İsrailin baş naziri Benyamin Netanyahu ABC News-a müsahibəsində İranın dini lideri Xamneyinin mümkün hədəf alınması ilə bağlı suala çox aydın cavab verib.
Netanyahu iddia edib ki, Xamneyini hədəf almaq “münaqişəni gərginləşdirməyəcək, əksinə, sonlandıracaq”.
ABŞ prezidenti Donald Trampın bu planı rədd etdiyinə dair iddiaları xatırladan jurnalistə Netanyahu bu sözlərlə cavab verib: "Bu, münaqişəni gərginləşdirməyəcək, münaqişəyə son qoyacaq".
Netanyahu təfərrüatlara varmasa da, İrandakı yüksək səviyyəli nüvə mütəxəssislərinin hədəfə alındığını eyham edib.
İsrailin baş naziri ABŞ ictimaiyyətinə müraciət edərək, onun ölkəsinin təkcə öz təhlükəsizliyini deyil, həm də Qərb dünyasının gələcəyini qoruduğunu iddia edib.
“Wall Street Journal”ın İranın münaqişəni sona çatdırmaq və danışıqlara qayıtmaq siqnalları verdiyinə dair xəbərinə münasibət bildirən Netanyahu, bu bəyanatların “həqiqətə uyğun olmadığını və aldadıcı” olduğunu iddia edib: "Onlar saxta danışıqlarla vaxt udmağa çalışırlar. Reallıqda isə ballistik raketlər istehsal etməyə və nüvə silahı hazırlamağa davam edirlər".
ABŞ-dakı bəzi mühafizəkar şəxslərin İsrailin dəstəklənməsinə qarşı çıxmasına da toxunan Netanyahu jurnalist və şərhçi Taker Karlsonun “Amerika bu müharibəyə qarışmamalıdır” sözlərinə sərt reaksiya verib: "Biz təkcə öz düşmənimizlə deyil, sizin düşməninizlə də vuruşuruq. Onlar "Amerikaya ölüm" qışqırırlar. Bu, indi bütün dünyanın məsələsidir".
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Trampın İsrailin Xamneyiyə sui-qəsd etməsinin qarşısını aldığı iddia edilib. “Axios”dan Barak Ravid, X hesabında bir paylaşımında bildirib ki, bir ABŞ rəsmisi ona İsrailin İrana hücumlarında Xamneyini öldürmək fürsətinin olduğunu söyləyib.
Ravidlə danışan ABŞ rəsmisi iddia edib ki, Tramp açıq şəkildə İsrailin İran lideri Xamneyini öldürməsi planına qarşı çıxıb.
TAHİR