AZ

Bu online satış səhifəsindən alış-verişdə diqqətli olun— 534 manatlıq sifariş yoxa çıxıb (FOTO)

Sosial şəbəkələrdə daha bir onlayn alış-veriş qalmaqalı yaşanıb. AzPost xəbər verir ki, Bənövşə Balayeva adlı istifadəçi “Lanuit Cosmetics” adlı Instagram səhifəsinin onu aldatdığını bildirib.

Şikayətçi sosial şəbəkədə etdiyi paylaşımda qeyd edib ki, Sephora endirimləri zamanı həmin səhifədən 7 ədəd kosmetik məhsul sifariş verib və bunun üçün 534 manat ödəniş edib. Lakin sifarişin üzərindən üç ay keçməsinə baxmayaraq, məhsullar hələ də ona çatdırılmayıb.

Balayeva qeyd edib ki, ona sadəcə “gömrük saxlayıb” cavabı verilir. Ancaq sifarişin gömrükdən çıxarılması və ya hansı tədbirin görüldüyü barədə heç bir məlumat təqdim olunmur. Dəfələrlə yazılan mesajlar isə cavabsız qalıb.

Şikayətçi əvvəlcə anlayışla qarşıladığını və gözlədiyini, lakin artıq bunun aldatma olduğunu düşündüyünü bildirib. O, rəsmi olaraq aidiyyəti qurumlara müraciət etdiyini və hüquqi prosedura başladığını da açıqlayıb.

Bənövşə Balayeva vətəndaşları bu kimi onlayn səhifələrə qarşı ehtiyatlı olmağa çağırıb və bu hadisənin başqalarının da başına gəlməməsi üçün paylaşım edib.

Seçilən
5
1
azpost.info

2Mənbələr