AZ

GƏLDİGEDƏRLƏR VƏ HƏMİŞƏLİK QALANLAR Rafael Hüseynov yazır

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rafael HÜSEYNOVAkademik

Ağlımız kəsəndən belə eşitmişik ki, dünyamız, varlığımız yeddiliklər üstündə qurulub. Bunu elm də təsdiqləyib, biz də inanmışıq ki, vur-tut yeddicə rəng var. Bu yeddicə rəngin bitib-tükənməz çalarlarıyla Yer Üzünün ən müxtəlif dövrlərindəki ən böyük rəssamlar bir-birinə əsla bənzəməyən, təkrarsız lövhələr yaradıb. Elə o sayaq yeddi notun saysız calağından xalqlar və onların parlaq övladları miqdarı bilinməz və sonu görünməz qədər çox nəğmələri, təranələri, heyrətamiz musiqi əsərlərini doğurub. 

Bunu da 6-7 yaşım olanda qonşuluğumuzdakı yas mərasiminə dərin savadına görə ayrı bölgədən məxsusi gətirilmiş və 40 gün həmin evin qonağı kimi saxlanan, hər axşam dərin mənalı və ibrətlər dolu söhbətlərindən feyziyab olmaqçün xeyli adamın o həyətə axışdığı bir nurlu axunddan eşitmişdim ki, nütfə ana bətninə düşdükdən 7 gün sonra insan yaranmağa başlayır, düz 40 dəfə təkrarlanan yeddigünlərdən sonra, yəni 9 ay, 9 gün, 9 gecə ötüncə körpə doğulur, övlad ömrünü yaşayıb torpağa tapşırılandan düz 7 gün sonra da əti sümüyündən ayrılmağa başlayır. 

Yəni həyatımızda hər nə varsa bu təhər yeddiliklər üzərində bərqərar olubsa, bəlkə elə əsl söz də rənglər kimi, notlar kmi cəmi yeddidir, qalan kəlmələr rənglər kimi elə həmin yeddicə sözün çalarlarıdır?

Bu gümana, yəqin, Rəsul Rza da düşübmüş ki, vaxtilə belə fərz edibmiş:

Rənglər könlümüzdən keçir

isti, sərin küləklər kimi,

nəğmələr, sözlər, səslər

qəlbimizə dolur müxtəlif rənglər kimi.

Şeir öz yerində, ancaq Rəsul Rza həyatı boyu elə ədəbiyyatca musiqiyə, rəssamlığa da çox bağlı oldu. Həm bu istiqamətlərin hər birini bütövlükdə, həm də seçkin yaradıcılarını ayrılıqda könüldən sevdi, izlədi, amma digər tərəfdən, həm o səmtlərin hər birində özünün də ən azı ürəyini toxtadacaq qədər qabiliyyətləri də oldu. Rəsul Rza həm rəssamlıqda, həm musiqidə bəlli olanların təkrarından yaranan təkrarsızlıqlara daim heyrətləndi, eyni işi özü də şeirdə görərək başqalarını təəccübləndirməyi bacardı.

Böyük şairin “Rənglər silsiləsi” ədəbiyyatın xoş bir saatında heyrətdən doğularaq həmişə heyrətlər oyatmaqda davam edəcək bir söz incisi kimi vücuda gəldi.

Elə bir həmişətəzə silsilə ki, zamanımızda ədəbiyyat səmamızda şimşək kimi parlamışdı, mürgülü düşüncələri səksəndirmişdi, bir çox qaranlıq fikir, duyğu bucaqlarını işıqlandırmışdı, başqa cür görməyə və düşünməyə mail nə qədər insanın içərisində duyğu selləri coşduraraq onları da buxovlar qıran yenilikçiliyə kökləmişdi. Amma, eyni zamanda, həmin rənglər qatarındakı dərinlikləri anlamayan nadanlar dəstəsi “şeirimizin evini yıxır” etirazıyla Rəsul Rzaya qarşı buynuz çıxarmağa başlamışdılar; heç olmazsa həmin cahillər öz aləmlərində, başa düşdükləri səviyyədə guya bədii sözümüzün təəssübünü çəkərək belə etmişdilər, lakin heç də cahil olmayanlar, Rəsul Rzanın nə demək istədiyini dərk edən, oradakı eyhamların hansı nöqtələri vurduğunu da duyan qatı mühafizəkarlar, qılaflılar da vardı və belələrinin dişləri daha şıqqıltıyla qıcanır, daha çox baş ağrıdırdı.

Rəsul Rzanın rənglərinə döşəyən tənqidi yazıların biri digərini əvəz edirdi və imkan vermirdilər ki, tozanaq yatsın.

1960-cı illər idi, Sovet İttifaqında da, Azərbaycanda da yeniləşməyə, dəyişməyə, böyük dünyaya asta-asta açılmağa doğru canatmalar artmışdı, di gəl vaxtın ayağından yapışıb geri dartmaq istəyində olanlar da bəs deyincə idi.

