"Tərəvəzlər sağlam qidalanmanın ayrılmaz hissəsidir. Onların tərkibində müxtəlif vitaminlər, minerallar, lif və antioksidantlar mövcuddur. Ancaq tərəvəzlərin faydalılığı onların necə qəbul olunmasından – bişmiş, yoxsa çiy halda yeyilməsindən – asılı olaraq dəyişə bilər". Bu sözləri SİA-ya açıqlamasında Təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.
Onun sözlərinə görə, bəzi tərəvəzlər var ki, bişirildikdə daha faydalı olur. İstilik təsiri nəticəsində bu tərəvəzlərin tərkibindəki bəzi maddələr daha aktiv hala keçir və orqanizm tərəfindən daha yaxşı mənimsənilir. Məsələn, pomidor bişdikdə onun tərkibindəki likopen adlı güclü antioksidantın miqdarı artır: "Bu maddə ürək xəstəliklərinə və bəzi növ xərçənglərə qarşı qoruyucu təsir göstərir. Kök də bişmiş halda daha faydalıdır, çünki onun tərkibindəki beta-karotin bişdikdə daha yaxşı sorulur. Eyni zamanda, ispanaq və brokkoli kimi tərəvəzlər də bişdikdə tərkibindəki bəzi minerallar orqanizm tərəfindən daha asan mənimsənilir. Bu tərəvəzləri buxarda bişirmək onların faydalı maddələrinin qorunmasına kömək edir.
Digər tərəvəzlər isə çiy halda yeyildikdə daha çox fayda verir. Çünki bişirmə prosesi zamanı bəzi həssas vitaminlər – xüsusilə C vitamini və fol turşusu – istiliyin təsirindən parçalanır. Məsələn, xiyar, bolqar bibəri, kahı və turp kimi tərəvəzləri çiy halda yemək daha məqsədəuyğundur. Bu tərəvəzlər orqanizmi təbii vitaminlərlə təmin edir və eyni zamanda təravətləndirici təsir göstərir.
Nəticə olaraq, həm bişmiş, həm də çiy tərəvəzlərin sağlamlığa özünəməxsus faydaları var. Ən doğru yanaşma gündəlik rasionda hər iki formaya yer verməkdir. Çeşidli tərəvəzlərdən istifadə etməklə bədən lazım olan qida maddələri ilə təmin olunur və ümumi sağlamlıq dəstəklənmiş olur".