AZ

İsrail-İran müharibəsi Azərbaycana hansı risklər vəd edir? - AÇIQLAMA

“Azərbaycanın istəyi bölgədə sülh və əminamanlığın bərqərar olunmasıdır. Rəsmi Bakı bütün məsələlərin diplomat yolla həlində maraqlıdır”.

Bu sözləri Bakıvaxtı.az-a Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə İsrail-İran müharibəsinin Azərbaycana vəd etdiyi risklərdən danışarkən deyib.

Onun sözlərinə görə, bununla yanaşı, nüvə silahının bölgədə müvcudluğu çox böyük bir problemdir:

“Ölkəmiz bu istiqamətdə beynəlxalq təşkilatların nəzarətinə önəm verir. İstəyirik ki, nüvə proqramları məhz nəzarət altında olsun və bölgədə hansısa problemlər yaratmasın. Bununla yanaşı, biz hər şeyi yaddaşımızda saxlayırıq. Bu yaxınlarda Ermənistanla İran hərbi müttəfiqliklə bağlı saziş imzalayıb. 44 günlük müharibədə İran Ermənistana böyük dəstək göstərib, hətta hərbi müdaxilə cəhdi də olmuşdu. Sual yaranır ki, özünü müsəlmanların müdafiəçisi elan edən ölkə nə üçün öz yurd-yuvalarından didərgin düşmüş 100 minlərlə müsəlmanı-azərbaycanlını yox, məhz Ermənistanın tərəfini seçib?! Bu ciddi məsələdir. Bu mənada İranın siyasətinə inam yoxdur”.

İranın xarici işlər naziri Abbas Əraqçının “İran beynəlxalq ictimaiyyətlə rəsmi saziş imzalamağa və bu saziş çərçivəsində nüvə silahı istehsal etməyəcəyinə dair zəmanət verməyə hazırdır” bəyanatına münasibət bildirən müsahibimiz diqqətə çatdırıb ki, bu sayaq bəyanatlar dəfələrlə səsləndirilib, amma nəticə olmayıb:

“Mənə elə gəlir ki, dünyada heç kəs onların bəyanatlarına inanmır”.

Azərbaycanın hər zaman sülh, əmin-amanlıq və tərəfdaşlıq istəyini vurğulayanA.Mollazadə əlavə edib ki, bu məsələ Azərbaycanın xarici siyasətində prioritet təşkil edir:

“Beynəlxalq hüquq işləmələdir. Biz beynəlxalq hüququn normalarında bəyanatlar yox, real nəticələr gözləyirik”.

Asim Mollazadə: Biz beynəlxalq hüququn normalarında bəyanatlar yox, real nəticələr gözləyirik

Zəngəzur dəhlizinin açılmasını istəməyən əsas dövlətlərdən birinin İran olduğunu vurğulayan deputat qeyd edib ki, heç bir ölkə Azərbaycanın həyata keçirdiyi proqramların qarşısını almağa cürət etməməlidir:

“Heç kəsin buna imkanı çatmayacaq. Bölgədə Azərbaycan və ölkəmizə müttəfiq olan qardaş Türkiyə ilə birgə heç bir ölkəyə imkan verməyəcəyik ki, bizimlə təzyiq, təhdid dilində danışsın. Bu, həm Azərbaycana, həm də ölkəmizlə birgə böyük starteji layihələr həyata keçirən qardaş ölkələrə lazımdır”.

“İran adlanan ərazi bizimlə hədə-qorxu dilində danışa bilməz. Zəngəzur dəhlizinin açılması mütləq gerçəkləşəcək. Buna şübhə yoxdur. Azərbaycanın həyata keçirdiyi və keçirəcəyi böyük strateji layihələrin qarşısını heç kim ala bilməz. Buna cəhd edənlərin özləri tarixin arxivinə gedəcəklər”, - deyə Asim Mollazadə vurğulayıb.

Aydın Baxış

Seçilən
5
bakivaxti.az

1Mənbələr