Rəsul Rza neyləmişdi ki, bunlar belə əlhaya düşmüşdülər? O dövrün özünəməxsusluqlarından və həmin çağkı insanların təbiətindən bixəbər olan bir çox indikilərə və gələcəkdəkilərə Rəsul Rzanın “Rənglər”ini oxuyub sonra “Rənglər” barədə tənqidi yazıları mütaliə edənlərə anlaşılmaz gələcək ki, axı bunlar bu şairdən nə istəyirmiş, bu şeirlər düzümündə nə varmış ki, onları belə diltəng edirmiş?

Rəsul Rza sadədən-sadə sual verirdi: “Dəniz hansı rəngdədir?” və dərhal da ehtimal olunan ilk cavabı özü deyərək bununla razılaşmadığını gizlətmirdi: “Mavimi? Mən dənizin yaşılını görmüşəm”. 

Həqiqətən, belə deyilmi məgər? Dəniz axı heç zaman eyni cür və sabit rəngli olmur. 

Onsuz da bəlli olanı bir daha yoxlamaqçün kim istəyir gedib günün müxtəlif saatlarında Xəzərin sahilində dayansın. Gün yeni doğurkən şəfəq qızartısıyla boyanan dalğalar bir ayrı rəngdədir. Günorta üstü dənizin sakit vaxtında qırçın ləpələr bir özgə rəngdə görünür. Kükrəyib daşanda, dalğalar şahə qalxanda sanki dənizin rəngi də tamam başqacürləşir. Günəş bathabatda, axşam qaranlığı çökəndə, bu saatacan gah çəhrayı, gah bəyaz, gah lacivərd, gah yaşıl, gah mavi gördüyümüz dəniz yenə boyasını dəyişir, qaralan kimi olur, ancaq bir azdan ay doğacaq və işığını sərəcək dənizin üstünə, ağla sarının qatışığı göylə qaranın qovuşuğunda əriyəcək – hünərin var indi bu rəngin, bu çaların adını tap!

Rəsul Rzanın da çatdırmaq istədiyi elə bu idi. Belə saya sualları verə-verə oxucusunu heç də sadə olmayan mətləblərə yönəldirdi. Şüurlara bu gerçəyi ötürmək istəyirdi ki, heç vaxt baxdığımızda ilk baxışdan görünən rəng ondakı boyaların hamısı deyil. Boyanın içində boya, çaların daxilində saysız çalarlar həmişə var. 

Ona qalsa, sanki bütün insanlar da eynidir. Hamının bir cüt gözü, bir cüt qulağı, burnu, dodağı, saçları. Amma hər insan həm də Allahın bir təkrarsız əsəridir. Rənglər bucağından baxaraq düşünsək, hər insan da bir ayrı çalardır. 

Rəsul Rza da bunu umurdu – ağı da başqa cür görün, qaranı da, yaşılı, göyü də, qırmızını, sarını, qonuru da. Rənglərin nüvəsinə nüfuz etməyə çalışın, hər rəngin qoynundakı çalarları sezin. Elə həmin yolla da yaşayın, həyata, hadisələrə, insanlara da bu qəliblə nəzər salıb, onları belə görməyə səy edin.

Kim belə düşünsə, belə yaşasa, belə duysa, dünya və yaxın ətraf da tamam başqa cür görünəcək. 

Düşündükcə açılır,

əlvan səhifələri rənglərin.

Canlanır gözümüzdə rəngi

ömrün, mübarizənin,

qəlbin, nifrətin,

gecənin, səhərin

və insan taleyinin.

1987 gəlmişdi. Rəsul Rzanın həyatdan getməsindən illər keçirdi və sanki zəmanə də dəyişən kimi idi, sovet siyasətində “yenidənqurma”, “aşkarlıq” kəlmələri ilə nişanlanan və zahirən ifadə sərbəstliyinin artdığı dönəm idi. Rəsul Rza o çağlarda artıq ədəbiyyatımızın tarixində və Azərbaycan insanının yaddaşında klassik kimi heykəlləşmişdi. 

Və həmin il mən Rəsul Rzanın “Rənglər” silsiləsini ayrıca bir toplu şəklində çapa hazırlamış, müqəddimə də yazmışdım, kitab “Azərnəşr”in həmin ilçün çap planında idi, çıxmalıydı. Ancaq həcmcə çox da iri olmayan, üstəlik, 2 il qabaqcadan rəsmən təsdiqlənmiş nəşriyyat planında yer alan o kitabça işıq üzü görmədi. 37-dən 50 il ötəndən sonra, 87-də belə 37-dəkicəsinə düşünənlər qalırdı və dəyişən vaxtın istisi də onların kirəcləşmiş qafalarının donunu aça bilmirdi, yaddaşlarda, ədəbiyyat tarixində hətta heykəlləşəndən sonra da Rəsul Rzanın sözünün, tərzinin, onun düşüncəsindəki azadlıq aşiqliyinin əleyhinə gedənlərin neçəsi (və onlarabənzər törəmələr) yenə fəaliyyətdə idi.

Ona görə də inqilabçılıq, barışmazlıq, sığmazlıq Rəsul Rza kimi zatında, cövhərində olan insanların mübarizəsi heç vaxt dayanmır. Şeiri qalırsa, sözü yaşayırsa, şeirinin və sözünün içərisində rənglərin min bir çaları diridirsə, demək, Rəsul Rza da həm bu gün, həm gələcəklərdə də – yağışlar yağdıqca, yarpaqlar töküldükcə, çiçəklər açdıqca, insan sevdikcə və nifrət bəslədikcə mübarizələrini hökmən davam etdirəcək. 

