AZ

Tçkayevdən çoxdan gözlənilən nəticə

Azərbaycanın cüdo millisi Budapeştdə keçirilən dünya çempionatında ilk medalını qazanıb. Yarışın dördüncü günündə 81 kq çəki dərəcəsində çıxış edən Zelim Tçkayev bürünc medala sahib çıxıb. O, dünya çempionatlarında ilk dəfə fəxri kürsüyə qalxıb.

İdman.biz xəbər verir ki, son illərdə Tçkayev beynəlxalq arenada adından söz etdirməyə başlayıb.

Düzdür, o, böyük yarışlarda sabit nəticələr göstərməkdə çətinlik çəkirdi. Dörd dəfə “Böyük Dəbilqə” turnirlərinin qalibi olsa da, dünya və Avropa çempionatlarında medal qazana bilmirdi. Amma bu il onun üçün dönüş nöqtəsi oldu: Bakıda keçirilən “Böyük Dəbilqə” turnirindəki qələbədən sonra Avropa çempionatının bürünc mükafatçısı oldu, indi isə mundialın bürüncünü qazandı.

Amma medala gedən yol heç də asan olmadı: çinli Jinyan Vanq və braziliyalı Luan Almeydaya vaxtından əvvəl qalib gələn cüdoçumuz Olimpiya oyunlarının bürünc mükafatçısı Yun-Hvan Liyə qarşı da yaxşı çıxış etdi və “vaza-ari” fəndi ilə qalib gəldi. Yarımfinalda o, üçqat dünya çempionu Tato Qriqalaşvili ilə qarşılaşdı. Bir neçə ay əvvəl Podqoritsada keçirilən Avropa çempionatının yarımfinalında da bu iki idmançı üz-üzə gəlmişdi və onda gürcü cüdoçusu mübahisəli hakim qərarı ilə əlavə vaxtda qələbə qazanmışdı. Bu dəfə də Tçkayev pis çıxış etmədi, lakin Qriqalaşvilinin iki “yuko” fəndi həlledici oldu.

BƏƏ təmsilçisi Nuqzari Tatalaşviliyə qarşı bürünc uğrunda görüş çətin keçdi, amma Tçkayevə taktiki hazırlığı kömək etdi. Rəqib qarşılaşmanın əvvəlindən üstünlük qazanmağa çalışsa da, idmançımız kəskin əks-hücumlara keçdi və startda ağrılı fənd işlətməyə yaxın oldu. O, sonrakı gedişatda da bir neçə dəfə uğurlu fəndlər üçün cəhd etsə də, Tatalaşvili davam gətirdi, amma passivliyinə görə iki “şido” aldı. “Golden score”da Tçkayev hücumlarını davam etdirdi və təzyiqin nəticəsi olaraq rəqibə üçüncü “şido” gəldi – bu da cüdoçumuza dünya çempionatının bürünc mükafatını qazandırdı.

Bu medal, necə deyərlər, tam vaxtında gəldi. Tçkayev üçün bürünc onun istedadının dünya səviyyəsində tanındığını rəsmən təsdiqlədi və həm də Budapeştdə Azərbaycan yığmasının ilk mükafatı oldu.

Həmin bürünc medal sayəsində komandamız ümumi sıralamada 15-ci pilləyə yüksəldi və bu mövqeyi daha da yaxşılaşdırmaq imkanına malikdir. Qarşıda hələ üç gün fərdi yarışlar və ardından komanda turniri var.

Zəki Feyzullayev

İdman.biz

Seçilən
6
idman.biz

1Mənbələr