Dörd gündür ki, İsraillə İran arasında açıq silahlı münaqişə davam edir və Moskvada mümkün geosiyasi itkilərlə bağlı qorxular getdikcə daha çox səslənir...
Poliqon The Washington Post-a istinadən xəbər verir ki, Rusiya elitası hazırkı eskalasiyanın Moskvanın Yaxın Şərqdəki əsas müttəfiqi Tehran üçün fəlakətə çevrilə biləcəyini anlayır.
MDB Ölkələri İnstitutunun direktoru Konstantin Zatulin etiraf edib ki, vəziyyət Rusiya üçün təhlükəli istiqamətdə inkişaf edir.
Münaqişə İsrailin İranın nüvə obyektlərini irimiqyaslı bombalaması və əsas komandirlərin sıradan çıxarılması ilə başlayıb. Kreml əvvəlcə bunu diplomatik manevr üçün fürsət kimi qiymətləndirdi. Tanınmış iş adamı və mühafizəkar ideoloq Konstantin Malofeyev deyib:
"Yalnız Rusiya və ABŞ arasında, Putin və Trampın sammiti dünyanı fəlakətdən xilas edə bilər. Amerikalıların Ukraynanı bizə buraxmasının vaxtı çatıb".
O, həmçinin təklif edib ki, Rusiya ABŞ-ın güzəştləri müqabilində Tehranı nüvə sazişi üzrə danışıqlara qaytarmaq üçün İranla uzunmüddətli əlaqələrindən istifadə edə bilər.
Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Benyamin Netanyahu və ABŞ prezidenti Donald Trampla danışıqlar apararaq tez vasitəçilik təşəbbüsü ilə çıxış edib.
Moskvadakı analitiklər bu münaqişənin Qərbin diqqətini Ukraynadakı müharibədən yayındıra və neftin qiymətinin artmasına, potensial olaraq Rusiyanın xeyrinə ola biləcəyini proqnozlaşdırırlar. Bununla belə, İsrailin İran ərazisinə növbəti müdaxiləsi, infrastruktura hücumlar və rejim dəyişikliyi təhlükəsi narahatlıq doğurur.
Diplomatik dairələrə yaxın rusiyalı akademik deyib: "Ən böyük təhlükə böhranın istənilən həllinin Rusiyanın regiondakı mövqeyi üçün risk olmasıdır. Netanyahu rejim dəyişikliyinə səbəb ola bilsə, yeni hökumət çətin ki, indiki İran rejimi kimi Moskvaya rəğbət göstərsin. Rejim hücumlardan sağ çıxsa belə, Yaxın Şərqdə nüvə silahı yarışı başlayacaq ki, bu da Rusiyanın maraqlarına uyğun deyil. Burada Rusiyanın qalib gələcəyi bir vəziyyət tapmaq çətindir".
Suriyada mövqelərin itirilməsi fonunda İranın ehtimal edilən məğlubiyyəti daha böyük zərbə olacaq.
"İran daha böyükdür və o, bizim tarixi tərəfdaşımız və qonşumuzdur", deyə ekspert vurğulayıb.
Poliqon.info