AZ

Moskva səhnəyə qayıdır: İsrail İran müharibəsində yeni aktor

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitrievun son açıqlaması diqqət çəkir. O bildirib ki, Rusiya İsrail-İran münaqişəsində vasitəçilikdə əsas rol oynaya bilər. Hazırda müharibə şəraitdən olan Rusiyanın digər münaqişə tərəflərinə necə vasitəçilik edəcəyi isə sual doğurur.

Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova deyib ki, Rusiyanın İsrail–İran müharibəsində vasitəçilik təşəbbüsünə birmənalı şəkildə qarşılamaq doğru olmaz :

“Nəzərə almaq lazımdır ki, Rusiya özü müharibə şəraitindədir. Dördüncü ildir ki, Ukrayna ilə savaş aparır və hələ də sülh danışıqlarına oturmayan bir dövlətdir. Bu səbəbdən Rusiyanın İran–İsrail münaqişəsində effektiv vasitəçi olub-ola bilməyəcəyi sual altındadır.

Lakin bu reallığı da qəbul etməliyik ki, İran–İsrail qarşıdurması Rusiya üçün də strateji əhəmiyyət daşıyır. Çünki regionda baş verən istənilən hadisə, xüsusilə də hərbi münaqişələr, birbaşa və ya dolayı yolla Rusiyaya da təsir edir. İran və Rusiya arasında müxtəlif sahələrdə – həm hərbi, həm iqtisadi, həm də siyasi istiqamətdə qarşılıqlı tərəfdaşlıq mövcuddur. Hər iki ölkə də Qərb sanksiyalarının təzyiqi altındadır və bu onları bir-birinə daha da yaxınlaşdırır.

Bu gün hər iki ölkə dolayısı ilə müharibə vəziyyətindədir. İranın da regionda hərbi prosesə cəlb olunması hər birimizi narahat etməlidir. Çünki bu regionda başlayan hər bir münaqişə, istənilən dövləti, o cümlədən Azərbaycanı da öz içinə çəkə bilər. İranın Azərbaycanla münasibətləri tarixən gərgin olub. Eyni zamanda Azərbaycanın İsraillə olan əlaqələri də İran üçün təhdid kimi dəyərləndirilir”.

Ramiyə Məmmədova

Həmçinin oxuyun:

Xəzər dənizi və Qafqaz ABŞ-ın nəzarətinə keçə bilər – Rusiya üçün “qiyamət günü”

Politoloqun sözlərinə görə, İranın Türkiyəyə yönəlik ritorikası və NATO ölkəsi olan Türkiyəyə qarşı səsləndirdiyi iddialar təhlükəli məqamların artdığını göstərir:

“İran iddia edir ki, onun əraziləri Türkiyə və NATO tərəfindən izlənilir, bu məlumatlar isə İsrailə ötürülür. Bu isə vəziyyətin daha da gərginləşməsinə səbəb olur.

İsrailin bu hücumlara başlaması isə əsasən ABŞ-ın dəstəyinə söykənir. ABŞ hər nə qədər bunu açıq şəkildə dilə gətirməsə də, İsrailin hazırkı siyasi rəhbərliyini dolayısı ilə dəstəklədiyi görünür. İranın Fələstin olmadığını, yəni zəif və müdafiəsiz bir dövlət olmadığını da unutmamalıyıq. İran böyük və güclü bir dövlətdir. Onun cavab tədbirləri də daha sərt ola bilər. İranın arxasında, Fələstindən fərqli olaraq, güclü tərəfdaşlar var – Çin, Rusiya və başqa ölkələr.

Çin, İranla enerji, infrastruktur və digər strateji sahələrdə sıx əməkdaşlıq edir. Bu ölkə İranın zəifləməsinə imkan vermək istəmir. Eyni şey Rusiyaya da aiddir. İsrail bunları nəzərə almalıdır. Rusiyanın bu müharibəyə sakitlik gətirməyə çalışması da məhz bu səbəbdəndir. Dünya miqyasında yeni bir genişmiqyaslı müharibənin qarşısını almaq məqsədi daşıyır.

Lakin burada bir paradoks da var: Rusiyanın özü də müharibə aparan bir dövlətdir. Belə bir ölkənin başqasına sülh təklif etməsi inandırıcı görünməyə bilər. İran bu təklifləri nə qədər ciddiyə alacaq, bu da sual altındadır.

İsrailin bugünkü lideri isə daxili siyasi mövqeyini gücləndirmək üçün regionda gərginliyi artırmağa çalışır. Onun bu yanaşması isə digər dövlətləri də, istər-istəməz, münaqişəyə sürükləyə bilər. Beləliklə, qarşıda duran əsas təhlükə bölgə müharibəsinin qlobal savaş səviyyəsinə keçə bilmə ehtimalıdır”.

Safura Bənnayeva

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
globalinfo.az

1Mənbələr