Baxa bilmirəm 

yarpaqların səssiz ölümünə

bu həzin, bu gözəl ölümü görəndə 

xəyalımdan qaynar, acı bir nəfəs kimi 

həyat lövhələri keçir

aləm gözümdə dəyişir

çılpaq budaqları görürəm yazbaşı

sonra körpə yarpaqlar

sonra aləm yamyaşıl

sonra bir fəsil, iki fəsil sürən 

yaşıl günlər, yaşıl gecələr

sonra yarpaq tökümü

həyat, ölüm, dönüş, yenidən doğuş

əbədi mübarizənin sonluğu.

Bir dəfə Rəsul Rza ilə Nigar Rəfibəylinin həyatda və ədəbiyyatdakı ləyaqətli davamı Anarla Buzovnaya getmişdik. O bağa ki, Rəsul Rzanın ömrünün neçə yayı orada keçmişdi, neçə şeirini dənizin lap sahilindəki bu xudmani bağın sakitliyində qələmə almışdı. Çoxdan kimsənin gəlmədiyi bağ suyu sovulmuş çay yatağı kimi qüssə gətirirdi. Köhnə rəfdə köhnə uzaq illərin təzə qəzet-jurnalları, haçandan bəri qatı açılmamış kitablar, Rəsula, Nigara müxtəlif şəhərlərdən gəlmiş məktublar. Bağın sahibləri yox idi. Sabaha çıxıb getmişdilər. Kimsəsiz bağın sükutunu yaxın dənizin səsindən başqa pozan yox idi. 

Nə deyirdi dəniz? Bizdən onillərcə əvvəl elə həmin bağdakı belə səssiz, sakit axşamlardan birində Rəsul Rza da xışıltısı, ətrafı sarmış dərin sükutu dağıdan dənizi dinləyirmiş, sadəcə, qulaq da asmırmış, danışırmış, dərdləşirmiş onunla:Pəncərəmi açmışam dənizə.

Səhər hələ yoldadır.

Ay gecənin üfüq qapısında,

qarovuldadır.

Dəniz də oyaqdır.

Nə gözümdə yuxu var,

Nə çimir.

Sahil boş,

dəniz doludur.

Dənizdə dalğalar çimir.

Suya baş vurub qalxırlar.

Boylanırlar tez-tez.

Yəqin, onlar da

Səhərçin darıxırlar.

Bir yay səhərininmi, axşamınınmı, gecəsininmi dinməzliyində dənizlə təkbətək qalan Rəsul Rza belə yazırdı. 

Dəniz kimi, dənizin dalğalarıtək hər gəlməmiş səhərdən ötrü darıxan, hər gedən günün ömürdən getdiyini bilə-bilə yenə növbəti səhərə can atan Rəsul Rza hər halda son böyük arzusuna çatdı. O, çoxdandır ki, XXI əsrdədir. Bu əsrə bizdən də əvvəl gəlib. 

Rəsul Rza diri şeiri ilə, canlı sözüylə bu gün yaranan çox şeirdən daha təravətli və gələcəkli sözü ilə XXI əsrin sakinidir. 

...Rəsul Rza böyük poeziyaya gələndə şeirin yaşı neçəydi, bu yolun uzunluğu neçə minil idi – bilən yoxdu. Amma hər halda bu, hər kəsə bəlli həqiqət idi ki, şeirimizdə iki vəzn – hecayla əruz min ildən də artıq müddətdə insanlarla birgəydi. Əslində əruz vəzninin özü də hecaya nisbətdə cavan olmasına baxmayaraq, elə hecanın davamı idi. Heca vəzninə bəzən el arasında “barmaqhesabı” deyirlər. Müəyyən şərtiliklə o barmaqhesabı əruza da tətbiq olunur. Vaxtilə həm şair, həm şeirşünas, həm musiqiçi olmuş Xəlil ibn Əhməd Fərahidinin yaratdığı əruz vəzni də mahiyyətcə heca vəznidir. Sadəcə, ənənəvi heca vəznində hər misrada hecaların sabit sayı nəzərdə tutulur, elə əruzda da hecaların dəyişməz sayı şərtdir. Bir qeyd-şərtlə ki, əruzda heca vəznindən fərqli olaraq, ümumən hecaların miqdarı yox, açıq və qapalı hecaların misralardakı eyni sayı düşünülür. Onun da, bunun da – birində bir qədər az, digərində bir qədər çox – yazan qarşısında qoyduğu müəyyən məhdudiyyətlər, müəyyən çərçivələr var. Əruzda təfilələrin təklif etdiyi və hökmən riayət olunmalı səs qəliblərinin varlığı hecaya nisbətən qələm əhlinə bir az artıq məhdudiyyət yaratsa da, daha artıq musiqililiyə malikliyi, o tərəfdən aldığının əvəzində bunu verməklə əruzun cazibəliliyinin azalmamasına imkan yaradırdı. Rəsul Rza əruzda da şeir yazıb, heca vəznində də. Ancaq ədəbiyyata gəlişinin erkən çağlarından başlayaraq yaradıcılığının əsas hissəsini sərbəst şeirə həsr edib.

