Azərbaycan məhsullarının xarici bazarlarda tanıdılması və ixracın stimullaşdırılması istiqamətində atılan addımlar çərçivəsində “Made in Azerbaijan” brendi altında yerli sahibkarlara beynəlxalq sərgi və yarmarkalarda dövlət dəstəyi ilə iştirak imkanı yaradılır. Bu yanaşma milli brendin qlobal səviyyədə tanıdılmasına, məhsulların xarici bazarlara çıxışına və ixrac imkanlarının genişləndirilməsinə xidmət göstərir.
Belə ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı üzrə həyata keçirilən dövlət strategiyası çərçivəsində bu istiqamətə ardıcıl və məqsədyönlü addımlar atılır. Xatırladaq ki, Prezident İlham Əliyevin 5 oktyabr 2016-cı il tarixli fərmanına əsasən, yerli ixracatçılar üçün “Made in Azerbaijan” brendi altında beynəlxalq sərgi və yarmarkalarda iştirak etmək imkanı yaradılıb. Bu təşəbbüs yerli istehsalçılara dünya bazarına çıxış imkanı verməklə yanaşı, məhsullarının keyfiyyətini və rəqabət qabiliyyətini beynəlxalq aləmdə nümayiş etdirmək baxımından da mühüm əhəmiyyət kəsb edir.
Vahid ölkə stendi milli brendin tanıdılması aləti kimi
Beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə iştirak dövlət proqramı çərçivəsində əsas dəstək tədbirlərindən birinə çevrilib. Bu, sadəcə kollektiv iştirak formatı deyil, həm də Azərbaycandan olan ixracatçılara məhsullarını dünyanın istənilən yerindən minlərlə potensial tərəfdaşlara, investorlara və alıcılara təqdim etmək üçün real imkan yaradan sərfəli mexanizmdir.
Bu məqamda qeyd edək ki, sərgidə vahid ölkə stendi altında iştirak üçün Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracı ilə məşğul olan istənilən şirkət müraciət edə bilər. Əsas şərt sərginin mövzusuna uyğunluq və lazımi sənədlərin tam şəkildə təqdim edilməsidir. Sənədlər toplusuna doldurulmuş ərizə və iştirak şərtləri ilə bağlı razılaşma, şirkətin istehsal və ixrac potensialı və ixrac əməliyyatlarında təcrübəsi haqqında məlumat, dövriyyə və son bir ildə borcunun olmaması haqqında vergi orqanından arayış, eləcə də son 12 ay ərzində maliyyə fəaliyyətini təsdiq edən bank hesabından çıxarış daxildir.
Azərbaycanın hər hansı bir sərgi və ya yarmarkada vahid ölkə stendi ilə iştirakı barədə elan müsabiqə seçiminin başlanmasına ən azı 25 gün qalmış İqtisadiyyat Nazirliyinin və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəsmi internet saytlarının müvafiq olaraq “Elanlar” və “Sahibkarların nəzərinə” bölmələrində dərc olunur. Elanda sərginin keçirilmə tarixi və yeri, ixracatçıların maksimum sayı, tədbirin əhatə etdiyi məhsullar barədə məlumatlar, sənədlərin qəbulu üçün son tarix və əlaqə vasitələri göstərilir.
Qlobal ambisiyaları olan milli brend
“Made in Azerbaijan” brendi artıq yerli məhsulların xaricdə tanıdılması üçün effektiv vasitə kimi özünü doğruldub. Beynəlxalq sərgi və yarmarkalarda iştirak yeni bazarlara çıxış imkanı yaratmaqla yanaşı, qabaqcıl təcrübələrin öyrənilməsi, işgüzar əlaqələrin qurulması və Azərbaycan məhsullarının keyfiyyətini, innovativliyini və rəqabət qabiliyyətini dünya miqyasında tanıtmaq üçün fürsətdir.
İnkişafa və beynəlxalq uğura can atan bütün sahibkarlar “Made in Azerbaijan” hərəkatına qoşularaq məhsullarını dünya bazarlarına çıxara, xarici bazarlarda mövqelərini gücləndirə və Azərbaycanın iqtisadi gələcəyinə dəyərli töhfə verə bilərlər.
Azərbaycan şirkətləri artıq bu il “The Saudi Food Show” (Ər-Riyad) və “Russia Halal Expo” (Kazan) kimi sərgilərdə “Made in Azerbaijan” vahid ölkə stendi altında iştirak edərək məhsullarını təqdim ediblər. Hazırda AZPROMO yerli şirkətlərin “KazBuild” (Almatı), “WorldFood Moscow” (Moskva) və “Anuga Food Fair” (Köln) beynəlxalq sərgilərdə iştirakı üçün müraciətlərin qəbulunu elan edib. Eyni zamanda, “Big 5 Global” (Dubay) və “China International Import Expo” (Şanxay) kimi nüfuzlu sərgi və yarmarkalarda da yerli şirkətlərin təmsil olunması nəzərdə tutulur.