AZ

İsrail-İran münaqişəsi neftin qiymətinə necə təsir edə bilər? - ŞƏRH

İsraillə İran arasında hərbi münaqişənin indiyə qədər ən gərgin və qanlı fazasını yaşadığını artıq 5 gündür ki, müşahidə edirik.

Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında son günlər baş verən proseslərin dünya neftinə təsirini şərh edən iqtisadçı ekspert İlham Şaban deyib.

O qeyd edib ki, münaqişənin neft bazarlarına necə təsir etməsinə baxdıqda, maraqlı bir situasiya yaranır:

"Cümə günü, yəni bazarlar İsrailin İrana zərbələr endirməsi ilə bağlı ilk xəbərləri aldıqda, neftin qiyməti 78 dollar 50 sentə qədər bahalaşdı. Halbuki, bundan əvvəl London Əmtəə Birjasında neftin bir barreli 69 dollara satılırdı. Lakin iyunun 13-də London birjası bağlanarkən Brent markalı neftin qiyməti 74 dollar 23 sent səviyyəsində qərarlaşmışdı. Sonuncu partiya da bu qiymətlə bağlanmışdı. Növbəti günlər ərzində iki ölkə arasında qarşılıqlı zərbələr davam etdi. Təhlilçilər belə qənaətə gəlirdilər ki, bu münaqişə artıq əvvəlki kimi birgünlük və ya bir dəfəlik zərbələrlə məhdudlaşmır. Halbuki indiyə qədərki zərbələrin miqyası İranın ümumi hərbi potensialının heç 10 faizinə belə çatmırdı. Buna baxmayaraq, bu iki fakt İrandakı neft obyektlərinə yönəlmiş hücumların baş verdiyini göstərirdi. Belə bir fonda, həftənin son iş günü ilə müqayisədə neft qiymətlərinin kəskin artması gözlənilən idi. Lakin maraqlıdır ki, 16 iyun tarixində, saat 11:30 radələrində dünya birjalarında Brent markalı neftin qiyməti 74.80 dollar ətrafında dəyişirdi. Qiymət hələ 75 dollara belə çatmamışdı. Bu da onu göstərir ki, ilkin emosiyalar səngiyib, bazara çıxarılan neftin həcmi kifayət qədərdir. Neftin logistikasında ciddi problem və ya çatışmazlıqla bağlı məlumatlar yoxdur. İran ərazisinə endirilən zərbələr əsasən hərbi və strateji nüvə obyektlərinə yönəlib. Bu baxımdan, hələlik neft bazarında böyük artım müşahidə edilmir. Gələcək üçün müxtəlif ssenarilər irəli sürülür. Bu cür ssenarilərlə biz İrana qarşı sanksiyalar tətbiq ediləndə və ya bölgədə siyasi gərginlik yarananda tez-tez rastlaşırıq. Onlardan biri də Hörmüz körfəzinin bağlanması ehtimalıdır. Lakin tarix boyu belə bir hal baş verməyib. Mən hesab edirəm ki, bu, ümumiyyətlə real bir ssenari deyil".

Ekspert qeyd edib ki, bir barrel neftin qiymətinin 100 dolları keçəcəyi, hətta 200-300 dollara çatacağı ilə bağlı fikirlər həmişə səslənib, amma heç vaxt özünü praktikada doğrultmayıb:

"Ona görə də bir qədər realist olmaq lazımdır. Bir məqama xüsusi diqqət yetirilməlidir, əgər İran ilin əvvəlində gündəlik təxminən 2 milyon barrel həcmində neft və kondensat ixrac edirdisə, may ayında bu göstərici artıq 2,1 milyon barrelə yüksəlib. Ümumi gündəlik hasilat isə təxminən 4,5 milyon barrel təşkil edir. Bu isə o deməkdir ki, hasil olunan neftin təxminən 45 faizi ixraca yönəldilir. İran neftinin yarıdan çoxunu Çin alır. Hazırda Çin İrandan gündəlik təxminən 1,1 milyon barrel xam neft idxal edir. Bunlar olduqca böyük rəqəmlərdir. Təsəvvür edin, İran bu il ərzində xam neftin ixracından gündəlik 100 milyon dollardan çox gəlir əldə edir. İllik hesablasaq, bu təqribən 40 milyard dollara yaxın vəsait deməkdir. Bu səbəbdən də İranın iqtisadi imkanları kifayət qədər genişdir. Neft sektoru onun iqtisadiyyatının əsasını təşkil edir və hərbi gücünü qorumaq üçün başlıca maliyyə mənbəyidir".