Bununla da yalnız Azərbaycan söz sənətində deyil, bütövlükdə türkdilli poeziyada sərbəst şeirin ən böyük yaradıcılarından biri kimi qalıb. “Sərbəst” sözü bizim anlayışımızda asudə, azad deməkdir. Ona görə də bəzən sərbəst şeirin daxili aləmindən sonacan xəbərdar olmayanlar belə yanlış gümana da düşürlər ki, burada əruz və hecadan fərqli olaraq, səni sıxan, tabe olmanı məcburlaşdıran heç bir ölçü, şəkil tələbi yoxdur – tam asudəsən, nə istəyirsən et, “söz köhləni”ni hansı səmtə istəyirsən səyirt. Amma qətiyyən belə deyil. Sərbəst şeirdə də elə hecada, əruzda olan kimi, mütləq gözlənilməli sərhədlər, əməl olunmalı şərtlər, meyarlar var. “Sərbəst” bir fars kəlməsidir və mənası “başı bağlı”dır. Yəni fars o yana qalsın, Güney Azərbaycanda, bu tay Azərbaycanın tam əksinə olaraq, “sərbəst” deyəndə azad deyil, asılı olan düşünülür. Və bu, xeyli dərəcədə rəmzidir. Azərbaycan dilində tam əks mənada işlənən bu söz vəznə aid edilərkən bir tərəfdən söyləyir ki, asudəsən, azadsan, əlin-qolun açıqdır, amma dərhal da pıçıldayır ki, asılısan, müəyyən məhdudluqların tabeçiliyindəsən. 

Rəsul Rzanın şeirimizin baş sərbəstçisi olaraq bir böyüklüyü də bundan ibarət oldu ki, bu növ şeirin daxildən sərbəstliyini, azadlığını, fikircə uçuş asudəliyini içəridən artırdı. Ona qədər də Azərbaycan poeziyasında sərbəst şeir yazanlar vardı. Ancaq Rəsul Rza poeziyamızda yeni olan bu şeir qəlibinə müraciət etməklə insan zəkasının intəhasızlığını, insan duyğularının sonsuzluğunu şeirə köçürdü. Rəsul Rzanın icrasında sanki sərbəst şeir çox münasib hava limanı, çox uyğun bir təyyarə uçarlığı idi ki, buradan ən qəfil və ən ötkəm düşüncələr bütün sərbəstlikləri ilə ən geniş üfüqlərə qanadlana bilirdi. İstər-istəməz şeirin fəlsəfəsi çoxaldı, şeirdə düşüncə köklərini daha dərinlərə ata bildi.

Rəsul Rzanın sərbəst şeirində qafiyə də vardı, ritm də. Amma bu vəzn və qafiyə hecadakı, ya əruzda olan sayaq üst qatda olub dərhal gözə girmirdi, sanki bir qədər misraların dərininə çəkilmişdi. Rəsul Rzanın qafiyələri də qulaqların alışdığı yeknəsəqliyi dağıdırdı, şeirdə yıpranmışlığın əksinə gedirdi, hələ növbəti misra gəlməmişdən əvvəlki misranın sonundakı kəlməyə əsasən indi hansı qafiyənin gələcəyi kimi yorucu mərəzi asta-asta şeirimizdən kənarlaşdırmağı hədəf götürmüşdü.

Çox da olmasa, hər halda Rəsul Rzanın sərbəst şeirlərinin bir hissəsi bizə şairin öz səsində gəlib çatıb. 

İstənilən müğənni bir bəstəkarın yazdığı mahnını ondan daha məlahətlə, daha gözəl oxuya bilər. Amma hər bir bəstəkar da öz mahnısını istənilən müğənnidən həmişə daha düz oxuyacaq. Eyni hal şeirdədir. Aktyorun səsi də, oxu məharəti də şairinkindən qat-qat yaxşı ola bilər, lakin heç vaxt heç bir aktyor şairin hansısa şeirini onun özündən daha təsirli, daha düzgün, misraların altını da, üstünü də nəzərə alaraq oxuya bilməz. Həmin səbəbə görə Rəsul Rzanın öz oxuduğu şeirlər həm də hər oxucudan ötrü bir bələdçidir. Onun özünü dinlədikcə sərbəst şeirin içərisindəki ilk baxışdan sanki tül arxasında qalmış təsəvvürü oyadan vəzn də, qafiyə də qabarıb üzə çıxır, oxucunu yönəldir ki, başqa Rəsul Rza şeirlərini də bu havanı tutaraq, özünüz də bu tərzdə səsləndirin.

1963-cü ildir. Son dekabr günləri. Rəsul Rza kinokamera qarşısındadır. Studiyadan gəliblər ki, şairin yeni il təbriklərini alsınlar. Rəsul Rza təzə illə bağlı arzularını dilə gətirir, ardınca da son yazdığı şeirlərindən birini oxuyur. Elə gözəl oxuyur ki, həm şeirin çalar-çalar mənaları ürəyimizə axır, həm də bu oxunuşda sərbəst şeirin içərisində necə sabit ritm, necə səliqəli qafiyə düzümü olduğunu aşkarca duyur, uzun-qısa sətirlərin əslində nə təhər bir bütövlüyə malik olduğunu görürük. “Rənglər”dən oxuyur və başlanacaq yeni ilin də ömrümüzə rənglərin bitib-tükənməz əlvanlığı ilə gəlməsini diləyir:

...Rənglər xatirələr oyadır,

duyğular oyadır.

