AZ

5G sağlamlığımıza ziyanlıdır? - Mütəxəssis DANIŞIR

Azərbaycanda 5G şəbəkəsinin istifadəyə verilməsi ilə bağlı "Yol xəritəsi" hazırlanır.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bildirib.

Eyni zamanda 5G şəbəkəsinin qurulması və yeni qanunvericilik aktlarının hazırlanaraq qəbul edilməsi istiqamətində müzakirələr aparılıb. Əvvəllər 5G-nin insanların sağlamlığına ziyan vurduğu müzakirə olunurdu.

Doğrudanmı, 5G insan sağlamlığı üçün ziyanlıdır?

Mövzu ilə bağlı Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri, informasiya texnologiyaları (İT) üzrə mütəxəssis Elvin Abbasov öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

O qeyd edib ki, 5G texnologiyası mobil rabitə sahəsində beşinci nəsil əlaqə standartıdır və özündə daha yüksək sürət, minimal gecikmə və çoxsaylı cihazların eyni anda qoşula bilməsi imkanlarını ehtiva edir:

"Bu texnologiya xüsusilə ağıllı şəhərlər, sənaye 4.0, avtonom nəqliyyat sistemləri və süni intellekt əsaslı tətbiqlər üçün zəruri infrastruktur rolunu oynayır. 5G ilə bağlı sağlamlıq müzakirələrinə gəlincə, indiyədək aparılan elmi araşdırmalar bu texnologiyanın mövcud beynəlxalq normativlər çərçivəsində istifadəsinin insan sağlamlığına ciddi zərər verdiyini sübut etməyib. Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlar 5G siqnallarının radiasiya səviyyəsinin təhlükəsiz limitlər daxilində olduğunu bildirir".

Elvin Abbasov, İT üzrə mütəxəssis

Mütəxəssis hesab edir ki, ölkəmizdə əhalinin rəqəmsal bacarıqlarının artırılması sahəsində görülən işləri olduqca müsbət qiymətləndirmək olar. Bu istiqamətdə həyata keçirilən layihələr ölkədə rəqəmsal savadlılığın yüksəldilməsinə, əhalinin e-xidmətlərdən effektiv istifadəsinə və yeni texnologiyaların cəmiyyətə inteqrasiyasına şərait yaradır.

"Xüsusilə regionlarda bu cür təşəbbüslərin gücləndirilməsi, rəqəmsal uçurumun azaldılmasına və sosial inklüzivliyə töhfə verəcək. Rəqəmsal transformasiyanın uğurlu olması üçün texnoloji infrastrukturla yanaşı, insan kapitalına yatırımlar davamlı şəkildə artırılmalıdır", - deyə Elvin Abbasov vurğulayıb.

Gülşən Şərif

Seçilən
7
1
bakivaxti.az

2Mənbələr