Milli Məclisin deputatı Cavanşir Feyziyev Yaxın Şərqdəki müharibələrin regional təsirlərindən danışıb.
O, News365.az-a açıqlamasında bildirib ki, hər bir müharibə baş verdiyi bölgədəki bütün ölkələrə birbaşa və dolayı təsirlər göstərir.
Deputatın sözlərinə görə, İran və Azərbaycan arasında keçirilməsi planlaşdırılan iqtisadi tədbirlərin, o cümlədən biznes forumlarının təxirə salınması da bu təsirlərin bir nümunəsidir:
"Bu, sadəcə bir tədbir kimi görünə bilər, lakin hər bir ölkənin gündəlik həyatı digər dövlətlərlə olan idxal-ixrac əməliyyatları, səfərlər və nəqliyyat-kommunikasiya əlaqələri ilə sıx bağlıdır. Azərbaycan və İran arasındakı ticari əlaqələr də bu proseslərdən zədələnir."
Cavanşir Feyziyev qeyd edib ki, İran 80 milyonluq əhalisi olan böyük bir dövlətdir və bu ölkənin xarici ticarət əlaqələrinin davamlılığı olduqca vacibdir:
"Müharibə şəraitində heç bir ölkə bu əlaqələri normal qaydada davam etdirə bilmir. Üstəlik, belə şəraitdə insan tələfatı qaçılmazdır. Hazırkı qarşıdurmalar nəticəsində İranın son 45 il ərzində qurduğu hərbi infrastrukturun ciddi zərər gördüyü görünür."
Deputat əlavə edib ki, İranın illərdir region ölkələrinə verdiyi əsas mesaj ondan ibarət olub ki, bu ölkə kifayət qədər hərbi gücə malikdir. Lakin müharibə şəraiti bu gücün real dayanıqlığını sınağa çəkir