AZ

O, həm də həkim kimi verdiyi sözü tutdu...

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Qazax, 17 iyun, Ruslan Novruzoğlu, AZƏRTAC

İyunun 17-si Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı Günüdür. AZƏRTAC-ın bölgə müxbirinin reportajının qəhrəmanı da şəhidlik zirvəsinə yüksələn tibb xidməti leytenantı Adil Əfəndiyevdir.

2020-ci il sentyabrın 27-si. Bizi böyük Qələbəyə, Zəfərə aparan yolun başlanğıcı. Beş il əvvəl haqq savaşımıza məhz o gün başladıq və 44 gün davam edən müharibədə şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Qələbə qazandı. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız müzəffər ordumuzun, əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində azad edildi.

Vətən müharibəsində 25 yaşında şəhidlik zirvəsinə ucalan oğullardan biri də tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğludur.

Adil Əfəndiyev peşəsinin vurğunu idi. Baba və nənəsinin arzularını yaşadırdı. Babasının hərbçi olmaq, nənəsinin isə həkim olmaq arzusunu çin etmişdi. Tibb xidməti leytenantı olaraq həm Vətənin keşiyində dayanır, həm də həkim kimi “Hippokrat andı”na həmişə sadiq idi.

Vətən müharibəsində tərəddüd etmədən döyüşlərə qoşuldu. İllərdir düşmən tapdağında qalan torpaqlarımızı azad edəcək, həkim kimi yaralı döyüş yoldaşlarına, əsgərlərimizə, hərbçilərimizə yardım göstərəcəkdi. Bu arzu ilə döyüşlərə qatıldı və qəhrəmanlıq dolu yol keçdi. Bu yol 2020-ci ilin 22 oktyabrına kimi davam etdi. Şəhidlik zirvəsinə ucalanadək yüzlərlə döyüş yoldaşını ölümün pəncəsindən xilas etdi, yardım göstərdi. Dostluqda sadiq olan Adil elə şəhidlik zirvəsinə də öz komandirini xilas edərkən ucaldı. O, sözünü tutdu, torpaqlarımızı azad edərək həm hərbçi, həm də həkim kimi adını tarixə yazdı.

Qəhrəman şəhidimiz Qazax şəhər qəbiristanlığında dəfn edilib. Subay idi.

25 yaşında şəhidlik zirvəsinə ucalan tibb xidməti leytenantı Adil Əfəndiyevin döyüş meydanında göstərdiyi igidlik Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib O, ölümündən sonra "Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Qazax şəhərində küçələrdən birinə onun adı verilib.

Qəhrəman şəhidimizin adını əbədiləşdirmək üçün Qazax Rayon Mərkəzi Xəstəxanasının qarşısında bulaq-abidə kompleksi inşa olunub, Qazaxda və Bakıda yaşadığı binanın önünə barelyefi vurulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
azertag.az

1Mənbələr