Paytaxt sakini Günel Aylim sosial şəbəkə üzərindən “155 Xalça Yuma” şirkətindən şikayət edib. AzPost xəbər verir ki, onun sözlərinə görə, şirkət 6 iyun tarixində xalçaları təhvil alıb və 7-10 gün ərzində geri qaytarılacağını bildirib. Lakin vəd edilən müddət başa çatmasına baxmayaraq, müştəriyə xalçaları hələ də qaytarılmayıb.
Vətəndaş qeyd edib ki, 10-cu gün tamam olduqdan sonra şirkətlə əlaqə saxlayıb və operator xanıma gecikmə ilə bağlı iradını bildirib. Şirkət əməkdaşı isə müxtəlif bəhanələr gətirərək, may ayının sifarişlərini yeni təhvil verdiklərini və iyun ayı üçün qəbul edilən xalçaların hələ hazır olmadığını deyib.
Müştəri haqlı olaraq sual edir ki, 10 günə çatdırılacağı deyilən xalçalar üçün nə qədər daha gözləmək lazımdır və niyə bu gecikmə barədə əvvəlcədən məlumat verilməyib? O, həmçinin bildirir ki, operator digər müştərilərin də eyni vəziyyətdə olduğunu etiraf edib.
Şikayətçi xidmətdən və əməkdaşların məsuliyyətsiz davranışından narazı qaldığını, telefon zənglərinə ciddi yanaşılmadığını, işçilərin vəzifə borclarını vaxtında və düzgün yerinə yetirmədiklərini vurğulayıb.
Yazıda adı çəkilən tərəfin mövqeyini təqdim etməyə hazırıq.