AZ

Qərbi Sibirdə 200 milyon illik flora və fauna izləri tapıldı

Qərbi Sibirin Novokuznetsk vilayətində aparılan qazıntılar nəticəsində bəşər tarixi üçün mühüm əhəmiyyət daşıyan kəşfə imza atılıb. AzPost xəbər verir ki, Tomsk Dövlət Universitetinin paleontoloqları Yura dövrünə — təxminən 200 milyon il əvvəl Yer kürəsində mövcud olmuş heyvan və bitki qalıqlarını üzə çıxarıblar.

Universitetin mətbuat xidmətinin yaydığı məlumata görə, bu tapıntılar Erkən və Orta Yura dövrlərinin sərhədində baş vermiş kütləvi nəsli kəsilmə dövrünə aiddir. Məhz həmin dövrdə planetdə mövcud olmuş canlı növlərinin mühüm hissəsi yoxa çıxmışdı.

Tədqiqatçılar peyk görüntülərinin təhlili vasitəsilə Novokuznetsk vilayətinin Tarbaqay silsiləsində qədim çöküntüləri aşkar ediblər. Ərazidə aparılan qazıntılarda 187 milyon il əvvələ aid flora və fauna izləri gün üzünə çıxıb. Tapılan qalıqlar arasında həm müasir canlıların əcdadları, həm də nəsli tamamilə kəsilmiş növlər var.

Ən maraqlı tapıntılardan biri isə Chekanowskia adlı qədim bitkiyə məxsus izlər olub. Bu bitki müasir iynəyarpaqlıların uzaq qohumu sayılır və 30 sm-ə çatan iynə formalı yarpaqları ilə seçilib. Onun müasir söyüdü xatırladan çoxbucaqlı yarpaqları qədim çay daşqınları zamanı geniş ərazilərdə yayılıb. Lakin qrup halında yaşayan bu bitkilər zamanla tamamilə məhv olub.

Paleontoloqlar bununla yanaşı qədim qıjılar, balıqlar, xərçəngkimilər və müxtəlif həşərat qalıqları da aşkar ediblər. Qazıntı işlərinin nəticəsində ümumilikdə 40 kiloqramdan artıq fosil nümunəsi toplanıb.

Ekspedisiyanın elmi rəhbəri Stepan İvantsov bildirib ki, bu tapıntılar Sibirin qədim ekosistemlərinin təkamülü, həmçinin Avropa və Çin hövzələri ilə olan bio-coğrafi əlaqələri barədə yeni məlumatlar əldə etməyə imkan verəcək.

Qazıntının maraqlı məqamlarından biri də budur ki, alimlər bu tapıntını Toarcian anoksik hadisəsi ilə əlaqələndirirlər. Xatırladaq ki, 183 milyon il əvvəl baş vermiş bu qlobal fəlakət dövründə vulkanik fəaliyyət və istixana qazlarının emissiyası nəticəsində okeanlar turşulaşıb və canlıların böyük hissəsi məhv olub.

Mütəxəssislər hesab edir ki, bu qədim ekoloji böhranı öyrənmək, hazırda yaşanan iqlim dəyişikliyi və qlobal istiləşmənin yaxın perspektivdə hansı nəticələr doğuracağını proqnozlaşdırmağa kömək edə bilər.

AzPost.az

Seçilən
8
1
azpost.info

2Mənbələr