Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Latviya parlamentinin rus əsilli deputatı Aleksey Roslikov həbs edilib.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Latviya hakimiyyəti Roslikovun parlamentdə rus dili ilə bağlı təxribatçı çıxışına dair araşdırma aparılmasına qərar verib. “Sabitlik” Partiyasının lideri olan Aleksey Roslikovun saxlanılması barədə sosial şəbəkələrdə onun partiya yoldaşları Svetlana Çulkova və İqor Yudin məlumat yayıb.
Çulkova bildirib ki, Roslikov vəkili ilə birgə Latviya Dövlət Təhlükəsizlik Xidmətindədir(DTX).
DTX Roslikovu etnik ədavət və nifaq salmaqda, habelə “işğalçı dövlət olan Rusiyaya Latviyaya qarşı hərəkətlərində yardım etməkdə” şübhəli bilir. Buna onun parlamentdə “Ruslaşdırmanın nəticələrinin aradan qaldırılması haqqında Bəyannamə”nin müzakirəsi zamanı çıxışı səbəb olub. Sənəd Latviyada rus dilindən istifadənin məhdudlaşdırılması planının hazırlanmasını təklif edir.
Latviya dilində çıxış edən Roslikov bu layihəni tənqid edib. O, kürsüdən çıxış edərək rusdilli əhalinin də “ölkənin inkişafında iştirak etdiyini” deyib. Lakin Roslikov sonda nitqini parlamentarilərə qarşı tərbiyəsiz jestlə və rus dilində bir cümlə ilə bitirib: “Biz daha çoxuq, rus dili də bizim dilimizdir”.
Nəticədə deputat iclasdan kənarlaşdırılıb. Dövlət Təhlükəsizliyi Xidməti bəyan edib ki, onlar Roslikovla artıq bir neçə dəfə ictimai çıxışları ilə bağlı “profilaktik söhbətlər” aparıb, ona məsuliyyət daşıdığı barədə xəbərdarlıq ediblər. Lakin göründüyü kimi, Rusiyaya arxayın olan deputat “sözdən anlamayıb”.
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.