AZ

Avrasiyanın “Üçlük Birliyi”: Azərbaycan-Türkiyə-Pakistan ittifaqı regional geoiqtisadi vəziyyəti necə dəyişir? - MÜSAHİBƏ

Bakı, 17 iyun, Tamilla Məmmədova, AZƏRTAC

Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə güclənir. Yaxşı və çətin günlərdə hər zaman bir-birinin yanında olan, həmrəylik, dəstək göstərən Azərbaycan-Türkiyə-Pakistanın ötən ay Laçında ikinci üçtərəfli Zirvə görüşü baş tutdu. Ölkələr ortaq din, xalqların birgə tarixi, mədəniyyət və dəyərlər əsasında bir-birinə bağlıdır. Siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın birgə layihələr və proqramlar vasitəsilə daha sürətlə inkişaf edəcəyinə olan əminlik bu birliyi üçtərəfli formatda bir daha möhkəmləndirir.

Ötən dövr ərzində Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoyub, Pakistan iqtisadiyyatına isə 2 milyard dollar investisiya qoymağa hazırdır. Hazırda konkret investisiya layihələri üzrə işlər gedir. Həmçinin Azərbaycan və Türkiyənin əməkdaşlığı yalnız bölgənin deyil, geniş coğrafiyanın enerji xəritəsini dəyişib. Ölkələr enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rola malik olub və bu gün bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib. Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Multimodal yük marşrutunun inkişafı yolu ilə Pakistanın da bu təşəbbüsdə yaxından iştirakı əməkdaşlığa daha da təkan verəcək. Bununla yanaşı hər 3 ölkə rəqəmsal innovasiyalar, süni intellekt və kosmik texnologiyalar kimi yeni əməkdaşlıq sahələrini araşdırır. Eyni zamanda, beynəlxalq platformalarda və təşkilatlarda Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), habelə D-8 kimi beynəlxalq platformalarda birgə səylər hər ötən gün daha da möhkəmlənir.

Bütün bunları nəzərə alaraq AZƏRTAC Türkiyənin xarici siyasət, təhlükəsizlik və beynəlxalq münasibətlər üzrə eksperti, siyasi analitik Engin Özerlə üç qardaş ölkə arasında mövcud iqtisadi münasibətlər ilə bağlı müsahibə hazırlayıb. Engin Özer Cəlaləddin Rumi adına Strateji Tədqiqatlar İnstitutunun direktoru, həmçinin Türkiyənin, Mərkəzi Asiyanın və Yaxın Şərqin aparıcı beyin mərkəzlərində dəvətli ekspert kimi fəaliyyət göstərir.

Azərbaycan-Türkiyə-Pakistan münasibətləri ilə bağlı müsahibəyə pakistanlı ekspert, beynəlxalq münasibətlər üzrə fəlsəfə doktoru (PhD) Yasir Məsudu da cəlb etmişik. Yasir Məsudun elmi tədqiqat sahələrinə Pakistanın xarici siyasəti, “Bir kəmər, bir yol” təşəbbüsü (BRI), Çin-Pakistan İqtisadi Dəhlizi (CPEC), Hind-Sakit Okean və Cənubi Asiya geopolitikası, Çin-ABŞ münasibətləri və Çin xarici siyasəti daxildir.

- Engin bəy, Azərbaycan, Türkiyə və Pakistan arasında qarşılıqlı investisiyalar üçün prioritet sahələr hansılardır?

- Son illərdə Azərbaycan ilə Türkiyə arasında əməkdaşlıq, xüsusilə də neft-kimya sənayesində əhəmiyyətli dərəcədə güclənib. Bu baxımdan SOCAR-ın Türkiyədə neft emalı zavodlarının tikintisi və modernləşdirilməsində iştirakı ikitərəfli tərəfdaşlığın strateji xarakter daşıdığını aydın şəkildə göstərir. Ukrayna müharibəsi nəticəsində Avropada təbii qaz tələbatının artması fonunda Azərbaycanın və Türkmənistanın qazının Türkiyə ərazisindən nəqli ilə bağlı yeni iri layihələr gündəmə gələ bilər. Eyni zamanda, Azərbaycan Şərqi Afrikaya yönəlmiş xarici siyasi və iqtisadi strategiyanı fəallaşdırır. Gələn il Bakıda keçiriləcək Türkiyə–Afrika Forumu və Azərbaycanın bu tədbirdə həmsədr ölkə qismində iştirakı Afrika istiqamətində genişlənməni nəzərəçarpacaq dərəcədə sürətləndirəcək. Ankaranın siyasi təsirinin artdığı Liviya, Somali, Sudan və Suriya kimi ölkələrdə Azərbaycan və Türkiyə birgə konsorsiumlar yaradaraq enerji sektorunda investisiya layihələri həyata keçirə bilərlər. Belə təşəbbüslərə Pakistanın da qoşulması strateji baxımdan mühüm əhəmiyyət daşıyacaq. Azərbaycan və Pakistanın “Bir kəmər, bir yol” adlı Çin təşəbbüsündə oynadığı geostrateji rolu nəzərə alaraq, qarşılıqlı ticarət həcminin artırılması son dərəcə vacibdir. Bu kontekstdə əsas vəzifələrdən biri iki ölkə arasında gömrük rejiminin sadələşdirilməsidir.

