Nəsib Məhəməliyev: "Sentimental hisslərə qapılmaq lazım deyil"
Artıq bir neçə gündür ki, İsraillə İran arasında açıq savaş gedir. Hər iki ölkənin qarşılıqlı olaraq bir-birinə uzaqmənzilli raketlərlə zərbə endirməsi çoxsalı insan tələfatına yol açır. Bu arada İrandan kütləvi şəkildə ölkəni tərk etmə halları müşahidə edilir. Bu birmənalıdır ki, İsrail-İran qarşıdurması yerləşdiyimiz coğrafiyaya da təsirsiz ötüşməyəcək. Elə bu aspektdə Milli Məclisin deputatı Nəsib Məhəməliyevlə söhbətləşdik. Newscenter.az-a verdiyi müsahibədə millət vəkili İsrail-İran qarşıdurmasının regiona mümkün təsirləri, onun doğura biləcəyi fəsadlardan danışıb.
-Nəsib müəllim, İsrail-İran qarşıdurmasının daha genişmiqyaslı müharibəyə keçməsi gözləniləndirmi və bu durumda Azərbaycan müharibə edən tərəflərdən birtini dəstəkləmək baxımından çətin bir seçim qarşısında qala bilərmi?
-İsrail-İran qarşıdurmasının genişmiqyaslı müharibəyə keçməsi ehtimalı yüksəkdir. İsrailin əsas hədəfi nüvə silahının qarşısının alınması, molla rejiminin dəyişdirilməsi, yeni qüvvələrin hakimiyyətə gətirilməsidir. Artıq rejimin silahlı qüvvələrinin ali rəhbərliyi, bir sıra nüvə alimləri məhv edilib. Natanzda və İsfahanda yerləşən nüvə mərkəzləri, bir çox inzibati binaları dağıdıldı. Bütün bunlara baxmayaraq, İranın hərbi arsenalında kifayət qədər ballistik raketlər var. İran sonadək müdafiə olunacağını bildirir.
Azərbaycanın çətin seçim qarşısında qalmasına gəldikdə, bu təbiidir. Bir tərəfdə İranla tarixi qonşuluq münasibətləri, orada yaşayan 40 milyondan artıq güneyli soydaşlarımız. Baxmayaraq ki, müstəqilliyimizin ilk günlərindən başlayaraq, İran ölkəmizə qarşı düşmənçilik mövqeyində durdu. Torpaqlarımızın işğalında separatçılara, Ermənistanın bir dövlət olaraq ayaqda qalmasında siyasi, iqtisadi, hərbi dəstək verdi. Digər tərəfdə 44 günlük müharibədə Ermənistanın yox, Azərbaycanın yanında olan İsrail.
Hesab edirəm ki, burada sentimental hisslərə qapılmaq lazım deyil. Hər bir dövlət ilk növbədə öz milli təhlükəsizliyini düşünür. İran molla rejiminin nüvə silahı əldə etməsi, ilk növbədə Azərbaycan, qardaş Türkiyə üçün son dərəcə təhlükəlidir. Buna qətiyyən yol vermək olmaz. Sosial şəbəkələri izlədikdə, soydaşlarımızın çaşqınlıq içərisində olduğunu, sanki mütləq tərəf tutmaq kimi öhdəlikləri olduğunu görürük. Ən doğru yanaşmanı dövlətimiz sərgiləyir. Prezident İlham Əliyevin apardığı siyasət, yalnız beynəlxalq hüquqa əsaslanır. Son dərəcə mürəkkəb geosiyasi şəraitdə, kataklizmlərdə Azərbaycanın sağ-salamat, itkisiz çıxmasını təmin edir. Hadisələrə səbrlə, təmkinlə yanaşmalı, neytrallığımızı qorumalıyıq.
-Bəs Azərbaycanın Tehranla Təl-Əviv arasında vasitəçilik etmək imkanları nə dərəcədədir və mümkün görünürmü?
-Proseslər regional müstəvidən çıxıb, qlobal xarakter alıb. ABŞ-dan tutmuş, Avropa İttifaqına qədər, Böyük Britaniya, “Böyük yeddilik” İsrailə dəstək verir. Ona görə və digər səbəblərdən, Tehranla Tel-Əviv arasında Azərbaycanın vasitəçilik imkanları məhduddur. Təbii ki, Azərbaycan, bəzi regional problemlərin, xüsusilə güneyli soydaşlarımızın təhlükəsizliyi ilə bağlı məsələlərdə imkanlarından istifadə edir.
-Sizə elə gəlmirmi ki, bu qarşıdurmadan daha çox ziyan çəkən tərəflərdən biri məhz Azərbaycan olacaq. Ən azı humanitar böhran, 40 milyon azərbaycanlının ölkəmizə gəlməsi baxımından.
-Şübhəsiz, bu qarşıdurmadan ziyan çəkən dövlətlərdən biri Azərbaycandır. 40 milyon yox, 1 milyonun ölkəmizə gəlməsi, ciddi sosial problemlər yarada bilər. Düşünürəm ki, iş yerə gəlib çatmaz.
-İsrail-İran qarşıdurması digər regionlarda cərəyan edən proseslərə, eləcə də Cənubi Qafqazdakı hadisələrə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə hansısa mənfi təsir göstərə bilərmi?
-Orta Şərqlə Cənubi Qafqaz qonşu regionlardır. Bu coğrafiyada yerləşən ölkələri bir-biri ilə siyasi, iqtisadi, mədəni əlaqələr bağlayır. Bu əlaqələrin pozulması, ümumi inkişafa mane olan amillərdəndir.
Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə təsirinə gəldikdə isə, hər kəsə məlumdur ki, müharibədən keçən 5 ilə yaxın müddətdə Zəngəzur dəhlizinin açılmasının qarşısını alan məhz, İrandır. Müxtəlif zamanlarda sərhədə qoşunlar yığmaqla, təlimlər keçməklə, region dövlətlərini şantaj etməklə sülhün əldə olunmasına qarşı çıxdı. Arzu edək ki, geri zəkalı molla rejimini əvəzləyəcək hakimiyyət, Qafqaz siyasətini kökündən dəyişəcək.
Süleyman İsmayılbəyli