İqtisadçı ekspert Eldəniz Əmirov isə Trend-ə bildirib ki, İran-İsrail müharibəsi ərəfəsində iqtisadi təhdidlər artır:

"İsrail-İran hərbi qarşıdurması neft bazarına ciddi təsir göstərib. Brent markalı neftin qiyməti bir neçə gün ərzində 10%-dən çox bahalaşaraq əvvəlcə 75,15 dollar, daha sonra isə 76,94 dollar səviyyəsinə yüksəlib. Xam neft fyuçerslərinin qiymətində də 13%-ə qədər artım müşahidə olunub. ABŞ-nin VIX indeksi son üç həftə ərzində ilk dəfə olaraq maksimum həddə çatıb. Sərmayəçilər riskdən qaçaraq səhmlərdən çıxır və vəsaitlərini qızıl və dövlət istiqrazları kimi daha təhlükəsiz aktivlərə yönəldirlər. Münaqişənin Hörmüz boğazı ətrafında gərginliyi artırması isə enerji bazarına əlavə risklər gətirir. Hazırda gündəlik 18-20 milyon barrel neft bu boğazdan keçir və bu, dünya neft ticarətinin təxminən 20%-i deməkdir. İranın Hörmüz boğazını bağlama təhdidi isə neftin qiymətində daha da kəskin sıçrayışlara səbəb ola bilər. Beynəlxalq Valyuta Fondunun (BVF) hesablamalarına görə, neftin qiymətində 10%-lik artım, inkişaf etmiş ölkələrdə inflyasiyanı təxminən 0,4 faiz bəndi yüksəldir. Eyni zamanda, qaz bazarı da risk altındadır. Qətər və BƏƏ-nin bütün mayeləşdirilmiş təbii qaz (LNG) ixracatı məhz Hörmüz boğazı vasitəsilə həyata keçirilir. Bu marşrut qlobal LNG ticarətinin təxminən 1/5 hissəsini təşkil edir. Əgər İran üzərindən keçən bu nəqliyyat marşrutu bağlansa, Çin və Hindistan məcburən alternativ enerji mənbələrinə yönələcək. Bu isə digər bazarlarda qiymət artımına səbəb olacaq. Çünki İran sanksiyalar altında olsa belə, xüsusilə Çin öz neft tələbatının əhəmiyyətli bir hissəsini məhz İran hesabına qarşılayır".

Ekspertin sözlərinə görə, aviasiya sektorunda da gərginlik var:

"İran, İsrail, İraq və İordaniya hava məkanlarını bağlayıb. Bir neçə beynəlxalq aviaşirkət regiona uçuşları dayandırıb, Təl-Əvivdən sərnişinsiz təyyarələr Kipr və Avropa şəhərlərinə yönləndirilib. Marşrut dəyişiklikləri səyahət vaxtını uzadır, yanacaq xərclərini artırır və sığorta risklərini böyüdür. Bu isə ciddi həm logistik xidmətlərdə, həm də turizm üzrə qiymət artımlarına səbəb olur. Ticarət yolları və əhlizlə də təhlükə altındadır. Hörmüz boğazı yalnız enerji deyil, həm də konteyner yükləri, o cümlədən məişət texnikası və istehlak malları üçün əsas dəhlizdir. Münaqişə sığorta haqlarını artırır, gecikmələr və daşınma xərcləri isə son nəticədə istehlakçının ödədiyi qiymətlərə təsir edir. İsrail daxilində də vəziyyət heç də rahat deyil, panika əlamətləri artır. Şekel dollar qarşısında 2% dəyər itirib. Supermarketlərdə izdiham yaşanır. Məlumatlara görə əksər alış veriş şəbəkələrində alış səviyyəsi 300% artıb, bəzi məhsulların rəfləri boşalıb. Böyük Britaniyanın ən böyük bankı Barclays və EY-Parthenon şirkəti isə bu qarşıdurmanı "qlobal tənəzzülə səbəb ola biləcək ssenari" adlandırır. Neftin bahalaşması təkcə yanacaqla yanaşı, ərzaq, daşınma və istehsal xərclərində də artıma səbəb olacaq".

"Bu proseslər belə davam edərsə, təbii olaraq neft qiymətləri artacaq. Ələlxüsus da tərəflərin hədəf olaraq hansı nöqtələri seçməsi neft qiymətlərininn sonrakı artım dinamikasını şərtləndirən əsas səbəb olacaq. Bu mənzərə təbii olaraq Azərbaycan dövlətini ciddi narahat edir. Bizim dövlət siyasətimizə uyğun olmayan situasiya yaranıb. Ümumilikdə isə neft qiymətlərinə gəldikdə isə, təbii ki, qiymətlərin artması ölkəmizə daha çox valyuta daxil olmasına imkan verəcək"- E.Əmirov qeyd edib.

Seçilən
7
4
day.az

3Mənbələr