AZ

Aktauda Birinci Azərbaycan Qazaxıstan Yay Gənclər Məktəbi təşkil olunub

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Astana, 17 iyun, AZƏRTAC

Qazaxıstanın Aktau şəhərində “Azərbaycan və Qazaxıstan: “Konstitusiya və Suverenlik İli”ndə əlaqələrin möhkəmləndirilməsi” adlı Birinci Azərbaycan - Qazaxıstan Yay Gənclər Məktəbi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, məktəb Aktauda fəaliyyət göstərən “Azərbaycan Mərkəzi” İctimai Fondu tərəfindən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə, ölkəmizin Aktaudakı Baş Konsulluğu və Qazaxıstanın Ş. Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin dəstəyi ilə reallaşdırılıb.

Məktəbin işində Azərbaycan, Qazaxıstan və digər türk dövlətlərindən 40-dan çox dinləyici, Manqistau vilayətinin Fövqəladə Hallar Departamentinin əməkdaşları, Bakı Dövlət Universitetinin professoru Eldar Cəfərov və Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müdiri Elvin Talışinski iştirak ediblər.

Məktəb konstitusiya quruculuğu, suverenlik tarixi və mədəniyyətlərarası dialoq sahəsində təcrübə və bilik mübadiləsi aparmaq üçün iştirakçılara əlverişli şərait yaradıb, iki ölkənin tarixini, mədəniyyətini və ictimai həyatını dərindən anlamağa imkan verib.

Bağlanış mərasimində iştirakçılarla yanaşı, Azərbaycan, Türkiyə, Özbəkistan və Türkmənistanın baş konsulları, həmçinin baş konsulluqların əməkdaşları da iştirak ediblər.

Tədbirdə çıxış edən ölkəmizin Aktaudakı baş konsulu Ayxan Süleymanlı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildiyini, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycanın ilk Konstitusiyasının 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunduğunu və həmin tarixdən etibarən noyabrın 12-nin ölkəmizdə Konstitusiya Günü kimi qeyd edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. O vurğulayıb ki, Konstitusiya suveren dövlətin ayrılmaz atributu, onun müstəqilliyinin və öz müqəddəratını təyin etməsinin simvoludur.

“Azərbaycan Mərkəzi”nin direktoru İlkin Orucov çıxışında Yay Gənclər Məktəbinin fəaliyyətinin yekunlarını açıqlayıb, onun əməkdaşlığın inkişafına və Azərbaycan ilə Qazaxıstan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfəni qeyd edib, mədəniyyətlərarası dialoqun və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Sabit Məmmədov ölkələr arasında əlaqələrin möhkəmləndirilməsində gənclərin rolunu önə çəkərək Yay məktəbinin bütün iştirakçılarına və təşkilatçılarına təşəkkürünü bildirib.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
azertag.az

1Mənbələr