- Cənab Məsud, Azərbaycan, Türkiyə və Pakistan arasında Avrasiya nəqliyyat-logistika sistemində iqtisadi əməkdaşlıq potensialını necə qiymətləndirirsiniz?

- Potensial olduqca böyükdür. Bu üçtərəfli tərəfdaşlıq Pakistanın ticarət marşrutlarını şaxələndirmək, regional təsirini gücləndirmək və ənənəvi dəniz dəhlizlərindən asılılığı azaltmaq kimi strateji məqsədləri ilə sıx şəkildə üst-üstə düşür. “Bir kəmər, bir yol” (BRI) təşəbbüsü, Lapis-Lazuli dəhlizi və Orta Dəhliz (TransXəzər Beynəlxalq Nəqliyyat Dəhlizi) kimi layihələr vasitəsilə formalaşmaqda olan Avrasiya nəqliyyat memarlığı daha dərin inteqrasiyaya zəmin yaradan infrastruktur və siyasi impuls formalaşdırır. Tarix baxımdan bizim Türkiyə və Azərbaycanla əlaqələrimiz ortaq dinə, mədəniyyətə, Kəşmir və Qarabağ kimi məsələlərdə qarşılıqlı dəstəyə əsaslanır. 2021-ci ildə imzalanmış İslamabad və Bakı Bəyannamələri ticarət, nəqliyyat, enerji və investisiyalar sahəsində əməkdaşlıq üçün möhkəm institusional baza yaradıb. Pakistan və Türkiyə ikitərəfli ticarət dövriyyəsini 5 milyard dollara çatdırmaq niyyətindədirlər və üçtərəfli format bu hədəfi Azərbaycana da şamil etməyə imkan verir. Çin-Pakistan İqtisadi Dəhlizinin Xəzər limanlarına və Türkiyə dəmir yollarına birləşdirilməsi kimi nəqliyyat dəhlizlərinin koordinasiyalı inkişafı tranzit vaxtını və xərcləri əhəmiyyətli dərəcədə azalda bilər. Azərbaycanın enerji təchizatçısı, xüsusən də maye təbii qaz (LNG) ixracatçısı kimi rolu, Pakistanın enerji qıtlığını aradan qaldırmağa kömək edə bilər. Lakin müəyyən çətinliklər də qalır. Buna baxmayaraq, üç ölkə arasında siyasi iradənin mövcudluğu bizə ümid verir ki, bu çətinliklər siyasətin koordinasiyası və investisiyalar yolu ilə aradan qaldırıla bilər.

- Engin bəy, Pakistan, Azərbaycan və Türkiyəni birləşdirən dayanıqlı nəqliyyat-logistika zəncirinin yaradılması perspektivini necə qiymətləndirirsiniz? Gələcəkdə birbaşa Kəraçi-Bakı-Mersin və ya Kəraçi-Bakı-Qars-Avropa marşrutunun formalaşması mümkündürmü?

- Logistika baxımından bu üç ölkənin birbaşa əlaqələndirilməsi İranın gələcəyindən birbaşa asılıdır. Kəraçi–Bakı dəmir yolu xəttinin reallaşdırılması İran və Azərbaycanın qəbul edəcəyi siyasi qərarlarla sıx bağlıdır. Bakı və Tehran “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Marşrutunda tərəfdaş olsalar da, Pakistan ilə Hindistan arasında az intensivliklə davam edən münaqişə fonunda İranın bu layihədə iştirakının məqsədəuyğunluğuna inandırılması əsas məsələ olaraq qalır. Bu kontekstdə Prezident Məsud Pezeşkianla Azərbaycan Prezidenti Əliyevin başladığı əməkdaşlıq strategiyası praqmatik və konstruktiv görünür. Hazırkı qeyri-müəyyənlik Kəraçi–Bakı–Qars marşrutunun reallaşdırılmasını təxirə salsa da, orta müddətli perspektivdə bu layihənin yenidən gündəmə qayıtması tamamilə mümkündür.