Gördüyümüzdən artıq görmək istəməsək,

hər rəng adicə boyadır.

Rənglərin də musiqi kimi ahəngi var.

Ağrının, sevincin, ümidin də

rəngi var.

...Arzum budur rəngi xoş olsun,

Mənası, ahəngi xoş olsun yeni ilin.

Rəsul Rza həm yaradıcılığı, həm şəxsiyyəti ilə məktəb olan insan idi. Payına düşmüş vaxtla XX əsrin adamı idi, amma irəlidən XXI yüzil gəlir, üçüncü minillik gülümsəyirdi. Tale ona da millətin işıq daşıyıcısı böyük övladlarından biri kimi həmin yeni zamanı gətirənlərdən biri olmaq vəzifəsini həvalə etmişdi. Rəsul Rza yaşından tez böyüyən, həyatın sınaqları ilə erkən yaşlarından qarşılaşan və zəmanə labirintlərindən ən düzgün yolları özü tapmağa gəncliyindən alışmış bir vətənpərvər idi. Atasını tez itirmiş Rəsul Rzanı dayısı Məmmədhüseyn Rzayev himayəsinə götürmüşdü, ona əsl ata olmağı bacarmışdı və o qiymətli şəxsiyyətdən sonrakı bütün ömrü boyu Rəsulla qalan yalnız Rzayev soyadı olmadı. Ötən illərdən birində həmin Məmmədhüseyn Rzayevin qızı mənə içərisi qovluqlarla dolu bir çamadan gətirmişdi, hamısı atasının əlyazmaları idi. Hekayələr, şeirlər, poemalar... kimsəyə görünməyən yaradıcılığının toplusu. Əksərən ərəb əlifbasında olan həmin yazıları latın qrafikasına sətir-sətir köçürdükcə məzmunlarına, əlbəttə ki, nəzərləri sətirlər üstündən ani qaçıb keçən adi oxucudan fərqli olaraq, hər məqamı yanlışlara yol verməyim deyə diqqətlə izləyirdim. Çünki hansısa vərəqlərdəki xətti illər soldurmuş, çətin oxunan, hətta bəzi məqamlarda oxunmaz etmişdi. Xətt, kağız köhnəlmişdi, dəftərlərin vərəqləri saralıb-solmuşdu, amma o mətnlərin heç biri əskiləşməmişdi. O yazıları oxuduqca həyata, hadisələrə, insanlara ayıq baxan, 1920-1930-cu illərdə Azərbaycanın yüksəlişlərini qəlbinin bütün sevgisi ilə arzulayan bir mərd, millətcanlı, yurdsevər ziyalının surətini sətirlərin arxasında aydınca təsəvvür edirdim. Bunu da düşünürdüm ki, məhz belə bir müdrik və xalqa bağlı, həmişə sabaha baxan bir insanın tərbiyəsi ilə böyüməsi çox cəhətdən gənc Rəsul Rzanın ədəbi müqəddəratına təsir etmiş, onun, yolunun başlanğıcından həm mübariz və dönməz, həm müasir düşünən, həm də gözü daim gələcəkdə olan bir yaradıcı kimi yetişməsinin bünövrəsinə çevrilmişdi.

