Milli Məclisin deputatı Arzu Nağıyev News365.az-a açıqlamasında İsrailin son hücumları və bölgədə yaranan vəziyyətə münasibət bildirib.
Deputat qeyd edib ki, İsrail tərəfi qarşısına konkret məqsəd qoymuşdu – İranın dörd əsas nüvə obyektini – Natanz, Fordo, Arak və Parçini vurmaq. Onun sözlərinə görə, bu obyektlər həm hazırda, həm də gələcəkdə nüvə silahlarının istehsalı ilə bağlı əsas mərkəzlərdir.
“Artıq mülki əhaliyə ciddi ziyanlar dəyib. Kütləvi informasiya vasitələrində həm İran, həm də İsrail tərəfinin itkiləri ilə bağlı məlumatlar yayılır. İsrail tərəfi də hücumlara görə narahatdır və İranın raket zərbələri ilə cavab verə biləcəyindən ehtiyatlanır”, – deyə Nağıyev bildirib.
O əlavə edib ki, İsrailin əsas narahatlıqlarından biri İranın 2000 km məsafəni vura bilən Şahab tipli ballistik raketləridir. Onun fikrincə, vəziyyət son dərəcə gərgindir və münaqişənin dərinləşməsi region üçün fəlakətli nəticələr doğura bilər.
Deputat hesab edir ki, yaranmış vəziyyətdə humanitar addımlar atılmalı, beynəlxalq təşkilatlar, o cümlədən BMT təcili diplomatik mexanizmləri işə salmalıdır.
“Düşünürəm ki, Azərbaycan da vasitəçilik missiyası ilə bu prosesdə rol ala bilər. Artıq bu barədə müəyyən fikirlər və təkliflər də səsləndirilib”, – Arzu Nağıyev vurğulayıb.