AZ

“Azərbaycanın İsraillə İran arasında vasitəçilik imkanları daha yüksəkdir” Elxan Şahinoğlu

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Politoloq Elxan Şahinoğlu bildirib ki, Türkiyə İsrail və İran arasında baş verən münaqişənin dayandırılması üçün diplomatik səylər göstərir. Onun sözlərinə görə, Prezident Rəcəb Tayyib Ərdoğan bu istiqamətdə ölkəsinin həm vasitəçi, həm də digər diplomatik yollarla prosesə töhfə verməyə hazır olduğunu bəyan edib.

Ekspert qeyd edib ki, Türkiyənin bölgədəki rolu son illərdə əhəmiyyətli dərəcədə artıb. Ankara bir sıra regional münaqişələrin həllində vasitəçi kimi çıxış edib və xüsusilə Rusiya-Ukrayna müharibəsində İstanbulun danışıqlara ev sahibliyi etməsi beynəlxalq aləmdə Türkiyənin diplomatik nüfuzunu gücləndirib.

Bununla belə, Elxan Şahinoğlunun fikrincə, İsrail-İran qarşıdurması kontekstində Türkiyənin vasitəçi kimi çıxış etməsi və İstanbulun danışıqlar platforması seçilməsi ehtimalı olduqca aşağıdır. Politoloq bunu tərəflərin mövqeyi ilə izah edir. Onun sözlərinə görə, İsrail Türkiyəni neytral vasitəçi kimi qəbul etməyəcək.

“Elə Rəcəb Tayyib Ərdoğanın İsrailin siyasətini sərt tənqid etməsi və bu ölkənin baş naziri Benyamin Netanyahunu ‘qatil’ adlandırması da bu ehtimalı zəiflədir,” – deyə politoloq vurğulayıb.

Şahinoğlu əlavə edib ki, Ərdoğanın İsrailin İranın suverenliyinə qarşı təcavüz etdiyini açıq şəkildə bəyan etməsi Tehran üçün qəbuledilən olsa da, bu mövqe Tel-Əvivin Türkiyəyə vasitəçi kimi etibar etməsini çətinləşdirir.

Politoloqun fikrincə, İran savaşın dayandırılması üçün istənilən ölkənin, o cümlədən Türkiyənin vasitəçiliyini qəbul etməyə hazır ola bilər. Lakin İsrail yalnız hərbi məqsədlərinə çatdıqdan sonra hansısa ölkənin vasitəçiliyinə razılıq verə bilər və həmin ölkənin Türkiyə olması real görünmür.

Elxan Şahinoğlu hesab edir ki, gələcəkdə bu məsələdə Türkiyə ilə müqayisədə Azərbaycanın İsraillə İran arasında vasitəçi kimi çıxış etmək şansı daha yüksək ola bilər. Ancaq hazırkı mərhələdə – hərbi qarşıdurma davam etdiyi bir vaxtda – tərəflər bir-birinə maksimum ziyan vurmağa çalışdıqları üçün vasitəçilik təşəbbüsləri nəticəsiz qalacaq.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
azpolitika.info

1Mənbələr