BAKI, 16 iyun. TELEQRAF
"İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası (AZİZ) yanında Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Yeganə xanım, hazırda İsraildə vəziyyət necədir?
- Bu gün biz yaşadığımız ərazidə nisbətən sakitlikdir. Amma mərkəzi bölgələrdə iki dəfə həyəcan siqnalı verilib. Gərginlik davam edir.
- Siz hansı şəhərdə yaşayırsınız və həmin şəhər İran tərəfindən raket atəşinə tutulurmu?
- Biz Afolada yaşayırıq, bu, İsrailin şimalında yerləşir. Hələ şəhərimizə bomba və ya raket düşməyib. Amma göydə raketləri və təyyarələri görürük. Şəhərimizdə tez-tez həyəcan siqnalları eşidilir. Bu, əsasən gecələr olur, gündüzlər isə nisbətən sakitlikdir. Çünki İran tərəfi adətən gecələr atəş açır. İnsanlar panika içindədir, amma hamı situasiya eyni səviyyədə yaşamır. Bəziləri çox təşvişə düşür, bəziləri isə deyir ki, nəhayət, bu təhlükəyə son qoyulmalıdır. 50 ildir İran bizi hədələyir. "Artıq bəsdir" deyənlər də var. Təşvişə düşənlərə dövlət dəstək olur, psixoloji yardım göstərilir. Onlar xəstəxanalara aparılırlar. Həyəcan siqnalını eşidəndə dərhal sığınacağa gedirik. Sığınacaq evimizə çox yaxındır. Bizim şəxsi həyət evimiz var, amma evin içində ayrıca sığınacaq tikdirməmişik. Siqnal verildikdən sonra sığınacağa getmək üçün cəmi bir dəqiqə vaxt olur. Əvvəllər İsraildə olan müharibələrdə atılan raketlər 5 dəqiqəyə çata bilirdi. Amma indi İrandan gələn raketlər bir saata yaxın vaxt alır. Yarım saat və ya 15 dəqiqə əvvəlcədən xəbərdarlıq gəlir və bu müddət sığınacağa getməyə kifayət edir. Hər gecə iki-üç dəfə sığınacağa gedirik. Bu gecə iki dəfə getmişik. Bu gün nisbətən sakit keçdi və yata bildik
- Xəbərdarlıq sistemləri işə düşən zaman nə edirsiniz? Sığınacaqlarda nə qədər adam olur?
- Sığınacaqlara hamı gedir. Bizim küçədə isə hər evin və məhəllənin öz sığınacağı var. Bizim sığınacağa hər gecə təxminən 30-35 nəfər gəlir. Kiçik yaşlı uşaqları olanlar sığınacaqda gecələyirlər, çünki uşaqla bir neçə dəfə ora gedib-gəlmək çətindir. Sığınacaqda bütün şərait var, çarşaflar, yemək, kondisioner, stol-stullar və hətta kitabxana da var. Sanki adi ev kimidir, sadəcə böyük zal şəklindədir.
- Sığınacaqlarda şəraitə rəğmən dediniz insanlar arasında təşviş var...
- Bəli, insanlar arasında panika var, amma bizim tərəfdə o qədər hiss olunmur. Mən Azərbaycan icması ilə əlaqə saxlayıram. Mərkəzdə və raketlərin düşdüyü ərazilərdə daha çox təşviş yaşanır. Çünki bu raketlər ballistik raketlərdir. Deyirlər ki, düşdüyü zaman çoxmərtəbəli binaları tamamilə dağıda bilir. Bu səbəbdən həm evlərdə olanlar, həm də küçədəki insanlar təşviş içindədirlər. Raketlərin sayı çox olsa da, əhali sığınacaqlara vaxtında getdiyinə görə itkilər az olur. Təxminən 90-95% insan siqnal zamanı sığınacağa keçir.
- Azərbaycanlılar arasında yaralanan və ya ölən varmı?
- Xeyr, ölən yoxdur. Yaralanan haqqında da məlumat eşitməmişəm. Amma evləri dağılanlar var. Həmin insanları dövlət otellərə yerləşdirir. Dövlət heç kimi evsiz qoymaz.
- Azərbaycanlılarla əlaqə saxlaya bilirsinizmi?
- Əlbəttə, əlaqə saxlayırıq. Bizim Votsap və Feysbukda çoxlu qruplarımız var. Zəngləşirik, əlaqə saxlayırıq. Kimin sualı varsa, mənə və ya səfirliyə müraciət edir. Çünki bir çox turist İsraildən kənarda qalıb. Onlar soruşurlar ki, İsrailə necə qayıda bilərlər. Çoxları müharibə vaxtı ölkəyə dönmək istəyir. Amma bu, asan deyil. Hazırda hava limanı bağlıdır. Yalnız İordaniya və Misir vasitəsilə giriş mümkündür, amma bu da təhlükəlidir.
- İsraildə turist olan azərbaycanlılar varmı? Sayları barədə məlumatınız varmı?
- Sayı dəqiq bilmirəm, amma turistlər var. Biz onlara kömək edirik. Otellər çox bahadır, ona görə mümkün qədər onları evlərə yerləşdiririk, ya pulsuz, ya da ucuz qiymətlərlə.
- Ərzaq və digər zəruri məhsullara ehtiyac varmı?
- Xeyr, ehtiyac yoxdur. Həyəcan siqnallarından başqa ciddi narahatlıq yoxdur. Bütün mağazalar işləyir. Ərzaq qıtlığı yoxdur. Ümumilikdə insanlara işə getməmək tövsiyə edilir. Sığınacaqlara yaxın ərazilərdə şəxsi biznes sahibləri fəaliyyət göstərir. Sığınacaq olmayan bölgələrdə isə insanlara işə getməmək məsləhət görülür. Hökumət heç kimdən işləməsini tələb etmir, əksinə, təhlükəyə görə evdə qalmağı məsləhət görür. Hazırda yalnız xəstəxanalar, poliklinikalar, apteklər və ərzaq mağazaları fəaliyyət göstərir.
- Dövlət xalqa hansı dəstəyi göstərir?
- Yaşlılar, fiziki məhdudiyyətli şəxslər üçün könüllülər fəaliyyət göstərir. 24 saat bütün məlumat kanalları işləyir. Hər kəsin telefonuna xəbərdarlıq mesajları gəlir: nə vaxt sığınacağa getmək, nə vaxt çıxmaq olar - hamısı barədə məlumat verilir. Bu sistem çox yaxşı işləyir və insanlar nə etməli olduqlarını bilirlər.
- Nə vaxtdan İsraildə yaşayırsınız?
- 1991-ci ildən, yəni 34 ildir ki, İsraildə yaşayıram.
- Övladlarınız da sizinlə birgə yaşayırmı?
- Oğlum ailəsi ilə birlikdə Nyu-Yorkda yaşayır. Qızım isə Tel-Əvivdədir. Hazırda yollar təhlükəli olduğu üçün getmək tövsiyə olunmur. Telefonla əlaqə saxlayırıq. Qızımın evində sığınacaq var və gecələr sığınacaqda yatırlar.
- Əvvələr də belə hallar baş veribmi?
- Bəli, burada 5-6 müharibə görmüşəm. Amma bu qədər gərginlik olmamışdı. İndi raketlər çox atılır, dağıntı və itkilər də var. Bu gün müharibənin 4-cü günüdür. Təxminən 20-yə yaxın ölən var.
- Son olaraq nə demək istərsiniz?
- Mən isə bir arzumu bölüşmək istəyirəm - dünyada müharibələr bitsin, sülh olsun. Bu da bizim həyatımızdır.