- Cənab Məsud, ümumilikdə bu üçtərəfli tərəfdaşlığın perspektivlərini və onun Pakistanın strateji hədəfləri baxımından əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Pakistanın strateji baxışından bu üçtərəfli tərəfdaşlıq böyük potensiala malikdir. Bu, bizim regional inteqrasiya, enerji təhlükəsizliyinin təmin olunması, ticarətin şaxələndirilməsi və geosiyasi əhəmiyyətin artırılması kimi hədəflərimizi tamamlayır. CPEC-i Lapis-Lazuli dəhlizi və Orta Dəhliz kimi Avrasiya nəqliyyat şəbəkələrinə birləşdirməklə biz sadəcə ticarətlə məşğul olmuruq – biz regional əlaqəliliyin yeni arxitekturasını formalaşdırırıq. Bu baxışda Azərbaycanın rolu açardır, Türkiyə isə bizi Avropa bazarlarına çıxışla təmin edir. Əgər bu üç ölkə infrastruktur layihələrini sinxron şəkildə inkişaf etdirə, siyasətlərini uyğunlaşdıra və strateji sərmayə yatırımları edə bilsələr, bu tərəfdaşlıq təkcə bizim üçün deyil, bütün Avrasiya məkanı üçün transformativ amilə çevrilə bilər. Aparıcı pakistanlı analitik kimi mən nikbinliyimi qoruyuram. Bu ittifaq rifaha töhfə verə, regionun dayanıqlığını gücləndirə və effektiv üçtərəfli diplomatiya və birgə inkişaf üçün nümunəyə çevrilə bilər.

- Engin bəy, Azərbaycan Türkiyə və Pakistanla tərəfdaşlıq kontekstində Mərkəzi Asiya, Cənubi Asiya və Avropa arasında körpü rolunu necə oynayır?

- Mərkəzi Asiya ölkələrindən fərqli olaraq, Ankara ilə Bakı arasında münasibətlər strateji əməkdaşlıqdan tammiqyaslı müttəfiqliyə doğru inkişaf edib. Zəngəzur dəhlizinin açılması ilə Avropa, Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında ticarət həcminin, eləcə də iqtisadi və siyasi qarşılıqlı əlaqələrin səviyyəsinin əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Pakistanla iqtisadi əlaqələrin gücləndirilməsi əsasən İranın iştirakı ilə həyata keçirilən logistika və tranzit əməkdaşlığının genişləndirilməsi hesabına mümkündür. Eyni zamanda, Taliban administrasiyası ilə Pekin arasında formalaşan yeni praqmatik əməkdaşlıq regiondakı logistika marşrutlarına ciddi təsir göstərə bilər. Əfqanıstanda başlanan bu proses Azərbaycan, Türkiyə və Pakistan tərəfindən diqqətlə izlənməlidir, çünki bu, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Orta Dəhlizin strukturuna düzəlişlər edə bilər.

- Cənab Məsud, Azərbaycan bu üçtərəfli tərəfdaşlıqda regional körpü kimi hansı rolu oynayır?

- Azərbaycan bu tərəfdaşlıqda açar rolu oynayır. Coğrafi baxımdan o Mərkəzi Asiya, Cənubi Asiya və Avropanın qovşağında yerləşir, Xəzər dənizi və Türkiyə vasitəsilə əsas bazarlara çıxışı təmin edir. Onun limanları, dəmir yolları və enerji infrastrukturu, məsələn, Bakı–Tbilisi–Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi - Azərbaycanı əvəzolunmaz tranzit mərkəzinə çevirir. Pakistanın nöqteyi-nəzərindən Azərbaycan bizim Mərkəzi Asiya və Avropa bazarlarına çıxışımızı genişləndirir. Diplomatik dəstək də mühüm rol oynayır. Azərbaycan Kəşmir məsələsində daim Pakistana dəstək verir, biz isə Qarabağ məsələsində ölkənin mövqeyini dəstəkləyirik. Bu siyasi həmrəylik bizim üçtərəfli əməkdaşlığımızı gücləndirir. Mədəni baxımdan Azərbaycan Türkiyə ilə ortaq türk kimliyi daşıyır, Pakistanla isə humanitar və iqtisadi əlaqələri sürətlə inkişaf edir. Bu da mədəniyyət, təhsil və biznes sahələrində daha dərin əməkdaşlıq imkanları açır. Beləliklə, Azərbaycan yalnız coğrafi baxımdan deyil, həm də diplomatik və enerji baxımından bizim regional strategiyamızda bir körpü rolunu oynayır.

