanın müdafiəsi onların prioritetləri arasında yer almır.
ABŞ isə hazırda xarici siyasətində kifayət qədər ciddi çağırışlarla üz-üzədir. Elə bu səbəbdən də Gürcüstan və ya Ermənistanın müstəqilliyinin qorunması, ya da bu ölkələrin təcavüzdən müdafiəsi Amerika Birləşmiş Ştatlarının əsas gündəmində deyil. Hazırda ABŞ-nin diqqəti əsasən Çin və Rusiyaya qarşı qlobal mübarizəyə, həmçinin Afrika və Yaxın Şərqdəki sərvətlərə yönəlib”.

Ekspert qeyd edib ki, bütün bu faktorları nəzərə alaraq Gürcüstan tərəfi bu təlatümlü dövrdə Cənubi Qafqazda öz müstəqilliyini və təhlükəsizliyini təmin edə biləcək yeganə real gücün Türkiyə olduğunu hesablayır:
“Çünki Türkiyə bu gün nə Qərbdən, nə də Şərqdən yana açıq şəkildə tərəf tutmayıb. Münaqişələrə birbaşa cəlb olunmadan daha çox balanslı və neytral siyasət yürütməyə çalışır. Bu da onun potensialını qoruyub saxlamasına imkan verir. Türkiyənin hərbi sənayesi isə gündən-günə inkişaf edir. Eyni zamanda Türkiyə ilə Rusiya arasında müəyyən geosiyasi maraqların kəsişdiyi nöqtələr var. Bununla yanaşı, Türkiyənin Çinlə də normal münasibətləri mövcuddur. Türkiyə NATO çərçivəsində isə həm Qərb dövlətləri, həm də ABŞ ilə müttəfiqlik əlaqələrini qoruyub saxlayır. Belə bir geosiyasi mənzərə fonunda Gürcüstan Türkiyə ilə əlaqələrini maksimum dərəcədə gücləndirmək istəyir. Məqsəd öz müstəqil xarici siyasət kursunu qorumaq və bu istiqamətdə Türkiyədən dəstək almaqdır”.

H.Səhrablı söyləyib ki, bu səfər çərçivəsində əsas müzakirə mövzuları regionda və Yaxın Şərqdə baş verən hadisələr, Ukrayna müharibəsinin gedişatı, həmçinin Türkiyə-Gürcüstan arasında hərbi-siyasi və iqtisadi əlaqələrin dərinləşdirilməsi olacaq:
“Əgər məsələyə Ankara prizmasından baxsaq, bu, Türkiyə üçün də mühüm addımdır. Görünür ki, Türkiyə artıq uzun illərdir davam etdirdiyi İslam dünyasını birləşdirmək siyasətinin reallaşmasının çətin olduğunu anlamağa başlayıb. Çünki Ərəb ölkələrinin bir hissəsi Qərbin təsirinə düşərək pozucu davranış sərgiləyir, bəziləri isə liderlik iddiaları ilə çıxış edir. Amma bu iddiaların arxasında real güc və potensial dayanmır. Məsələn, Misirdə baş verənlər bu vəziyyətin bariz nümunəsidir. Hazırda Yaxın Şərqdə Qərbin təşəbbüsü ilə formalaşan anti-Türkiyə koalisiyaları var və onların tərkibi əsasən müsəlman ölkələrindən ibarətdir. Bu səbəbdən Türkiyə yeni strateji istiqamət olaraq Türk dünyasına üz tutub. Məqsəd bu istiqamətdə yeni güc mərkəzi formalaşdırmaq və dünya siyasətində güclü mövqe qazanmaqdır. Təbii ki, Türk dünyasına açılan qapı Azərbaycandan, dolayısı ilə isə Cənubi Qafqazdan keçir. Bu kontekstdə Gürcüstan da vacib bir ölkəyə çevrilir. Bundan əlavə, Rusiya ilə baş verə biləcək regional qarşıdurmalar və ya rəqabət fonunda Gürcüstanın Türkiyə ilə yaxın əlaqələrdə olması ona əlavə üstünlüklər gətirə bilər. Bütün bu regional və qlobal çağırışlar fonunda həm Türkiyə, həm də Gürcüstan tərəfi əməkdaşlığı daha da gücləndirməyə çalışacaq. Hazırkı vəziyyətdə tərəflər arasında ciddi ziddiyyət yarada biləcək mühüm bir məsələ görünmür. Hətta bu görüşdən sonra tərəflərin konkret və vacib qərarlar qəbul edəcəyi də mümkündür”.
Seçilən
5
1
sherg.az

2Mənbələr