Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakı, 17 iyun, AZƏRATC
Dünyada baş verən qlobal istiləşmə və iqlim dəyişikliyi nəticəsində torpaqların deqradasiyaya uğraması və məhsuldarlığını itirməsi probleminə dünyanın diqqətini çəkmək üçün hər il iyunun 17-si Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Günü kimi qeyd olunur.
Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Səhralaşmaya qarşı Mübarizə üzrə Konvensiyasının ölkə üzrə milli əlaqələndiricisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşı Toğrul Feyziyev bildirib.
“Mövcud tədqiqat və qiymətləndirmələr göstərir ki, ölkəmiz də qlobal istiləşmənin təsirlərinə məruz qalır. Xüsusilə düzənlik, dağətəyi və alçaq dağlıq ərazilərdə səhralaşmaya meyillilik müşahidə olunur. Həmin ərazilər, əsasən, Naxçıvan Muxtar Respublikası, Ceyrançöl, Acınohur alçaq dağlığı, Kür-Araz ovalığı, Gəncə-Qazax maili düzənliyi, Böyük Qafqazın cənub-şərq hissəsi, Abşeron yarımadası, Samur-Dəvəçi ovalığını əhatə edir.
Azərbaycan 1998-ci ildən BMT-nin Səhralaşmaya qarşı Mübarizə üzrə Konvensiyasına qoşulub və bu sahədə beynəlxalq öhdəliklərin yerinə yetirilməsində fəal iştirak edir. Bu çərçivədə ölkədə yeni meşə və yaşıllıq sahələri salınır, deqradasiyaya uğramış torpaqların neytral balansının saxlanılması istiqamətində tədbirlər həyata keçirilir.
Azərbaycanın bu sahəyə göstərdiyi diqqət və həssas yanaşma nəticəsində 2023-cü ilin dekabrında BMT-nin Səhralaşmaya qarşı Mübarizə üzrə Konvensiyasının Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilən 16-cı Tərəflər Konfransında ölkəmiz yekdilliklə 2024-2026-cı illər üçün Konvensiyanın Mərkəzi və Şərqi Avropa regionu üzrə sədr seçilib.
Bundan əlavə, 2023-cü ildən etibarən BMT-nin Kənd Təsərrüfatı Təşkilatı və Qlobal Ətraf Mühit Fondunun dəstəyi ilə “Torpaq deqradasiyası neytrallığına nail olmuş Azərbaycana doğru” layihəsi həyata keçirilir və layihə çərçivəsində ölkənin bu sahədə strateji hədəfləri müəyyən olunur.
Ölkədə hər il səhralaşmaya həssas ərazilərdə xüsusi suvarma metodları tətbiq edilməklə genişmiqyaslı yaşıllaşdırma aksiyaları keçirilir. 2024-cü il ərzində ölkədə 6 milyona yaxın ağacın əkilməsi səhralaşma ilə mübarizəyə mühüm töhfədir.
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq 2030-cu ilədək ölkədə yaşıllıq sahələrinin payı artırılacaq, yararsız torpaq sahələri bərpa olunacaq, deqradasiya və səhralaşmaya qarşı mübarizə aparılacaq”, - deyə T.Feyziyev bildirib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.