Səriyyə Əhmədova adlı istifadəçi NOTE mağazasının 28 May filialında qarşılaşdığı vəziyyəti bölüşüb. AzPost xəbər verir ki, şikayətçi bildirib ki, kassada ödəniş etdikdən dərhal sonra aldığı məhsulun eyni qiymətə, yalnız rəng fərqi olan digər versiyasını almaq istəyib. Lakin mağaza əməkdaşı ödənişdən sonra kosmetik məhsulun dəyişdirilməsinin mümkün olmadığını bildirib. İndi isə vətəndaş soruşur — bu halda müştəri nə etməlidir və bu, qanunidir, ya yox?
Qanunvericilik nə deyir?
Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununun 15-ci maddəsinə əsasən, istehlakçı satın aldığı malı dəyişdirmək və ya qaytarmaq hüququna malikdir. Lakin qida məhsulları, dərman vasitələri və fərdi istifadə üçün nəzərdə tutulan gigiyena və kosmetik vasitələr bu qaydanın istisnasıdır.
Yəni, gigiyenik və kosmetik məhsullar kateqoriyasına aid olan mallar mağazanı tərk etdikdən və ödənişdən sonra istehlakçının şəxsi istəyi ilə dəyişdirilə və ya qaytarıla bilməz. Bunun istisnası yalnız məhsulun qüsurlu olmasıdır (məsələn, açıldıqda zədələnmiş, istifadə müddəti bitmiş və ya keyfiyyətsiz çıxması).
Nə etməli?
Əgər vətəndaş mağaza qaydalarından əvvəlcədən xəbərdar deyilsə, alış-veriş zamanı satıcıdan bu barədə məlumat tələb edə və ya mağazanın qayda lövhəsinə baxa bilər. Həmçinin, məhsul alışından əvvəl seçimini dəqiqləşdirmək mütləqdir.
Dəyişiklik və ya qaytarma hüququ yalnız aşağıdakı hallarda tətbiq edilə bilər:
Məhsul qüsurlu olarsa
Yanlış məhsul təqdim edilibsə
Məhsulun istifadə müddəti bitmişdirsə
Əks halda, kosmetik məhsulun rəng və model fərqinə görə dəyişdirilməsi mağazanın insafına bağlıdır və qanun bunu məcburi etmir.