Rəsul Rza xalqın içindən çıxıb gəlmiş, torpaq qoxusunu həyatı uzunu unutmayan bir millət sevdalısı idi, amma həm də yeni dövrün övladı idi. Yaxşı anlayırdı ki, dünyanın sürətləri ilə ayaqlaşmaqçün öz qınına qapılıb qalmaq yaramaz, Şərq ölkəsi olan Azərbaycan heç vaxt Asiya ilə Avropanın qovuşağında yerləşmək qismətindən kənara, qırağa çıxa bilməyəcəyindən, həm şərqli, həm qərbli olmağın da vaxtın istədiyi tələblərinə uyğunlaşmağı bacarmalıdır. 1930-cu illərdə gənc, çılğın Rəsul Rza kimi elə bu cür düşünən başqaları da olmuşdu. Ancaq onların bir çoxunun Azərbaycanı guya daha çağdaş edərək, daha artıq qərbəuyğun edərək müasirləşdirmək təşəbbüslərinin tərəzinin gözünü əyməsi də olurdu, millini bəzən müasirə qurban da verirdilər. Rəsul Rzanınsa şeirində də, ictimai-siyasi gerçəklikdəki fəaliyyətlərində də üzdə olan bu keyfiyyət idi ki, o, “qızıl orta”nı tutmağı həmişə bacardı, nəyin ardınca gertməyi, nəyi müdafiə etməyi həmişə dəqiq bildi. Bunun üstündə bəzən o, hərdən bu tərəfdən qınandığı oldusa da, sonadək öz xəttinə sadiq qaldı, sağa-sola meyil etmədi. Mustafa Quliyev 1920-1930-cu illərdə Azərbaycanın ədəbi-mədəni həyatında ən həlledici, istiqamətverici simalardan biri olmuşdu. Ona o dövrdə iki dəfə Azərbaycan xalq maarif komissarı vəzifəsini daşımaq nəsib oldu: 1922–1927-də və 1928–1929-cu illərdə. Bu qurum indiki ölçülərlə həm mədəniyyət, həm elm və təhsil nazirliyi deməkdi. Mustafa Quliyevin proletkultçuluq havalı çağırışları da olmuşdu, mədəniyyətimizin sıçrayışlı inkişafına son dərəcə müsbət təsir göstərən addımları da. Bir tərəfdən “Oxuma, tar!” nidası ondan gəlmiş və ağrılı izləriylə yaddaşlarda qalmışsa, amma Üzeyir bəyin məhz “Koroğlu” operası yazmasına inadkarlıqla nail olan da Mustafa Quliyev idi. Müasirləşmə yolunda onun cəhdlərinin hərdən ifratlara aparıb çıxarması, tutalım ki, somfonik musiqiyə daha artıq meyil edilib muğamın küncə sıxışdırılması kimi hallar bir vaxtlar belə yanlış qənaət də oyatmışdı ki, guya Mustafa Quliyev milli dəyərlərimizə yetərincə bağlı deyilmiş. O zavallı da sovet siyasi repressiyalarının növbəti qurbanlarından biri olmuşdu, 1937-ci ildə güllələnmişdi. Hətta 1950-ci illərin ikinci yarısından, bəraətlər “mövsümü”ndən sonra da Mustafa Quliyev köhnə və yanlış yaddaşla az qala milli irsə və dəyərlərə əks getmiş biri kimi qiymətləndirilmişdi. Rəsul Rza Mustafa Quliyev haqqında yazaraq onu yeniliklərə can atan, Azərbaycanı daha irəligetmiş kimi görmək yolunda çalışan vətənpərvər kimi təqdim edəndə o, artıq bəlkə də daha çoxlarının yadına düşmürdü, hərdən tarımıza qarşı vaxtilə aparılmış təxribatlar xatırlananda xoş olmayan hisslərlə anılırdı. Rəsul Rza Mustafa Quliyevlə fırtınalı, inqilab dalğalı illərdə təmasda olmuşdu, onun milli-mədəni inkişafa sidq-ürəkdən çalışdığına da şahid idi. Əmin idi ki, Mustafa Quliyevin hansısa səhvləri millətə və dəyərlərimizə yadlığından deyil, ifratçılıqdan törəyən fəsadlardır. Rəsul Rza üçün əsas olan bu idi ki, Mustafa Quliyev çalışmalarında səmimi olub, xalqı, respublikanı vaxtın bizi daha müasir, daha qabağagetmiş kimi təqdim edə biləcək nailiyyətlərinə uyğunlaşdırmağa səy edib.

Məhz xalqına bağlı olduğundan, yeniləşmə yolunu tutmuş olduğundan Mustafa Quliyev ona ruhən yaxın olanlar zümrəsindən idi. Elə həmin ovqatla Rəsul Rza ta ixtiyar çağlarınadək yenilik işığı, çağdaşlıq şöləsi duyduğu yaradıcıların müdafiəsindən heç vaxt kənarda qalmadı. Çünki hansı nöqtələrdəsə baxışlarında, yanaşmalarında tam razı olmadığı məqamlar vardısa da, bu qəbil insanlar məhz yenilikçi, müasir, yıpranmış qəlibləri sındıran düşüncə və zövq sahibləri olduğundan onlarla özünü eyni yolun yolçusu sayırdı, yola və yol yoldaşına sadiqliyi gərək olan anda ortaya qoymağı da mənəvi borc kimi qəbul edirdi.

Rəsul Rzanın cavanlığından məramı bu oldu ki, millətinin sıra nəfərləri öz kökünə, torpağına min bir tellə bağlansın, yerliçi olmasın, amma mütləq Yerli olsun, dünyanı da öz evi hesab etsin, yeyin dəyişən sürətləri onu təngnəfəs etməsin, nəbzini çağdaş dünyanın nəbzinə uyğunlaşdırmağı bacarsın. İstəyirdi ki, bu dalğa daha geniş yayılsın. Ona görə də ətrafında daha çox məsləkdaş, fikirdaş, zövqdaşlar olmasını istəyirdi. O “Azərbaycan Ensiklopediyası” ki onu sırf milli ruhda və düşündüyü biçimdə araya-ərsəyə gətirmək əzmində idi, əslində Rəsul Rzanın özünün davamı olacaqdı. Sağlam mənəviyyatlı millət quruculuğu Rəsul Rzanın həyat amalı idi. Şeiri ilə də bunu edirdi, Ensiklopediyada da bu işi görürdü, bütün ictimai-siyasi və insani fəaliyyətlərinin hamısının da özəyində dayanan bu niyyət idi.

Və Azərbaycan bu gün istiqlal içərisindədirsə, yurd və millət sabaha doğru dünyanın irəligetmiş ölkələrindən və xalqlarından biri kimi addımlayırsa, sabah içərisindəki yolu mütləq bu xətlə gedirsə, bunların mayasında mütləq Rəsul Rza və ona bənzər yenilikçilərin, çərçivəyə sığmayanların müstəsna əməkləri və halal payı var!.. 

