AZ

İsrail-İran müharibəsi rəsmi səviyyəyə keçir? - Azərbaycana necə təsir edəcək? 

“İsrail ilə İran arasında hərbi toqquşma iyunun 13-də baş verən hücumdan əvvəl də baş verib. İsraillə İran HƏMAS vasitəsilə Qəzzada, Hizbullah vasitəsilə Livanda, Bəşər Əsəd vasitəsilə isə Suriyada toqquşublar. Eləcə də İraqda da, Yəməndə də, yəni Yaxın Şərqdə onlar daha əvvəl üz-üzə gəliblər”.


Bu sözləri Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan “Referans”-a açıqlamasında deyib.




“Son zamanlar isə tərəflər bir-birini hərbi ritorika ilə təhdid edirdi. İran hakimiyyəti iddialı danışırdı, bildirirdi ki, nüvə silahı əldə etməyin bir addımlığındadır, uranı 60-90 faizə qədər zənginləşdirməyə imkanlarının olduğunu, hətta bəziləri artıq bunu etdiklərini bildirirdilər. Ona görə də İsrail-İran arasında müharibənin baş verməsi deyil, fasilə verilmiş bu müharibənin yenidən bərpa olması aktualdır. Təbii ki, Azərbaycan İranın qonşusudur, eləcə də İranda 30 milyondan çox Azərbaycan türkü var. İsrailin atdığı bombalardan və raketlərdən bir neçəsi Təbriz şəhərinə düşüb. Bəzi informasiyalara görə, raketlər Təbrizdə neft emalı zavoduna, biri SEPAH-ın qərargahına, digəri isə insanların yaşadıqları əraziyə düşüb. Yəni bu o deməkdir ki, Təbriz İran hakimiyyətinin ucbatından raket atəşinə məruz qalıb və Güney Azərbaycan türkü də bu müharibədə ziyan görə bilər. Bu baxımdan İsrailin İrana hücumu Azərbaycanın ziyanınadır. Azərbaycan ictimaiyyəti İran hakimiyyətinin yanlış siyasəti ucbatından Güney Azərbaycan türklərinin qurban getməsini istəmir və arzulamır”.


Politoloq bildirib ki, digər tərəfdən Azərbaycan Respublikası İranla qonşudur və qonşuda istənilən gərginlik Azərbaycan üçün də ictimai, mədəni, iqtisadi, hərbi, siyasi istiqamətlərdə narahatlıq yarada bilər.


“Toqquşmalar genişmiqyaslı müharibə halını alarsa, yəni yerüstü, quru, hava, su əməliyyatları İrana qarşı keçirilərsə, bu, problem daha da böyüyə bilər. Bundan Güney Azərbaycan, Türkiyə, eləcə də Azərbaycan Respublikasına daha ciddi problemlər yarana bilər. İlk növbədə Güney Azərbaycan türklərini qaçqınlıq və insan itkisi məsələsi ortaya çıxa bilər. Hesab edirəm ki, Azərbaycan bu məsələdə daha çox tərəfsiz mövqe tutmaqla həm də İran hakimiyyətinin beynəlxalq ictimaiyyətin tələblərinə uyması tərəfdarıdır. Beynəlxalq ictimaiyyət İranı nüvə silahı istehsal etməməyə, terrorla regionu və dünyanı təhdid etməməyə, regionda təhlükəsizliyi təhdid etməməyə, İslam dünyasında parçalanma yaratmamağa və s. təşəbbüslərə çağırır. Müharibə baş verərsə, bunun əsasında Tehran hakimiyyətinin iddiaları, hikkəsi dayanır və bu hikkə hakimiyyətin özünü məhv edə bilər. Sirkə nə qədər tünd olsa, öz qabını sındırar”.

 

Fidan Vəlisoy 

Seçilən
32
referans.az

1Mənbələr