AZ

Yorgensen: Rusiya enerji mənbələrindən imtina ilə bağlı “yol xəritəsi” sabah təqdim olunacaq

İyunun 17-də Strasburqda Rusiyanın enerji resurslarının idxalını tamamilə qadağan edən qanunvericilik təşəbbüsü təqdim olunacaq, bu, Avropa İttifaqına Rusiyadan idxaldan, ilk növbədə qazdan asılılıqdan çıxmağa imkan verəcək “yol xəritəsi” adlanır.

"Report"un Avropa Bürosu xəbər verir ki, bunu Aİ-nin enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensen qurumun enerji məsələləri üzrə Şurasının Lüksemburqda keçirilən iclasının yekunları üzrə Polşanın iqlim və ətraf mühit naziri Paulina Henniq-Kloska ilə birgə mətbuat konfransında bildirib.

"Mən çox şadam ki, nazirlər yol xəritəsinin məqsədini dəstəkləməkdə bütövlükdə çox müsbət və qətiyyətli idilər. Bu, nəhayət, bizi Rusiya enerjisindən azad olmağa aparacaq. Birincisi, biz daha Vladimir Putinin enerjidən bizə qarşı silah kimi istifadə etməsinə icazə verməyəcəyik, ikincisi, üzv dövlətlərin Rusiya tərəfindən şantaj edilməsinə və dolayı yolla müharibəni maliyyələşdirməyə davam etməsinə icazə verməyəcəyik", - Yorgensen deyib.

Jurnalistlərin suallarına cavab olaraq o qeyd edib ki, bununla bağlı Aİ-yə üzv ölkələr üçün heç bir maliyyə yardımı paketi nəzərdə tutulmayıb, lakin Komissiya texniki yardım göstərməyə və tədarükün diversifikasiyasını təşviq etməyə hazırdır. O, təklif olunan addımların Aİ-nin enerji təchizatının, ilk növbədə təbii qazın təhlükəsizliyinə xələl gətirməyəcəyinə əminliyini ifadə edib.

“Dünya bazarlarında gözlənilən LNG tədarükü ilə müqayisədə bəhs etdiyimiz qazın həcminə nəzər salsaq, əminik ki, biz bunu qiymətlərə ciddi təsir etmədən edə bilərik”, - Yorgensen vurğulayıb.

Yaxın Şərqdəki son eskalasiya və bunun Rusiyanın enerji resurslarından imtina qərarına necə təsir edə biləcəyi barədə danışan Avropa komissarı vəziyyətin Komissiya tərəfindən diqqətlə izləndiyini söyləyib.

Yorgensen əlavə edib ki, söhbət sanksiyalardan yox, qadağadan, yəni Rusiyanın enerji təchizatından asılılıqdan çıxmaq və öz təhlükəsizliyimizi gücləndirmək üçün uzunmüddətli planlardan getdiyinə görə, Ukraynada nizamlanmadan sonra belə, Aİ Rusiya qazının idxalını bərpa etməyəcək.

“Təkliflərimiz qəbul olunarsa o zaman bu, təkcə qısa müddətdə deyil, həm də uzunmüddətli perspektivdə təsirli olacaq”, - deyə o, yekunlaşdırıb.

Seçilən
20
1
report.az

2Mənbələr