Rəsul Rza şair idi, bizə də şeirlərini yadigar qoyub gedib. Gələcəkdə də oxuyacağıq, zövq alacağıq, onlardan nələrisə öyrənəcəyik. Amma hər dəfə oxuduqca, duyğulandıqca, düşüncələrə daldıqca vacib bir məqamı da heç vaxt unutmayaq. Solmaz şeirləri və ümumən bizə yaşarı irs olaraq saxlanc qoyduqlarının hamısı ilə Rəsul Rza həm də ölməz “millət ataları”nın şərəfli ənənəsini davam etdirərək böyük vətənçilik, millətçilik, azərbaycançılıq dərsliyinin yeni-yeni səhifələrini və fəsillərini yaradırmış.

Rəsul Rzanın sözünü millətə çatdırmaqda bir vasitəçisi də nəğmələrdi. Söz yox, hər yaxşı şair hər şeirini yazanda misralara nəğməlilik istədin-istəmədin öz-özünə hopur. Amma bir də var ki, şeiri məxsusən onun nəğməyə dönməsi, bəstəkar nəfəsi dəyərək mahnılaşmasından ötrü yazırsan. Rəsul Rza bu cəhətdən də yarımışdı. Azərbaycanın onun əsrindəki ən üstün bəstəkarlarının bir çoxu ilə o, sadəcə mehriban münasibətlərdə deyildi, həm də dost, sirdaş, əqidə ortaqları idilər. Mahnılaşan şeirlərin bu gözəlliyi də var ki, daha haçansa kiminsə kitabı açıb onları oxumasına ehtiyac qalmır. O mahnılar özləri quş kimi uçaraq insanları tapır, ürəklərə qonur. Odur ki, ixtiyarında əli hər yerə çatan belə münasib bir ötürücün olanda millətin birbaşa ürəyinə pıçıldamalı mətləbləri onların köməyi ilə ötürməkdən sərfəli yolmu var?!

Rəsul Rzanın sözlərinə Azərbaycanın çoxlu və çox istedadlı bəstəkarları onun sağlığında da sıra-sıra nəğmələr yazıb, Rəsul Rza şeirləri bizim illərin bəstəkarlarını da daim özünə sarı çəkməkdədir, yəqin, bundan sonra da hər yeni vaxtla həmzaman olmağı bacaran şeirlərə yeni-yeni nəğmələr qoşulacaq. 

Rəsul Rzanın sözlərinə musiqi bəstələyən köhnə bəstəkarların heç biri isə sadə sənətkar deyildi. Onun sözlərinə ilk nəğməni bəstələyən Asəf Zeynallı olmuşdu. Bu haqda mənə vaxtilə Maestro Niyazi danışırdı ki, Asəfin qardaşı Cəfər çekist idi. Rəsul Rza “Sərhəd bəkçisi” (“Sərhəd keşikçisi”) şeirini Asəfin xahişi ilə yazmışdı. O mahnını yaxın dostların toplandığı bir məclisdə – Maestro dəqiq xatırlaya bilmirdi ki, ad günüymüş, yoxsa Cəfərə növbəti daha yüksək rütbə verilibmiş – pianoda Asəf özü çalıb-oxuyubmuş. Maestro bunu da unutmamışdı ki, həmin mahnı 1920-ci illərin sonlarında yenicə fəaliyyətə başlamış Azərbaycan radiosunda da səslənmişdi. Maestro söyləyirdi ki, o vaxtlar radioda bütün çıxışlar, konsertlər canlı gedirdi, radioda diktor işləyən dostumuz Hüseyn Natiq bizə xəbər vermişdi ki, həmin mahnı təqribən hansı saatlarda səslənə bilər. Dördümüz – Asəf, Cəfər, Rəsul Rza, mən gəlmişdik o dövrdə radiomərkəzin yerləşdiyi “İsmailiyyə”nin yanına. Sabir bağında uca dirəyə bərkidilmiş reproduktordan radionu dinləməkçün həmin yerə hər gün xeyli adam toplaşardı. Dinləmişdik, sonra da Cəfər bizi dəvət eləmişdi həmin hadisəni qeyd etməyə.

Rəsul Rzanın sözlərinə Niyazinin özü də mahnılar yazmışdı. Zamanında o mahnılardan biri lap dillər əzbəri imiş, himn, milli marş kimi hörmət-izzətlə səsləndirilirmiş. Mahnının bunca sevilməsinin, gecə-gündüz Azərbaycan radiosunda eşidilməsinin səbəbi yalnız onun özünün gözəlliyi deyildi. “Can Stalin” adlanan o mahnının qəhrəmanı “ellər atası” idi. Mahnının nəqəratındakı dua kimi səslənən “Yaşa, yaşa, can Stalin, dillərdə dastan Stalin” misraları dil-dodaqdan düşmürmüş.

Stalinizm epoxası ölüb getdi. Ancaq Azərbaycan insanlarının, köhnə nəslin yaddaşında o mahnının xoş əks-sədaları uzun müddət yaşamaqda davam edirdi. Köhnə nəsildən kimi dindirsəydin, o mahnının sözlərini əzbər deyərdi. Musiqinin gücü elə bundadır. Sovet dövründə Stalinə yüzlər, bəlkə minlərlə şeir həsr edilib. Kimin yadına düşür ki! Ancaq Rəsul Rzanın sözlərinə Niyazinin bəstələdiyi “Can Stalin”i hələ də xatırlayırlar.

