AZ

Kiyevdə matəm günü elan olundu

Rusiya hərbçilərinin Ukrayna paytaxtına kütləvi hücumu nəticəsində həlak olanlar üçün sabah, iyunun 18-də Kiyevdə matəm günü elan edilib.

Modern.az bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçkonun “Telegram” kanalına istinadla xəbər verir.

Qurbanların xatirəsinə ehtiram əlaməti olaraq bütün bələdiyyə binalarında bayraqlar endiriləcək. Bu qaydaya dövlət orqanları və özəl qurumlarda əməl edilməsi tövsiyə olunur.

Bu gün şəhərdə bütün əyləncə tədbirlərinin keçirilməsi qadağandır. Raket zərbələrindən sonra dağıntıların altından insanların çıxarılması davam edir. Hazırda Darnitski rayonunda 3 nəfərin öldüyü təsdiqlənib.

Kliçkonun sözlərinə görə, Solomenski rayonunda axtarış-xilasetmə əməliyyatları davam edir. Yaralıların ümumi sayı artıq 114 nəfərə çatıb.

Qeyd edək ki, iyunun 17-nə keçən gecə Rusiya “Şahed” tipli hücum pilotsuz uçuş aparatları və müxtəlif növ raketlərdən istifadə etməklə Kiyevə kütləvi hücum həyata keçirib.

Gecə ərzində şəhərə 400-dən çox zərbə endirilib, onların əhəmiyyətli hissəsi hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub, lakin bəzi raketlər hədəflərinə çatıb.

Hücum nəticəsində yaşayış binalarına, infrastruktura və nəqliyyata ziyan dəyib. Xüsusilə, paytaxtın Darnitski, Solomenski və digər rayonları zərər görüb. Rəsmi məlumatlara görə, azı 14 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.

Xilasetmə xidmətləri dağıntıları təmizləməyə və hücumun nəticələrini aradan qaldırmağa davam edir.

Seçilən
12
1
modern.az

2Mənbələr