- Engin bəy, üçtərəfli formatın birgə sənaye zonaları, logistika qovşaqları və investisiya mexanizmləri ilə tamhüquqlu iqtisadi alyansa çevrilməsi üçün hansı addımlar atıla bilər?

- Əgər rəsmi Bakı Orta Dəhlizi, Bakı-Kəraçi marşrutunu və Şimal-Cənub dəhlizini səmərəli şəkildə inteqrasiya edə bilsə, Azərbaycan Avropa, Rusiya, Mərkəzi Asiya, Çin və Hind okeanına çıxışı olan mühüm bir logistika mərkəzinə çevriləcək. Təkcə Zəngəzur dəhlizinin açılması Azərbaycanın tranzit gəlir və xərclərinin strukturunu müsbət yöndə köklü şəkildə dəyişəcək, ticarət dövriyyəsinin həcmini əhəmiyyətli dərəcədə artıracaq. Beynəlxalq təcrübə göstərir ki, əsas tranzit qovşağına çevrilən ölkələr xarici siyasət münasibətlərində daha çox sabitliyə və uzunmüddətli inkişaf imkanlarına nail olurlar. Bu kontekstdə Qoşulmama Hərəkatının üzvü olaraq Azərbaycan, eyni zamanda, Şərqlə, Avropa ilə və Rusiya ilə balanslı, qarşılıqlı faydalı münasibətlər quraraq regionda dayanıqlı artım və rifahı təmin edə bilər.

- Cənab Məsud, bu üçtərəfli format, xüsusilə regional iqtisadi və ya humanitar, fövqəladə hallar zamanı böhranlara kollektiv reaksiya baxımından faydalı ola bilərmi?

- Bəli, mən hesab edirəm ki, bu üçtərəfli formatın ən az araşdırılmış, lakin son dərəcə mühüm aspektlərindən biri məhz budur. Regional sabitliyin pozulması, xüsusilə Əfqanıstan və Yaxın Şərqdəki vəziyyət fonunda böhranlara koordinasiyalı cavab tələb edir. Azərbaycan-Türkiyə-Pakistan oxu birgə fəaliyyət üçün əlverişli baza yaradır. Qida təhlükəsizliyi sahəsində Pakistan buğda və düyü üzrə, xüsusilə tədarük zəncirlərində fasilələr baş verdikdə etibarlı təchizatçı rolunu oynaya bilər. Enerji təhlükəsizliyi isə Azərbaycanın mayeləşdirilmiş təbii qazı və Türkiyənin bərpaolunan enerji mənbələri hesabına gücləndirilə bilər. İqtisadi tənəzzüllər və ya geosiyasi gərginlik dövrlərində üçtərəfli ticarət təşəbbüsləri yeni iş yerləri yaradaraq sabitlik təmin edə bilər.

Bundan başqa, bu format humanitar əməkdaşlıq üçün də zəmin yaradır. Türkiyə qaçqın axınlarının idarə olunması sahəsində böyük təcrübəyə malikdir, Azərbaycanın müvafiq logistik imkanları var, Pakistan isə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə geniş təcrübəyə sahibdir. Onlar birlikdə təbii fəlakətlər, enerji çatışmazlığı və ya iqtisadi şoklar kimi böhran vəziyyətlərinə çevik və koordinasiyalı cavab verə bilərlər.

- Engin bəy, Türkiyə özəl sektorunun Azərbaycanın sənaye parklarında (məsələn, Ələt Azad İqtisadi Zonasında) mümkün iştirakı zamanı hansı faydalar və risklər yarana bilər?

- İlk addım kimi üç ölkə arasında yük tranzitinin və gömrük prosedurlarının sadələşdirilməsi, eləcə də müəyyən mal kateqoriyalarına görə rüsumların azaldılması ola bilər. Ələt Azad İqtisadi Zonası ilə bağlı investisiya məsələsi xüsusi əhəmiyyət daşıyır. Türkiyə və Pakistan Ələtin texnoloji mərkəzə çevrilməsində, o cümlədən qabaqcıl texnologiyalarla çalışan müdafiə sənayesi şirkətlərini orada yerləşdirməklə açar rol oynaya bilər. İT məhsulları və rəqəmsal həllərə yönəlmiş yüksək texnologiyalar institutu və sənaye parkının yaradılması üçtərəfli tərəfdaşlıq çərçivəsində regionun texnoloji inkişafına mühüm töhfə verə bilər.

