Bakı, 17 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının müdiri dosent Sevda Xələfovanın Ümummilli Lider Heydər Əliyevin irsinə həsr olunmuş monoqrafiyası nəşr olunub.
BDU-dan AZƏRTAC-a bildirilib ki, “Ümummilli Lider Heydər Əliyevin irsinə dair elektron kitabxana-informasiya resursları” adlı monoqrafiyada Ulu Öndərin irsinin nəzəri və metodoloji əhəmiyyəti, nəşr tarixi, tədqiqi istiqamətləri, rəqəmsal informasiya mühitində bu irsə dair kitabxana-informasiya resurslarının formalaşması və inkişaf dinamikası kimi mühüm məsələlər əksini tapıb.
Nəşrin elmi redaktoru dosent Ələmdar Cabbarlı, ixtisas redaktoru dosent Nadir İsmayılov, rəyçisi dosent Zahidə Rzayevadır.
Kitab müxtəlif elm sahələrində fəaliyyət göstərən alimlər, tədqiqatçılar, müəllimlər, tələbələr, ümumiyyətlə bütün oxucu qrupları üçün nəzərdə tutulub.