İranın Məşhəd şəhərinin hava limanında İran Hərbi Hava Qüvvələrinə məxsus tanker İsrail hərbçiləri tərəfindən vurulub.
Ölkə.Az xəbər verir ki, Məşhəd İsraildən təxminən 2300 kilometr aralıda, Türkmənistan və Əfqanıstanla sərhədə yaxın ərazidə yerləşir.
Bundan əlavə, İsrail Ordusu Tehrana raket buraxılışı qurğuları daşıyan yük maşınlarına zərbə endirib.
Qeyd edilib ki, bu gün səhər İsrail Hərbi Hava Qüvvələri "Yer-yer" raket qurğuları və digər silahların olduğu yük maşınlarının İranın qərbindən Tehran istiqamətində hərəkətini aşkarlayıb. Həmin hədəflərə zərbə endirilib.
“The Times of Israel” məlumat yayıb ki, İranla davam edən münaqişə fonunda İsrail Ordusunun bölmələrinin bir qismi Qəzza sektorundan çıxarılıb, Misir və İordaniya sərhədinə yerləşdirilib.
Qeyd edilib ki, hazırda Qəzzada İsrail Ordusunun 4 diviziyası, yəni 10 minə qədər hərbçisi var. 98-ci diviziya, elit desant birləşməsi və xüsusi təyinatlı bölmə isə Qəzza sektorundan çıxarılıb.
Bununla belə, İsrail Ordusunun yaydığı bəyanatda bildirilib ki, İranla davam edən münaqişə dövründə də Qəzzada HAMAS silahlılarının zərərsizləşdirilməsi prosesi davam edəcək.
İsrail Ordusunun İordaniya ilə sərhəddə qüvvələri 3 dəfə artırılıb. 98-ci diviziya isə Misirlə sərhədə yerləşdirilib.
Tel-Əviv bildirir ki, İsrail Ordusunun keçirdiyi əməliyyat nəticəsində zərərsizləşdirilən yüksək rütbəli İran hərbçiləri arasında "Qüds" qüvvələrinin Kəşfiyyat İdarəsinin rəhbəri Mohsen Bakri və onun müavini Əbu əl-Fədl Nikuei olublar.
Həmçinin qeyd edilib ki, İsrail Ordusu indiyədək İranın Hərbi Hava Qüvvələrinə məxsus raket sistemlərinin 1/3 hissəsini sıradan çıxarıb.
İranın İsrailə endirdiyi hava zərbələri nəticəsində Təl-Əvivdəki ABŞ səfirliyi zərər görüb.
Bundan əlavə, İran tərəfindən atılan raket İsrailin Hayfa şəhərindəki elektrik stansiyasına düşüb.
Yəməndən də İsrailə ballistik raketin atıldığı bildirilir.
Pakistan İranla ortaq sərhədini tamamilə bağladığını elan edib. Məlumata görə, bu, müharibədən qaçan iranlı izdihamının Pakistan ərazisinə soxulmasından sonra baş verib.
Tasnim xəbər verir ki, İranda İsrailə dəstək verdiyi üçün onlarla insan həbs edilib.
İsfahan kiber polisinin rəhbəri internetdə qeyri-sabitliyə səbəb ola biləcək məlumat yayan 60 nəfərin müəyyən edildiyini açıqlayıb. Bu adamlar şayiələr səpməklə, İsraili dəstəkləyən materiallar dərc etməklə məşğul olublar.