Bundan əlavə, nüvə energetikası sahəsində üç ölkə arasında ən çox təcrübəyə malik olan Pakistan enerji məqsədilə nüvə texnologiyalarının dinc məqsədlərlə istifadəsinə dair Bakı və Ankara ilə strateji əməkdaşlığa başlaya bilər. Bu, uzunmüddətli tərəfdaşlığı möhkəmləndirər və formalaşmaqda olan alyansa əlavə dərinlik qazandırar.

- Cənab Məsud, Azərbaycan və Türkiyənin iştirakı ilə həyata keçirilən Xəzər enerji layihələrində Pakistan üçün hansı imkanları görürsünüz?

- İmkanlar olduqca böyükdür. Azərbaycan enerji sahəsində əsas istehsalçılardan biridir, Türkiyə isə strateji tranzit qovşağı rolunu oynayır. Enerji sahəsində xroniki çatışmazlıqla üzləşən Pakistan üçün Xəzər enerjisinin logistikasında iştirak həm qısamüddətli, həm də uzunmüddətli perspektivlər açır.

Birincisi, Pakistanın logistika şirkətləri, xüsusilə CPEC layihəsi (China Pakistan Economic Coridor - Çin-Pakistan iqtisadi dəhlizi) çərçivəsində əldə etdiyimiz təcrübə nəzərə alınaraq, nəqliyyat, anbar və mühəndislik sahələrində xidmət göstərə bilər. İkincisi, SOCAR tərəfindən 2024-cü ildə Pakistana 700 min ton mayeləşdirilmiş təbii qazın tədarükü ikitərəfli enerji ticarəti istiqamətində konkret addımdır. Pakistan şirkətləri bu sahədə idxal, paylama və hətta birgə müəssisələrdə iştirak edə bilər. Həmçinin, elektrik enerjisi təchizatı və bərpaolunan enerji sahəsində əməkdaşlıq potensialı mövcuddur. Bu, daha uzunmüddətli məqsəd olsa da, Türkiyənin yaşıl enerji üzrə imkanları və Azərbaycanın hidroenerji potensialı gələcəkdə Pakistanın da daxil olduğu regional enerji şəbəkəsinə inteqrasiya oluna bilər.

Bundan əlavə, bizim İT və mühəndislik sektorlarımız enerji idarəçiliyi və logistikanın optimallaşdırılması üçün rəqəmsal həllər təklif etməklə bu prosesə töhfə verə bilər. Ümumilikdə, bu istiqamət Pakistanın enerji təhlükəsizliyi strategiyası ilə birbaşa uyğunlaşan perspektivli bir sahədir.

- Son olaraq, Engin bəy, Azərbaycan, Türkiyə və Pakistan arasında iqtisadiyyat və logistika üzrə əlaqələndirmə şurasının yaradılması nə dərəcədə aktuallaşıb? Bu şura Türk Dövlətləri Təşkilatının (TDT) Hökumətlərarası Şurası və ya Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) bənzər instituta çevrilə bilərmi?

- Azərbaycan, Türkiyə, Pakistan arasında iqtisadiyyat və logistika sahəsində əlaqələndirmə şurasının yaradılması son dərəcə aktual və vaxtında irəli sürülmüş təşəbbüsdür. Bu cür qurum üçtərəfli əməkdaşlığa əlavə institusional baza qazandırmaqla, iqtisadi-ticarət sahədə səyləri əlaqələndirə, logistika layihələrini sinxronlaşdıraraq birgə investisiyalar üçün əlverişli mühit yarada bilər. Bu format çərçivəsində birgə investisiya fondunun yaradılması da mümkündür. Belə bir fond infrastruktur, nəqliyyat, energetika və yüksək texnologiyalar sahəsində prioritet layihələrin maliyyələşdirilməsini təmin edə bilər. Tamhüquqlu gömrük ittifaqının yaradılmasından danışmaq hələ tezdir, lakin orta perspektivdə vahid ticarət və investisiya qaydalarına əsaslanan ümumi iqtisadi məkanın formalaşdırılması tamamilə real məqsəddir. Hazırkı mərhələdə əsas prioritet vətəndaşların hərəkəti, vizalar, nəqliyyat və tranzit prosedurlarının maksimum sadələşdirilməsi olmalıdır. Bu sahələr daha dərindən işlənməli və razılaşdırılmalıdır ki, bu da gələcəkdə daha geniş iqtisadi alyansa aparan ilk addım ola bilər.

Seçilən
23
1
azertag.az

2Mənbələr