Premyer Liqaya vəsiqə qazanan “İmişli” klubu transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisi bir müddətdir bəzi futbolçularla danışıq aparır. Bunlar “Neftçi”dən ayrılan Azər Salahlı, “Zirə” ilə müqaviləsi olan Fuad Bayramov və “Sumqayıt”da çıxış edən Nihad Əhmədzadədir.
Bölgə təmsilçisi rəhbərliyi 3 futbolçunun da xidmətində maraqlıdır. Tərəflər arasında danışıqlar davam etsə də, hələlik konkret razılaşma yoxdur.
Rəhbərlik bu oyunçuların keçidi üçün çalışır. Artıq hər üç futbolçuya da təklif göndərilib.
Ancaq Fuadın “Zirə” ilə, Nihadın isə “Sumqayıt”la müqaviləsi davam edir. Azər Salahlı isə seçim qarşısındadır. Bir neçə təklifi olan təcrübəli futbolçu hələ də qərarını verməyib.
Bu səbəbdən də “İmişli”nin transferləri yubanır.