Mahnının musiqisi də gözəl, sözləri də qəşəng. Bircə Stalin kəlməsini çıxart, mətndəki “Can Stalin” sözlərini qoy qırağa, əvəzində “Vətən”, ya “Azərbaycan” qoy, mahnı diriləcək, bu gün də dönə-dönə səslənməyə layiq nəğmə kimi təzə ömrünü başlayacaq. Ancaq nə Rəsul Rza, nə Niyazi istəmişdi ki, belə olsun. O mahnı köhnə dövrün içərisində yaranmışdı, onların gəncliyinin yadigarı idi. Stalinə etibarlarından yox, öz gəncliklərinə vəfasız çıxmamaqçün hər hansı dəyişiklik edilməsini rəva görməmişdilər.

Hətta o qoşqusuna Rəsul Rza “Ölən nəğməm” adlı bir şeir də həsr edib. Ancaq Rəsul Rzanın bir qafilə görkəmli Azərbaycan bəstəkarının nəğmələşdirdiyi şeirləri də var ki, onlar sadəcə ölməyən və heç vaxt da ölməyəcək nəğmələr deyil, bu xalq var olduqca onunla qalacaq incilərdir. Həmin ölməzlərin ölməzi nəğmələr arasında isə ən zirvədə qərar tutan “Qızıl üzük”dür. Unudulmaz Tofiq Quliyev nağıl edirdi ki, Lətif Səfərov digər adı “Sevimli mahnı” olan sonraların məşhur “Bəxtiyar” filmini çəkərkən bəstəkar kimi məni dəvət etdi, filmə musiqini yazmağa hələ başlamamışdım, amma Rəsulun sözlərinə “Qızıl üzük” artıq vardı. Onu da elə kinostudiyanın sifarişi ilə başqa hansısa sənədli film üçün yazmışdım, qərara aldım ki, onu orada yox, burada istifadə edim. 

Tofiq Quliyevin “Bəxtiyar” filminə yazdığı hər musiqi parçası, elə onun bütün digər bəstələri kimi, füsunkardır. Ancaq “Qızıl üzük” onun özünün də yaradıcılığında, elə bütün Azərbaycan musiqisində də bu millətə möcüzə kimi nəsib olmuş sərvətdir. Təbii, o nəğmənin ovsun kimi əsir edən olmasının bir ayrı səbəbi də Rəşid Behbudovun avazıdır. Rəşid Behbudov həmin nəğməni yüz dəfələrlə ifa edib – Azərbaycan səhnələrində, xarici ölkələrdə, radio-televiziyada. Hər dəfə də ilhamla, şövqlə, sevərək ifa edib. Mahnının 4-5 lent yazısı da qalır. Tofiq müəllim bunu da yada salırdı ki, 1940-1950-ci illərdə filmlər üçün musiqi parçalarını adətən kinostudiyanın balaca zalında gecələr yazarmışlar ki, əlavə səs-küy onlara maneçilik törətməsin. Film üçün edilən ilk yazılışdan sonra müxtəlif illərdə, daha geniş, rahat, texniki təchizatı güclü studiyalarda o nəğmə 4 dəfə də yazılmışdı. Tofiq müəllim də, Rəşid müəllim də müxtəlif vaxtlarda, ayrı-ayrılqda özləri mənə söyləyiblər ki, ən uğurlu saydıqları, ən çox canlarına yatan elə birinci yazılışdır ki, var. 

Rəşid Behbudovun ruha sığal çəkən oxusunda o nəğməni min dəfələrlə dinləsən də, yorulmaq mümkün deyil. Yenə doymayacaqsan, yenə can

atacaqsan ki, onu dübarə eşidəsən. 

Yaman gündə dost əlindən bərk yapış,

Dünyanın həvəsi gəlib-gedəndir.

Dünyada əzəl başdan hər şey gəldigedərdir. Elə insanın özü də. Çalış, çarpış, əvvəl-axır bir gün yoxsan. Ancaq dünyada qalan dəyərlər də var axı! İnsanı alıb apara bilən dünyanın insanın yaratdığı dəyərləri gəldigedər etməyə gücü çatmır. Elə fani dünyanı yaşamalı, etibarsız həyatı doyulmaz edən də heç vaxt solmayan, sönməyən, itib-getməyən o dəyərlərdir.

Rəsul Rza da, onun ruhən və qəlbən bağlı olduğu Tofiq Quliyev də, Rəşid Behbudov da gəldigedər dünyanın əbədi və dəyişməz hökmü ilə ömürlərini yaşayıb, köçlərini çəkib gediblər. Ancaq onlar bəxtiyar insanlardır. Çünki paylarına düşmüş ömür möhləti içərisində sadəcə gözəl, sevimli irs deyil, dəyərlər yaratmağa qadir olublar, bununla özləri də dəyərə çevriliblər. Hər nəsnəni apara bilən gəldigedər dünyanınsa dəyərə dönüb insanlarla həmişəlik qalmaq ucalığına qalxanlara güçü çatmır. 

14 iyun 2025

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
525.az

1Mənbələr